Əsas Səhifə > Güney Press > “BBC Azərbaycan”ın COP29 öncəsi etdiyi bu sorğu isə açıq qərəz və təxribatdır

“BBC Azərbaycan”ın COP29 öncəsi etdiyi bu sorğu isə açıq qərəz və təxribatdır


Bu gün, 10:51
“BBC Azərbaycan”ın COP29 öncəsi etdiyi bu sorğu isə açıq qərəz və təxribatdır
Böyük Britaniyanın nüfuzlu media orqanı BBC-nin Azərbaycan şöbəsi cənub zonasında yaşayan talışlar arasında sorğu keçirib və sakinlərə təxribatçı suallar ünvanlanıb. Sorğu zamanı vətəndaşlara “talış dilində danışa bilirsiniz?”, “övladlarınız talış dilində təhsil ala bilirlər?” kimi suallar verilib. “BBC Azərbaycan”ın bu sorğunu COP29-dan əvvəl yayımlaması diqqət çəkir. Verilən suallar və talışlardan “gözlənilən” cavablar sorğunun qərəzli və təxribat xarakterli olduğunu deməyə əsas verir. Sorğuda iştirak edən vətəndaşlar kifayət qədər səmimi və real cavablar verirlər. Ən diqqətçəkən cavab isə süjetin başlığı kimi təqdim edilən "talış dili mənim ana dilim, Azərbaycan türkcəsi isə dövlət dilimdir" ifadəsidir. Talışların cavabı BBC-yə şillə kimi təsir edib. Çünki dəfələrlə qeyd olunduğu kimi, Azərbaycan multikultural ölkədir və burada heç bir etnik azlığa qarşı ayrı-seçkilik edilməyib. Əksinə, bütün etnik azlıqların mədəniyyəti vahid Azərbaycan mədəniyyətinin bir parçası hesab edilir. Bunun ən real göstəricisi Şuşa şəhərində keçirilən “Xarıbülbül” festivalında Azərbaycanda yaşayan bütün etnik azlıqların folklor və mədəniyyətinin nümayiş etdirilməsidir.

Politoloq Turan Rzayev deyib ki, talış xalqı da Azərbaycanın bir parçası, hətta aborigen etnoslarındadır. İstər Birinci Qarabağ müharibəsi, istər 44 günlük müharibə zamanı talış əsilli Azərbaycan vətəndaşları şəhid, qazi olub. Lakin görünən odur ki, Qərbdən təlimat alan dairələr Azərbaycanda yaşayan xalqları separatçı ermənilərlə səhv salır:

"Bu səhv özünü BBC-nin soğrusunda olduğu kimi göstərib. "BBC Azərbaycan"ın COP29 öncəsi talışlar arasında apardığı sorğu prinsip etibarilə “Vaşinqton Post” qəzetində növbəti anti-Azərbaycan xarakterli məqalə, 60-a yaxın amerikalı konqresmen və senatorun ABŞ hökumətinin Azərbaycana sanksiya tətbiq etməsi üçün Dövlət Departamentinə müraciət etməsi ilə eyni məntiq və məqsədlidir. COP29 tədbirini gözdən sala bilməyən dairələr indi də “Azərbaycanda talışlara qarşı etnik diskriminasiya edilir” təəssüratı yaratmaq istəyir. Əslində talışları bu və ya başqa formada ayağa qaldırıb ölkə daxilində sabitliyi pozmaq planı hər zaman olub. Məsələn, bu ilin mart ayında İranın Rəşt şəhərində İslam Azad Universitetində “Talış-İran mədəniyyəti və tarixinin aynasında” adlı konfrans keçirilib. Konfrans İranın Azərbaycanda etnik azlıqları, xüsusilə də talışları ayaqlandırmaq, onlara dini radikal ideologiya ilə yanaşı separatçı fikirlər aşılamaq məqsədi daşıyırdı. Həmin konfransın əsas məruzəçi qismində çıxış edən Boris Talışinski özünü qondarma “talış muğan respublikası mühacir hökumətinin prezidenti” kimi təqdim edir".

T.Rzayev qeyd edib ki, “BBC Azərbaycan”ın sorğusunda iştirak edən vətəndaşlarımızın cavabları Azərbaycanda talışlar və digər etnik azlıqların vəziyyətinin real göstəricisidir: "Müqayisə üçün deyim ki, bu gün Azərbaycanla yanaşı İranda da talışlar yaşayır. Hətta talışların sayı İranda daha çoxdur. Lakin BBC İranda belə sorğu keçirsə, inanıram, cavablar belə səmimi və real olmayacaq. Çünki İranda yaşayan talışlar ana dillərində təhsil almağı bir yana, danışmaqda belə sərbəst deyillər. Ümumiyyətlə, kürdlər, azərbaycanlılar, ərəblər, bəluclarla müqayisədə İranda talışların sayı az olduğu üçün onları bir xalq, etnos olaraq saymırlar. Lakin bu faktlar dilə gətirilmir. Nəticə etibarilə xalqın gözü tərəzi, sözü isə həqiqətdir. “BBC Azərbaycan”ın COP29 öncəsi etdiyi bu sorğu isə açıq qərəz və təxribatdır!".

VİDEO: https://www.youtube.com/shorts/6H2ZOVywa14
Geri qayıt