Əsas Səhifə > Güney Press > İrəvanın “erməni soyqırımı”ndan imtinasının

İrəvanın “erməni soyqırımı”ndan imtinasının


Bu gün, 15:06
İrəvanın “erməni soyqırımı”ndan imtinasının
“Erməni soyqırımı” iddiası artıq tarixə qovuşur.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə son çıxışı zamana bəyan edib ki, bundan sonra “erməni soyqırımı” Ermənistanın xarici siyasətində prioritet təşkil etməyəcək:

"Erməni soyqırımı"nın tanınması məsələsi Ermənistanın xarici siyasət gündəmində prioritet deyil. Bu, xarici siyasət və diplomatiya məsələsi deyil”.

Bu, o deməkdir ki, “erməni soyqırımı” məsələsi artıq tarixə qovuşur və İrəvan reallığı dərk edərək Türkiyə ilə siyasi, iqtisadi, diplomatik münasibətlər qurmaq istiqamətində addımlar atmaq niyyətindədir.

Bunun məntiqi nəticəsi olaraq Ermənistan konstitusiya dəyişikliklərinə gedə və “soyqırımı” ilə bağlı müddəaları ləğv edə bilər?

Məsələ ilə bağlı politoloq Oqtay Qasımov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ararat Mirzoyanın bəyanatı İrəvanın Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyinə hesablanıb:

“Amma bu, o demək deyil ki, “erməni soyqırımı” məsələsi Ermənistanın siyasətindən çıxarılacaq. Ermənistan müstəqilliyini elan etdikdən bəri onun konstitusiyasında “soyqırımı” ilə bağlı müddəalar qeyd olunub. “Soyqırımı” Ermənistanın xarici siyasətində əsas prioritetlərdən biri hesab olunur. Son otuz il müddətində İrəvan bu istiqamətdə müəyyən nəticələr əldə edib.

Dünyanın bəzi ölkələri tarixi reallığı nəzərə almadan “erməni soyqırımı”nı tanıyıb. Ancaq artıq İrəvanda anlayıblar ki, bu cür tanınmalar Ermənistana heç bir fayda verməyib. Otuz il müddətində Ermənistan hakimiyyətinə nəzarət edən siyasi qüvvələr “erməni soyqırımı” vasitəsilə öz maksimalist istəklərini həyata keçirmək niyyəti güdüblər.

Yəni, İrəvan istəyirdi ki, beynəlxalq ictimaiyyət Türkiyəni “soyqırımı”na görə üzür istəməyə və Ermənistana təzminat ödəməyə məcbur etsin. Həmçinin Birinci Dünya müharibəsindən sonra Qərbin imperialist gücləri tərəfindən tətbiq olunan və Osmanlının məcburi şəkildə imzaladığı Sevr müqaviləsinə uyğun Türkiyədən ərazilər qopaqmaq niyyətləri var idi. Amma onlar bu istəklərinin heç birinə nail ola bilmədilər”.

Ekspert deyib ki, indiki hakimiyyət Ermənistanın Avropaya inteqrasiyası üçün ilkin olaraq Türkiyə ilə sərhədlərin açılmalı olduğunu yaxşı başa düşür:

“Çox yaxşı anlayıblar ki, İrəvan bir çox məsələdə Türkiyəyə möhtacdır. Bununla yanaşı, Gürcüstanda son seçkilərin nəticələri Ermənistanın və Qərb ölkələrinin maraqlarına uyğun olmadı. Bu da Ermənistan üçün ciddi sıxıntı deməkdir. Bu baxımdan, Mirzoyanın bu cür bəyanat səsləndirməsi təsadüfü deyil. Onlar bu cür bəyanatlarla guya Türkiyə ilə münasibətlərin normallaşmasına konstruktiv yanaşma sərgilədiklərini göstərmək istəyirlər.

Əslində isə onlar bu cür mexanizmlərə baş vurmaqla Azərbaycan-Türkiyə münasibətlərində problemlər yaratmağa çalışırlar. Eyni zamanda, Ermənistan rəsmiləri bununla demək istəyirlər ki, guya Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması Azərbaycan-Ermənistan sülh prosesindən asılı deyil”.

Həmsöhbətimizin fikrincə, Ermənistanda müəyyən qüvvələr artıq reallığı dərk edirlər:

“Amma erməni ictimaiyyətinin əhəmiyyətli hissəsi illüziyalarla yaşamaqda davam edir”.

Geri qayıt