Əsas Səhifə > Güney Press > Tərtər öz şəhidini BELƏ UĞURLADI...
Tərtər öz şəhidini BELƏ UĞURLADI...Bu gün, 17:51 |
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Mustafayev Möhübbət Qənimət oğlu Tərtər rayonunda dəfn edilib. Şəhidin qarşılanma mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hüquq mahafizə orqanlarının rəhbərləri, dövlət qulluqçuları, şəhər sakinləri, şəhidin ailə üzvləri, qazilər, idarə, müəssisə və təşkilatlarının kollektivləri, İctimai Birlik rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət işçıləri, KİV-nin nümayəndələri, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər. Şəhidlər Abidə Kompleksində şəhidlə vida mərasimi keçirilib. Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidin ruhuna dualar oxuyub. Vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadətdən danışaraq qazanılan tarixi qələbə ilə şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb. Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Seydimli kənd qəbiristanlığında torpağa tapşırılıb, dualar oxunub. Dəfn zamanı yaylım atəşi açılıb. Qeyd edək ki, Mustafayev Möhübbət Qənimət oğlu 11 mart 1974-cü il tarixdə Kəlbəcər rayonunun İstisu qəsəbəsində anadan olub, 27 mart 1993-cü il tarixdə-19 yaşında Kəlbəcər rayonunun Bağırsaq kəndində gedən döyüşlərdə itkin düşüb. Şəhid yaylım atəşinin və hərbi orkestirin müşayiəti ilə anasının məzarı yanında dəfn olunub. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları səsləndirilib, şəhidin ruhuna dualar oxunub. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. "DİA-AZ" Geri qayıt |