Əsas Səhifə > Güney Press > DİN qadın namizədlərin xidmətə qəbulu üçün müsabiqə elan edib

DİN qadın namizədlərin xidmətə qəbulu üçün müsabiqə elan edib


Bu gün, 12:31
DİN qadın namizədlərin xidmətə qəbulu üçün müsabiqə elan edib
Daxili İşlər Nazirliyi DİN-in aparatında və Bakı şəhərində yerləşən müvafiq qurumlarda, eləcə də Şuşa, Salyan, Masallı, Lənkəran və Kürdəmir “ASAN xidmət” mərkəzlərində Nazirliyin göstərdiyi xidmətlər üzrə vakant olan sıravi və kiçik rəis heyəti (operator) vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Bu barədə "DİA-AZ"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirlib ki, müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, Bakı şəhərində və yuxarıda qeyd olunan rayonlarda yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıqları və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüterdə işləmək bacarıqları olan, məsuliyyətli, diqqətli, ən azı xarici dillərdən birini sərbəst bilən və ailəli şəxslərə üstünlük veriləcəkdir.
Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə veriləcək və qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2024-cü ilin oktyabr ayının 21-dən noyabr ayının 10-dək Daxili İşlər Nazirliyinin internet saytında /www.mia.gov.az/ yerləşdirilmiş elektron ərizə formasını və anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Baş Kadrlar İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.




Geri qayıt