Əsas Səhifə > Güney Press > "Azərbaycana qarşı böhtan kampaniyası aparanlar unutmasınlar ki..."
"Azərbaycana qarşı böhtan kampaniyası aparanlar unutmasınlar ki..."Bu gün, 17:34 |
"Bir neçə gündən sonra Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Bu tədbir bu günə qədər ölkəmizdə keçirilən ən mötəbər tədbirdir. Xüsusən, Vətən müharibəsində qazanılan parlaq Zəfərdən sonra belə bir mötəbər tədbirin beynəlxalq birliyin yekdil qərarı ilə ölkəmizdə keçirilməsi olduqca mühüm məqamdır". Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı bildirib. Deputat deyib ki, Azərbaycan dayanıqlı və davamlı inkişafı, əldə etdiyi tarixi uğurları, beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi ilə bu gün dünyanın diqqət mərkəzindədir: “Həmçinin ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələr bu gün Avropanın enerji xəritəsini yenidən tərtib edib. Bununla paralel olaraq, Azərbaycan özünün “yaşıl enerji” gündəliyini formalaşdırıb və bu istiqamətdə tərəfdaşları ilə birgə fəal iş aparır. Elə bu səbəblərdəndir ki, bəşəriyyəti düşündürən məsələlərin müzakirə ediləcəyi ən mühüm tədbirlərdən olan COP29 məhz ölkəmizdə keçiriləcək. Lakin təəssüflər olsun ki, Azərbaycanda keçirilən mötəbər tədbirlər öncəsi ənənəvi olaraq təşkil edilən qarayaxma, böhtan kampaniyasına bu dəfə də şahidlik edirik. Ölkəmizin əldə etdiyi uğurları, həyata keçirdiyi müstəqil xarici siyasəti gözü götürməyən bəzi dairələr müxtəlif bəhanələrlə Azərbaycana qarşı əsassız kampaniya təşkil edirlər”. “Azərbaycan malik olduğu təbii resurslardan səmərəli istifadə edərək özünün parlaq gələcəyini təmin etdi, güclü iqtisadi dayaqlarını formalaşdırdı, nəhəng enerji layihələrini icra etdi. Bizi ittiham edənlər unutmasınlar ki, bu gün Azərbaycanın təbii resursları enerji problemi ilə üz-üzə qalan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir”, - o əlavə edib. Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan COP29-un ən yüksək səviyyədə təşkili üçün bütün lazımi işləri görüb: “Ölkəmizə qarşı şər və böhtan kampaniyasını həyata keçirənlər, bu tədbiri boykot etməyə çağırış edənlər unutmasınlar ki, Azərbaycan COP29-a məhz beynəlxalq birliyin yekdil qərarı ilə ev sahibliyi edir. Bu tədbirdə bütün bəşəriyyət üçün olduqca vacib məsələlər müzakirə ediləcək. Deputat deyib: “Ekoloji problemlərin qarşısının alınması bu gün dünyanı narahat edən qlobal məsələdir. Beynəlxalq ictimaiyyətin həmrəyliyi, birgə fəaliyyəti ilə təxirəsalınmaz tədbirlərin görülməsi zəruridir. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik” ili elan olunduğu Azərbaycan dünyamızın bu təhlükədən xilas olması üçün üzərinə düşən öhdəliyi layiqincə icra etməkdədir”. Geri qayıt |