Əsas Səhifə > Güney Press > Paşinyan indi "Tehranın dili" ilə danışır

Paşinyan indi "Tehranın dili" ilə danışır


Dünən, 18:07
Paşinyan indi "Tehranın dili" ilə danışır
Son günlər Ermənistan hakimiyyəti Azərbaycana sülh prosesini sürətləndirəcək əməkdaşlıq təklifləri təqdim edir.

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 24-də BRİCS ölkələrinin XVI sammitində çıxışı zamanı nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin Ermənistan ərazisindən, o cümlədən Azərbaycandan keçməsinin təşkilində maraqlı olduğunu deyib. Paşinyan Azərbaycana sərhəd və gömrük nəzarətinin sadələşdirilmiş prosedurlarını, habelə hər iki ölkənin yurisdiksiyası və suverenliyinə tam hörmət nəzərə alınmaqla əlavə təhlükəsizlik tədbirlərinin təmin olunmasını təklif edib.

Noyabrın 4-də isə həmin təklifi Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan təkrar edib. O, Ermənistanla Gürcüstan arasında idxal-ixrac əməliyyatları zamanı tətbiq edilmiş sadələşdirilmiş prosedurların skan edilmiş formasının Azərbaycanla da istifadəsini mümkün hesab edib.

Eyni zamanda, Ermənistan Azərbaycana sülh müqaviləsinin mətninin tam olaraq razılaşdırılmasını özündə ehtiva edən təkliflər paketi göndərib. Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovannisyan bildirib. Onun sözlərinə görə, rəsmi İrəvan hazırda bu təkliflərə cavab gözləyir.

“Sənəd üzərində iş yekunlaşmadığından təfərrüatları açıqlaya bilmərik. Amma əsas ideya “Sülh kəsişməsi” layihəsinə uyğun yolların açılmasıdır”.

Paruyr Hovannisyan parlamentdə jurnalistlərlə söhbətində ötən gün xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycan tərəfinə komminikasiyaların açılması, o cümlədən sadələşdirilmiş prosedurlar barədə təkliflərlərindən danışarkən belə deyib.

O bildirib ki, digər təkliflər irəli sürülüb. "Burada qeyri-adi elementlər yoxdur və söhbət mümkün qədər kommunikasiyaların açılmasından gedir. Əsas odur ki, təhlükəsizlik baxımından və ya başqa formada üçüncü tərəfin nəzarəti istisna olunsun, Ermənistanın suverenliyi və bu marşrutlar üzərində total nəzarət qorunub saxlanılsın”, - deyə nazir müavini bildirib.

Paruyr Hovannisyan “Azərbaycanla danışıqlarda hansı yeniliklər var?” sualına belə cavab verib: “Son vaxtlar çox intensiv görüşlər olsa da, hələ ki, nəticələr barədə danışa bilmərəm.

Lakin siz də müşahidə etmisiniz ki, bu dövr görüşlər baxımından görünməmiş dərəcədə aktiv olub”.

Göründüyü kimi, xarici işlər naziri sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycana göndərilən təkliflər paketini əvvəlcə açıqlamaq istəməsə də, sonradan bu mövzuda konfedensiallığa ehtiyac görməyib. Ermənistanın Azərbaycana göndərdiyi sənəddə kommunikasiyaların açılması ilə bağlı təkliflər öz əksini tapıb.

Lakin söhbət Zəngəzur dəhlizinin açılmasından getmir.

Ermənistan Azərbaycanın “Sülh kəsişməsi” layihəsinə dəstək verməsini istəyir. Yəni, rəsmi İrəvan dolayısı ilə Azərbaycanın qarşısında şərtlər irəli sürür. Belə ki, bu “təkliflər paketi” Azərbaycanın Zəngəzur dəhlizindən imtina edərək üstünlüyü “Sülh kəsişməsi”nə verməsini, Azərbaycanla Ermənistan arasında, o cümlədən Naxçıvan MR-na və əks istiqamətdə daşınan yüklərə görə sadələşdirilmiş qaydada gömrük rüsumlarının tutulımasını, Ermənistan ərazisindən keçən nəqliyyat-kommunikasiya marşrutlarının təhlükəsizliyinin rəsmi İrəvan tərəfindən təmin olunmasını nəzərdə tutur.

Bu isə Ermənistanın 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndində Zəngəzur dəhlizininin açılmasına dair razılaşmadan çıxması, hətta Azərbaycanı da oxşar addım atmağa təhrik etmək cəhdidir. Yəni, Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin təhlükəsiliyinin Rusiya FTX-nin sərhəd qoşunları tərəfindən həyata keçirilməsinə dair razılaşmanın pozulmasında maraqlıdır.

Lakin indiyə qədər Azərbaycanın Zəngəzur dəhlizinin açılmasını Ermənistandan tələb etməsi Nikol Paşinyan hakimiyyətinə öz məqsədinə çatmağa mane olur. Ona görə də Ermənistan Azərbaycanı bu təxribata çəkmək üçün “Sülh kəsişməsi" layihəsinə razı salmaq və qüvvələr nisbətini öz xeyrinə dəyişmək niyyəti güdür.

Rəsmi İrəvan “Sülh kəsişməsi”ni Zəngəzur dəhlizinə alternativ kimi irəli sürməklə nəqliyyat-kommunikasiya marşrutlarının açılmasına mane olur. Çünki bunlar tamamilə fərqli layihələrdir.

Zəngəzur dəhlizi Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin edilməsini nəzərdə tutur.

Bu marşrut Azərbaycana 1920-ci ildə Zəngəzur vilayətinin qanunsuz olaraq Ermənistana verilməsindən sonra ikiyə bölünmüş ərazisinin digər hissəsi ilə əlaqə saxlamaq üçün lazımdır.

Zəngəzurdan nəqliyyat yollarının açılması ilə bağlı Ermənistan 10 noyabr Bəyanatında konkret öhdəlik götürüb. Lakin Ermənistan bu öhdəliyi yerinə yetirməkdən yayınır.

“Sülh kəsişməsi” isə Ermənistanın region dövlətləri ilə, o cümlədən Azərbaycan, Türkiyə, İran və Gürcüstanla nəqliyyat-kommunikasiya əlaqələrinin qurulmasını nəzərdə tutur. Lakin Zəngəzurdan keçən dəmir yolu və avtomobil yolları açılmasa, digər istiqamətlərdə bu şəbəkənin reallaşmasından danışmaq mümkün deyil.

Belə olan halda Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında əlaqəni təmin etmək mümkün olmayacaq. Çünki Arazdəyən-Arpaçay-İrəvan dəmir yolu xətti vasitəsilə Türkiyəyə çıxış əldə etmək üçün Horadiz-Mehri-Arazdəyən dəmir yolu xətti açılmalıdır.

“Sülh kəsişməsi” layihəsi daha çox İranın maraqlarına cavab verir. Paşinyanın BRİCS-in tədbirində “Bu, İran İslam Respublikası, Ermənistan və Gürcüstan ərazilərindən keçməklə Qara dəniz və Fars körfəzi arasında ən qısa marşrutdur.

Bu, Şimal-Cənub istiqamətidir” deməsi “Sülh kəsişməsi”nin Zəngəzur dəhlizinin qatı əleyhdarı olan İran rejiminin maraqlarına cavab verdiyini göstərir. Üstəlik, Ermənistan “Sülh kəsişməsi”ni işə salmaq üçün Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmalıdır. Ermənistanın konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycana və Türkiyəyə qarşı rəsmən ərazi iddiaları irəli sürülür.

Azərbaycanın 4 kəndi hələ də Ermənistanın işğalı altındadır.

Ermənistan Azərbaycana qarşı ərazi iddilarına hüquqi baxımdan xitam verməkdən və sülh müqaviləsindən yayınır. Paşinyan hakimiyyəti isə öz maraqlarına cavab verən nəqliyyat-tranzit layihəsinin razılaşdırılmasını Azərbaycana təklif etməklə onu sülh müqaviləsinin mətninə daxil etməyə çalışır. Ancaq tərəflərin sülhə nail olması üçün əsas şərt Ermənistanda konstitusiya referendumunun keçirilməsidir.

Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tutan yeganə sənəd 10 noyabr Bəyanatıdır. Həmin razılaşmada isə “Sülh kəsişməsi” ilə bağlı heç nə yoxdur.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Geri qayıt