Əsas Səhifə > Güney Press > "Əhval-ruhiyyəsi "təslimçilik" olanlar...

"Əhval-ruhiyyəsi "təslimçilik" olanlar...


Bu gün, 01:28
"Əhval-ruhiyyəsi "təslimçilik" olanlar...
"Son 200 ildə Azərbaycan tarixi faciələrlə dolu olub. Biz həm ərazilərimizi itirmişik, həm də böyük insan itkisi vermişik. Bölünmüş xalq statusuna düşmüşük. Ərazilərimizə bölünmüş vəziyyətdə olub. Əsasən Gülüstan-Türkmənçay müqaviləsindən sonra bu halı yaşamışıq. Ondan sonrakı müddətdə də ərazilərimizdə ermənilər üçün dövlət yaratmağa cəhd göstərilib. İşğal faktı yaşamışıq".
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Elşad Musayev danışıb. Deputat qeyd edib ki, cümhuriyyət qurulan zaman və ondan sonrakı dövrdə də yenə də çox sıxıntı içərisində yaşamışıq.

"Ondan sonrakı müddətdə Sovet İttifaqı qurulub, ondan sonrakı dövrdə də ərazilərimiz əlimizdən alınıb və ermənilərə pay verilib. Son dövrlər 80-ci illərin axırında yenidən ermənilər iddialar ilə baş qaldırmışdı. Qazax rayonuna aid torpaqlar Azərbaycandan qoparıldı verildi, ondan sonra Qarabağa açıq iddia ortaya qoyuldu. Nəticədə biz Qarabağı da itirməli olduq.

Bu 30 il müddətində də müəyyən danışıqlar getdi. Amma bəlli oldu ki, iri güclər və xristian dünyası hadisələrə obyektiv yanaşmırlar, məsələlərin həllinə hüquq prizmasından yanaşmırlar. Açıq-aşkar Azərbaycana təzyiq siyasəti həyata keçirilirdi ki, Azərbaycan öz ərazilərini ermənilərə güzəştə getsin. Biz də bununla razılaşmadıq və 44 günlük müharibə oldu. Ondan əvvəl yenə erməni təxribatı baş vermişdi. Ermənilər işğal etdiyi torpaqlarla kifayətlənmir, yeni ərazilər işğal etmək iddiasına düşmüşdü. Ona görə, düşmənin başını əzmək lazım idi.

44 günlük müharibə dövrü Azərbaycan tarixində çox şanlı bir tarix idi. Biz ermənilər üzərində möhtəşəm qələbə qazanmışdıq. Eyni zamanda erməni siyasəti üzərində, ermənilərin arxasında duran məqsədli iri güclər üzərində Azərbaycan möhtəşəm qələbə qazandı. Məhz buna görə də Azərbaycana qarşı bu basqılar, qarayaxma kampaniyası, təzyiq siyasəti mexanizmi işə düşdü.

O zaman Azərbaycan mərhələ-mərhələ adladığı, nəhayət 19-20 sentyabr tarixində lokal antiterror əməliyyatı həyata keçirdi. Bundan sonra ermənilər könüllü surətdə Azərbaycan ərazilərini tərk etdilər. Bununla da biz şərt qəbul edən ölkə statusundan, şərt diktə edən ölkə statusuna çevrildik"-deyə Elşad Musayev vurğulayıb.

Deputat təəssüflə qeyd edib ki, bu illər ərzində o qədər Azərbaycana basqı-təzyiq olub ki, Azərbaycan siyasətçilərinin, politoloqların böyük əksəriyyətində hələ də bu təslimçilik əhval ruhiyyəsi hiss olunanlar var.

“Misal üçün; bir qismi anklavlarla bağlı danışırdılar ki, oranı verək, buranı dəyişək, Başkəndi verək və s. Bu gün Zəngəzur dəhlizi məsələsi var. Bizim mövqe ondan ibarətdir ki, ora heç kəs nəzarət etməsin. Amma bir qismi Rusiya nəzarət eləsin, bir qismi Amerika nəzarət eləsin, bir qismi birgə monitorinq qrupu olsun və sair deyir. Bu, təslim əhval-ruhiyyəsidir və yanlışdır”-deyən deputat vurğulayıb ki, bu müharibədə biz şəhidlər verdik.

"Bizim ən böyük itkimiz şəhidlərimizdir. Amma torpaqlarımızı geri qaytardıq. Hazırda Qazax raynunun 3 kəndi, eyni zamanda Kərkinin geri qaytarılma zamanıdır. Bundan sonra Azərbaycan tarixi torpaqlarla bağlı iddialarını irəli sürməlidir. Bizim tarixi torpaqlarımız da zamanı çatanda geri qaytarılacaq. Biz heç kəsin torpağına iddia etmirik, sadəcə bizə məxsus olan və bizdən qanunsuz surətdə qoparılmış torpaqlarımızın geri qaytarılmasına iddia etməliyik. Buna bir millət olaraq, dövlət olaraq haqqımız var”-deyə deputat əlavə edib.
Geri qayıt