Əsas Səhifə > Güney Press > Futbolumuzu “neft iynəsi”ndən necə ayırmaq olar?

Futbolumuzu “neft iynəsi”ndən necə ayırmaq olar?


Dünən, 19:47
Futbolumuzu “neft iynəsi”ndən necə ayırmaq olar?
Azərbaycan futbolunun hazırkı durumu müzakirə edilir. Komandaların ardıcıl məğlubiyyəti idmansevərləri məyus edir.

Mütəxəssislər deyirlər ki, neçə illik təcrübə göstərdi ki, futbol təsərrüfatının SOCAR-a həvalə edilməsi, AFFA-ya bu qurumun prezidentinin rəhbərliyi effektiv olmadı. O zaman nədən alternativ variantlar təklif edilmir? Azərbaycan futbolunu SOCAR-sızlaşdırmaq mümkündürmü?

Bu təsərrüfatı kimin, hansı qurumun idarəçiliyinə verilsə, inkişaf edər?

Globalinfo.az-a danışan idman jurnalisti Natiq Muxtarlı deyib ki, Azərbaycan futbolunun əsas sponsoru SOCAR-dır.

Onun fikrincə, SOCAR sponsor olsa da, orada peşəkar rəhbərlər olmalıdır:

“Bu o demək deyil ki, futbol təsərrüfatına SOCAR-ın səbatsız, qeyri-peşəkar rəhbərləri nəzarət etməlidirlər. Təəssüf ki, Azərbaycanda uzun illərdir tendensiya belədir: pulu kim ayırırsa, rəhbər o olur. Amma SOCAR rəhbərliyinin futboldan başı çıxmadığı üçün qərarlar ancaq və ancaq bu təsərrüfatın tənəzzülünə gətirib çıxarır. Rövnəq Abdullayevin də vaxtında belə olub, indi də belədir. R.Abdullayevin futboldan anlayışı yox idi, Rövşən Nəcəf ondan da betərdir. Abdullayevin bir müsbət xüsusiyyəti vardı ki, heç olmasa, bilirdi ki, o, futbolu bilmir. Amma Rövşən Nəcəf bilmir ki, futbolu bilmir”.

N.Muxtarlı SOCAR-ın dövlətə məxsus olduğunu vurğulayıb:

“Pulu futbol təsərrüfatına dövlət ayırır. Amma bu amil əsas verməməlidir ki, təsərrüfata idarəçilik də SOCAR rəhbərliyində olsun. Futbol təsərrüfatına peşəkarlar rəhbərlik etməlidirlər. Bütün dünyada belədir. Gürcüstana baxın, orada da dövlət futbola yatırım edir, özü də kifayət qədər. Lakin təsərrüfata rəhbərlik peşəkarların əlindədir. Bu məsələ həllini tapmalıdır. Dövlət pulu peşəkara, yəni çörəyi çörəkçiyə verməlidir. AFFA rəhbərli AFFA-da oturmalı, Azərbaycanın kənd və qəsəbələrini qarış-qarış gəzməlidir. Rövnəq Abdullayev ildə bir dəfə AFFA-nın binasına gəlirdi. Rövşən Nəcəf ümumiyyətlə gəlməyəcək. Artıq iclaslar da başqa məkanda keçirilir. Belə mühitdə futbol inkişaf etməz. Nə qədər futbol təsərrüfatı peşəkarların sərəncamına verilməyib, dövlətin ayırdığı pulun heç bir nəticəsi olmayacaq. Bir qrup şəxs varlanacaq, futbolumuz isə dünyada ən aşağı səviyyədə olacaq”.
Geri qayıt