Əsas Səhifə > Güney Press, Partiya > Sevinc Osmanqızının “mikrofonçuluğu”
Sevinc Osmanqızının “mikrofonçuluğu”17-11-2024, 09:11 |
Birləşmiş Millətlər Təşkilatının İlqim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi Azərbaycan dövlətinin bu uğuruna mane olmaq istəyənlərin planlarını pozub. COP29-un baş tutmasına mane olmaq üçün Qərb siyasi dairələrinə bel bağlayan anti-Azərbaycan qüvvələrin cəhdləri puça çıxdı. Ona görə də rüsvayçı duruma düşən Sevinc Osmanqızı kimi təxribatçılar COP29-un guya dünya ölkələri tərəfindən boykot edildiyi barədə qarayaxma kampaniyasına əl atıb. Əslində, Azərbaycan dövləti əleyhinə böhtan və şərçilik etmək “Osmanqızı” TV-nin əzəli missiyasıdır. Bu qondarma telekanalın rəhbəri və aparıcısı Sevinc Osmanqızı Qərbdə Azərbaycana düşmənçilik bəsləyən hər kəsə “mikrofonçuluq” etməklə məşğuldur. Sevinc Osmanqızı üçün fərqi yoxdur, istər erməni olsun, istər fransız, yaxud amerikalı. O, Azərbaycan dövlətçiliyinə qarşı mübarizədə hər kəsin yanındadır. Bu dəfə də Sevinc Osmanqızı öz ənənəsinə sadiq qaldı. O, sevinclə COP29-un boykot ediləcəyini, Azərbaycanın biabır olacağını bəyan etsə də, niyyətinə çata bilmədi. Dünya ölkələrinin nüfuzlu liderləri, ictimai fəallar, yüzlərlə kütləvi informasiya vasitəsi Bakıya toplaşdı. Sammitin keçirilməsindən məyus olan bir ermənilər idi, bir Emmanuel Makron, bir də Sevinc Osmanqızı. Bu bivec jurnalist indi puça çıxan yalanlarını ört-basdır etmək üçün çığır-bağır salır, COP29-un əhəmiyyətini azaltmağa çalışır, Azərbaycanın ünvanına növbəti ləkə yaxır. Çünki Sevinc Osmanqızı Azərbaycanın uğurundan şoka düşüb. COP29 kimi nüfuzlu tədbiri gözdən salmaq üçün Qərbdəki ağalarının qarşısında öhdəlik götürən Sevinc Osmanqızının təxribatçı çıxışları indi daha çox getmiş qatarın arxasınca daş atmağa bənzəyir. Sevinc Osmanqızının bir Azərbaycan düşməni olduğunu görmək üçün onun COP29 tədbiri ilə bağlı fikirlərinə nəzər salmaq yetər. O, sammitin guya baş tutmadığına dair iki mənbəyə istinad edir. Onlardan biri Fransanın ekologiya naziri Panye-Ruşanye, digəri isə Hindistan mediasıdır. Bu dövlətlərin hər ikisi Ermənistanın yaxın dostu və müttəfiqi olmaqla yanaşı, erməniləri Azərbaycana qarşı silahlandırmaqla məşğuldur. Deməli, COP29-un Bakıda keçirilməsindən siyasi depressiya sindromu yaşayan fransalı nazirlə, yaxud Ermənistana uzaqmənzilli raketlər satan Hindistanla Sevinc Osmanqızının maraqları üst-üstə düşür. Halbuki, bu sammit ilk növbədə, BMT-nin tədbiridir, Azərbaycanın paytaxtı isə bir məkan kimi seçilib. Amma Sevinc Osmanqızı kimi ruporlar Azərbaycana göstərilən beynəlxalq etimada kölgə salmaq üçün bütün dünyaya təhqirlər yağdırmağa hazırdır. Bu məntiqlə, daha doğrusu məntiqsiz davranışla COP29 sammiti İrəvanda keçirilsəydi, yəqin ki, Sevinc Osmanqızı bu tədbirin birinci carçısı olardı. Əslində, Biomüxtəliflik üzrə Tərəflər Konfransı - COP17-nin Ermənistanda keçiriləcəyini nəzərə alsaq, “Osmanqızı” TV yəqin ki, bu tədbiri sevinclə işıqlandıran, şəninə təriflər yağdıran media qurumlarından biri olacaq. Bu baxımdan, Bakıda baş tutan İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası əleyhinə "qara piar" vasitəsi kimi “Osmanqızı TV”-nin seçilməsi təsadüfi deyil. Bütün münaqişələrdə, o cümlədən informasiya müharibəsində rəqibə qarşı ən təhlükəli silah xəyanətdir. COP29-un Bakıda keçirilməsinə mane ola bilməyən Qərb siyasi dairələri, onlara bağlı olan qeyri-hökumət təşkilatları və media qurumları Azərbaycana Sevinc Osmanqızının təbliğat maşınından istifadə edərək daxildən hücum etməklə gec də olsa, müəyyən nəticəyə nail olmağa çalışdılar. Çünki Sevinc Osmanqızından “yaxşı” xain tapa bilməzdilər. Amma COP29-un belə yüksək səviyyədə baş tutması bütün bu cəhdlərin boşa çıxdığını sübut edir. “Cebheinfo.az” Analitik Qrupu Geri qayıt |