Əsas Səhifə > Güney Press > İrəvan amerikalı səfiri təkzib etdi:
İrəvan amerikalı səfiri təkzib etdi:21-11-2024, 12:06 |
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) transsərhəd su ehtiyatlarının idarə edilməsi məsələsində Azərbaycanla əməkdaşlıq edilməsinə dair yayılan iddiaları təkzib edib. Sputnik Armeniya ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin mövzu ilə bağlı açıqlamalarına dair XİN-ə sorğu göndərib. Nazirliyin cavabında deyilir: “Ermənistanla Azərbaycan arasında bu sahədə heç bir rəsmi əlaqə yoxdur. Bu mövzuda təmaslar iki ölkənin ictimai təşkilatları arasında qarşılıqlı fəaliyyətlə məhdudlaşıb". Ermənistan Xarici İşlər Nazirliyi onu da iddia edib ki, İrəvan digər tərəfdaşlarla su ehtiyatlarının idarə edilməsində fəal əməkdaşlıq edir. Bu ölkələr arasında Gürcüstan, İran və Türkiyə də var idi. Xatırladaq ki, amerikalı diplomat noyabrın 12-də X sosial şəbəkəsində diqqət çəkən paylaşım etmişdi. O, yazıb ki, "Azərbaycan və Ermənistandan olan bir qrup hidroloq və mühəndis bizim fəal dəstəyimizlə transsərhəd çaylar üçün inteqrasiya olunmuş su idarəçiliyi sxemi üzərində birgə işləyir". Noyabrın 13-də isə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə jurnalistlərə açıqlamasında Ermənistanın ekosidindən söz açmışdı. O qeyd edib ki, Ermənistanın transsərhəd çaylara zərərli maddələr axıtması Xəzərin çirklənməsinə səbəb olur: "Ermənistanın çirkləndirdiyi çaylara Oxçuçayı misal göstərmək olar. Onlar tullantıları, zərərli maddələri bu sulara axıtmaqdadır. Bu istiqamətdə Azərbaycan tərəfindən arbitraj prosesi başlanılıb və Ermənistanın məsuliyyətə cəlb edilməsi üçün müvafiq işlər həyata keçirilməkdədir”. AzVision.az Geri qayıt |