Əsas Səhifə > Güney Press > Seyid Həsən Amuli təbrizlini döyən ermənilərə
Seyid Həsən Amuli təbrizlini döyən ermənilərəDünən, 15:19 |
İranın dini lideri Ayətullah Xamneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi Ayətullah Seyid Həsən Amulinin cümə xütbəsində yenə də coşubmuş. Bu dəfə də İsrailə görə…Azərbaycanın (?-E.P.) ünvanına bir para şeylər danışıb. Elə bil ki, İranın proksilərinin başına od ələyən, Tehranın qonaqlarını elə yatdığı yerdə o dünyaya göndərən Azərbaycan imiş. Seyid Amuli Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 konfransında iştirak qərarını hələ də bəlli olmayan səbəblərə görə geri çevirən prezident Məsud Pezeşkianı təqdir edib. “Bakı konfransında iştirak etmədiyinə görə İran prezidentinə ürəkdən təşəkkür edirəm”, - deyə Amuli bildirib. Sonra da əlavə edib ki, “50 min müsəlman qadın və uşaqdan ibarət qatili dəvət etmək təhqirdir. Biz qəzəblənirik. Biz öz ikrah hissimizi bildiririk”. 50 min müsəlman qadın və uşağın qatillərinə görə qəzəblənən Ərdəbilin imam-cüməsini bircə dəfə Ermənistanın üstünə kükrəyib, “Xocalıda qətlə yetirdiyiniz uşaq, qadın və qocalara görə qəzəblənirik”, Qarabağdakı 67 məsciddən 63-ünü darmadağın etdiyinizə, nisbətən salamat qalanlarını da inək, donuz ferması üçün tövlə kimi istifadə elədiyinizə görə qəzəbimiz sonsuzdur”, “müsəlman qardaşlarımızın torpaqlarını işğal altında saxladığınız, sərvətini tar-mar etdiyiniz üçün Allahın qəzəbinə gələcəksiniz”, deyən görmədik axı. Nə oldu elə Azərbaycana gələndə bu kişinin “qəzəbi tutur”? Bəs, öz evindəcə qətlə yetirilən, xəstə yatağında güllələnən, sonra da od vurulub yandırılan, əsirlikdə damarlarına kerosin yeridilən, sinəsinə dağ da yox, xaç (!) çəkilən azərbaycanlıların, müsəlman ümmətinin fəlakətlərinə niyə qəzəblənmədi Seyid Amuli? Özü də nə az, nə çox, düz 30 ilə yaxın çəkdi bu dəhşətlər. Bu gün 4 minədək azərbaycanlıdan soraq yoxdur, Ermənistan onların nə öldüsü, nə qaldısı haqda xəbər vermir, BMT çərçivəsində belə, müzakirələr keçirilsə də. Onların sırasında uşaqlar da var, qadınlar da, Seyid Amuli nədən “biz qəzəblənirik” söyləmir?! Qəribəsi bilirsiniz nədir? Məsud Pezeşkian və sələfləri BMT Baş Assambleyasının bir iclasını belə buraxmayıb, baxmayaraq ki, İsrail prezidenti və digər rəsmi şəxsləri də hər zaman bu sessiyalarda iştirak edir. Uzağı İsrail prezidenti çıxış edəndə İran heyəti zalı tərk edir. İndi necə olur, prezident Pezeşkian BMT BA-nın 79-cu sessiyasında çıxış edə bilir, amma COP29-a qatıla bilmir? Axı, biz Məsud bəyin BMT tribunasından hətta İranın düşmənlərinə danışıqlara hazır olduğu barədə mesajlarını eşitdik iki ay öncə. O halda Azərbaycana gəlib-gəlməyəcəyi hələ tam bəlli olmadığı halda, qonşu, müsəlman ölkəyə prezident səviyyəsində səfər edilməməsinin adı, soyadı nədir? Düzdür, İranın xanım vitse-prezidenti və digər rəsmilər COP29-a qatıldılar və hətta dövlət başçımız hörmət əlaməti olaraq onları qəbul etdi. Amma Seyid Amuli yenə də “qaşınmayan yerdən qan çıxartmağa” çalışır. Niyə? Axı, bu nə missiyadır, nəyə, kimə xidmətdir?! COP29 dünyanın ən böyük təşkilatının ən böyük tədbiridir. Bu, bəşəriyyətin xilasına xidmət edəcək məram-məqsədləri olan platformadır. Dünyanın 200-ə yaxın ölkəsindən COP29-a gələn on minlərlə insan həm də 1.648.000 km² əraziyə malik İran İslam Respublikasını xilas etmək üçün Bakıya toplaşmışdılar. Deyən gərək: burada nə İsrail, nə sionizm, dünya böyük fəlakətlərlə üzbəüzdür, Ağaye-Amuli! Tehran özü artıq yaşanılası mümkünsüz olan meqapolislərdən birinə çevrilib. Elə bu günlərdə paytaxtın köçürülməsi istiqamətində müzakirələr başlayıb. Amma onsuz da sosial-iqtisadi durumu ağır olan İran bu boyda yükün qaldıra biləcəkmi? Seyid Amili kimi din adamları gərək insanları, hökumətləri Allahın yaratdığı, əmanət etdiyi varlıqların əmanət kimi qorunmasını təşviq etsinlər, yoxsa “təşəkkür edirəm, Pezeşkian COP-a getmədi”, nə mənədir?! Ərdəbilin imam-cüməsinin dedikləri növbəti dəfə onunla mübahisə-müsahibəmi xatırlatdı mənə. Onda hələ Qarabağ azad olunmamışdı, Ermənistan rəhbərliyi də torpaqlarımızda atdan tutmuş itədək, bütün heyvanları oynadırdı. Amma “Qarabağ İslam torpağıdır” deməyi xoşlayan Seyid Amuli...Beynəlxalq Qarabağ Fondunun təşkilatçılığı ilə keçirilən Qarabağ tədbirlərinin biri çərçivəsində Seyid Amuli ilə görüş zamanı ondan müsahibə almışdım. Mən ondan İranın niyə müsəlman qəbirlərini, məscidlərini dağıdan, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlayan Ermənistanın üzünə sərhəd qapısını bağlamamasının, işğalçı, qatil dövlət üçün Mehri nəfəsliyini saxlamasının səbəbini soruşanda o da İsrail bəhanəsini irəli sürmüşdü. Sonra da “döyüşə hazır olduğunu” iddia etmişdi. Sitat: “İndi də bizim rəhbərimiz deyir ki, hər kəs Qarabağda ölsə, şəhiddir. Onda açın sərhədi, biz gələk, gedək Qarabağda savaşaq da. Mən bir ömürdür Allahdan şəhadət istəyirəm”. Bax, biz Azərbaycan dövləti və xalqı olaraq 4 il əvvəl torpaqlarımızı kafirlərdən, uşaq qatillərindən, İslam düşmənlərindən, məscid qənimlərindən azad etdik, separatizmin kökünü də keçən il kəsdik. Ancaq nədənsə Seyid Amulinin nəinki şəhid olmaq üçün, heç olmasa Şuşa məscidində namaz qılmaq üçün Qarabağa gəlmək istəyini görmədik, eşitmədik. Niyə? Yuxarı Gövhərağa məscidini işğal dövründə İran şirkəti “bərpa” edirdi, planları pozuldu, ona görəmi?! Qarabağda döyüşmək üçün “1 milyon hazırdır”-deyən Amulinin ordusu hardaydı, 44 gündə görə bilmədik. Bəlkə torpaqlarımızı işğaldan azad edən zaman Araz çayı boyunca hərbə-zorba gələn İran ordusunu nəzərdə tuturmuş. Yeri gəlmişkən, güneyli bacı-qardaşlarımıza təşəkkür edirik, qələbəmizi öz qələbələri hesab etdiklərinə, Təbrizdən Ermənistana silah daşınmasına qarşı çıxmalarına görə! Bu yerdə qeyd edim ki, 3 il öncə “Qarabağda savaşmaq istəyən” Seyid Həsən Amuli niyə qəzəblənib?” sərlövhəli köşə yazmışdım. O zaman da Ərdəbilin imam-cüməsi İranın yük maşınlarının hətta Ermənistana məxsus nömrə-nişanlarla Qarabağa qanunsuz yanacaq daşımasının qarşısı alınanda, Şurnuxu istiqamətində postumuz qoyulanda əsəbləşmişdi. Görünür, Azərbaycana qarşı qəzəblənməyi özünə peşə eləyib… Ermənistan və İranın xarici işlər nazirləri Ararat Mirzoyanla Abbas Araqçi son həftə ərzində ikinci dəfə telefonla danışıblar. Nə danışırlar, Seyid Amuli maraqlanıbmı? Ermənistandakı Avropa İttifaqının müşahidə missiyasının ömrünü uzatmaq istəyirlər, bu imam-cümə üçün doğrudanmı maraqlı deyil? Azərbaycana hansısa qonağın gəlməsindən rəncidə olan Seyid nədən Ermənistanı oylağa çevirən Aİ, NATO qüvvələri, Fransanın silahları, Kanadanın atları, ABŞ-nin hərbçiləri, ümumilikdə bu ölkədəki casus şəbəkəsi ilə bağlı “biz qəzəblənirik” demir?! Elə bu gün – 22 noyabrda Aİ-nin casusları yenə də Qafan istiqamətindən binokllarını ələ götürüb dağdan-dağa dolaşıblar. Onların bir gözü İrandadır, bilsin və agah olsun Amuli! Təhlükəni Azərbaycandan gözləməsin! Azərbaycan o dövlətdir ki, “mənim ərazimdən İrana qarşı istifadə olunmayacaq!”-qətiyyəti ilə idarə olunur, İranın sevimlisi Ermənistandan fərqli olaraq. Ən nəhayət, Təbrizdən olan azərbaycanlı Ermənistanda döyülüb, kadrlar internetdə yayılıb. Bu fakta görə biz quzeyli azərbaycanlılar çox qəzəblənmişik. Düzdür, gərək soydaşımız, qandaşımız erməni hiyləsinə aldanıb, bu oyuncaq ölkəyə iş üçün getməzdi və daşnaklar da onu məhz Azərbaycan Türkü olsunuğuna görə əzişdirməzdilər. Biz lənətləyirik belə alçaq hərəkətləri. Ermənistanın xilaskarı olan İranın vətəndaşıdır həmin təbrizli. Bəlkə Seyid Həsən Amuli də azca qəzəblənsin! P.S. Yazıya Seyid Həsən Amuli ilə müsahibə-mübahisədən sonra çəkdirdiyimiz fotonu da əlavə edirəm. Azərbaycan bayrağı ilə birgə çəkilən fotonun böyük mənası var, anlayanlar üçün! Elşad PAŞASOY - Müsavat.com Geri qayıt |