Əsas Səhifə > Güney Press > De sən öl, Həsən ağanın qohumuyam?

De sən öl, Həsən ağanın qohumuyam?


Bu gün, 08:31
De sən öl, Həsən ağanın qohumuyam?
-Mirzə, mənim kağızımı yaz, aparım!

-Gözlə, bu saat yazıram, əlimdə iş var.

-Sən deyəsən məni yaxşı tanımırsan Mirzə! Mən Əhməd bəyəm, Parisdən bir ay olar qayıtmışam.

-Gözlə.

-Bilirsən, mən Həsən ağanın qohumuyam.

-Doğrudan Həsən ağanın qohumusan?

-Doğrudan.

-Sən Allah, Həsən ağanın qohumusan?

-Vallah, Həsən ağanın qohumuyam.

-Sən Həzrət Abbas, Həsən ağanın qohumusan?

-Həzrət Abbas haqqı, Həsən ağanın qohumuyam.

-Deginən sən öl, Həsən ağanın qohumuyam?

-Sən öl, Həsən ağanın qohumuyam.

-Onda gəl min boynuma!

Allah rəhmət eləsin Azərbaycanın əvəzolunmaz, korifey aktyoru, Xalq artisti Həsən Məmmədova. “Papaq” filmindəki Mirzə Səfər obrazını bu gün üçün oynayıbmış. O unudulmaz səhnə.

İndi də Sabirabadda peyda olub həmin Həsən ağa.

Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

Adam Sabirabadın Qəzli kənd sakini olan 1970-ci il təvəllüdlü Arif Məmmədovun Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

Araşdırmalar zamanı məlum olub ki, 2023-cü ildə də H.Həsənov vətəndaşdan məhkəməyə şikayət edib. Həsən Həsənov Arif Məmmədovun ictimaiyyət arasında onu təhqir etdiyini bildirib. Həmin vaxt Sabirabad Rayon Məhkəməsi işə baxıb və proses zamanı Arif Məmmədov vəzifəli şəxsdən məhkəmədə üzr istəyib. Bunu əsas götürən Sabirabad Rayon Məhkəməsi işə xitam verib. Lakin Həsən Həsənov Qəzli kənd sakini olan Arifin ictimaiyyət arasında – hamının qarşısında ondan üzr istəməsini də tələb edib. Arif Məmmədov bununla da razılaşıb. Çarəsiz kəndli hamının gözü önündə də məmurdan üzr istəyib.

Amma icra başçısının birinci müavininin bununla ürəyi soyumayıb. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Quruzma, Qaraqaşlı, Kovlar, Yenikənd və Qəzli kənd sakinləri ilə Quruzma kəndindəki şadlıq evlərindən birində keçirilən görüşdə Arif Məmmədov da iştirak edib. O, həmin görüşdə icra başçısının birinci müavinindən üzr istəməyib.

Görüşdən sonra Həsən Həsənov Arif Məmmədovun onu yenidən təhqir etməsi iddiası ilə növbəti dəfə məhkəməyə üz tutub. O, akt tərtib etdirərək Arif Məmmədovun insanlar arasında onu söydüyünü bildirib. Akta bir sıra vəzifəli şəxslər, eləcə də İcra Hakimiyyətinin əməkdaşları imza atıblar.

Eyni məzmunlu şikayətə bu dəfə Şirvan Şəhər Məhkəməsində baxılıb. Lakin məhkəmə Arif Məmmədovun icra başçısının birinci müavinini yenidən təhqir etməsi iddiasını təsdiq edən sübutların yetərsiz olmasını əsas gətirərək ona bəraət verib.

İndi Arif başıçının müavinindən əl çəkib, amma müavin ondan əl çəkmir. İddia edir ki, bir dəfə məhkəmədə, bir dəfə kənddə, millətin qarşısında üzr istəmisən, gəl bir dəfə də rayon ictimaiyyətinin qarşısında üzr istə. Arif rayon ictimaiyyəti qarşısında üzr istəsə, onda Həsən müəllim deyəcək ki, yox e, respublika səviyyəsində üzr istə. Bəlkə də deyər ki, gözlə COP29 başa çatsın, Olimpiya Stadionu boşalsın, gəl orada, 60 minlik əhalinin gözü qarşısında üzr istə.

Həsən müəllim, gəlin sizə bir məsləhət verim də. Elə hazırda COP29 keçirilir, götür Arifi, gəl COP29 tədbirinə, 72 min nəfər xarici qonaqlarımız da var, onların qarşısında üzr istəsin, sən də rahat ol da. Axı sizin bu probleminiz həm də qlobal məsələdir. Sadə kəndli kimdir ki, siz boyda şəxsiyyətə böhtan ata. Nəinki üzr istəməlidir, hətta sizin, ölkəyə gələn 72 min xarici ölkə vətəndaşlarının qarşısında baş əyməli, dombalaq aşmalıdır.

Bir az gecikməsəydiniz, məsələni COP29-da liderlərin sammitində də müzakirəyə çıxarmaq olardı. Bəli, bəli, bu zarafat məsələ deyil. Arif kimdi axı, sizi boyda məmurun dediyini etməyə? Nə danışırsınız? Bəlkə də elə Arif sizdən üzr istəmədiyi üçün qlobal istiləşmə başlayıb, Xəzər dənizi quruyur, kainata fəlakət xəbərdarlığı edilib. Axı siz müqəddəssiniz, o boyda rayon sizin başınıza and içir. Arif kimdi? Sadə, üstündən toz tökülən, “cındırından cin hürkən” bir kəndli. Axı siz Həsən ağasız!

Samir Əli - TNS.az

Geri qayıt