Əsas Səhifə > Güney Press > "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir:
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir:Bu gün, 16:44 |
"Uber”, “Bolt” şəbəkəsindən taksi sifariş verən sərnişinlər sistemdə göstərilən avtomobilin əvəzinə ünvana başqa avtomobillərin gəlməsindən şikayətlənirlər. Ehtimal edilir ki, bu cür şirkətlər ili yeni avtomobili qeydiyyatdan keçirdikləri halda daşınma üçün köhnə avtomobillərdən istifadə edirlər. Bəs belə halla üzləşən sərnişinlər hara müraciət etməlidirlər? Qanunvericilikdə bu cür sürücüləri hansı cəza gözləyir? Bu barədə Pravda.az-ın suallarını cavablandıran nəqliyyat üzrə ekspert Samuran Səmədbəyli deyib ki, qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı nə qədər mübarizə aparılsa da, təəssüf ki, hələ də bir çox qayda pozuntularına rast gəlinir. Ekspert vurğulayıb ki, sürücülərin bəziləri qeydiyyatdan icazəsi olan avtomobillə keçsələr də, daşıma zamanı icazəsi olmayan digər nəqliyyat vasitələri ilə fəaliyyət göstərirlər: “Bu cür hallar qanunsuz taksi fəaliyyəti ilə məşğul olmaq kimi qiymətləndirilir. Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşımalarına görə sürücülər 50 manat məbləğində cərimə oluna bilərlər. Bundan əlavə, taksi ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili barədə sənədləri olmayan, eyni zamanda sürücülərin buraxılış kartı və taksi minik avtomobili barədə xüsusi hazırlıq keçmələrini təsdiq edən sənədləri yoxdursa, sifariş xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər üçün 200 manat, hüquqi şəxslər üçün 300 manat məbləğində cərimə sanksiyaları mövcuddur. Buraxılış vəsiqəsi olmadan taksi fəaliyyəti göstərənlərə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), buraxılış kartı olmadan taksi minik avotmobilləri ilə sərnişin daşıyanlara isə həm AYNA, həm də Dövlət Yol Polisi tərəfindən cərimələr tətbiq edilə bilər. Bu kimi halları aradan qaldırmaq məqsədilə yeni taksilərdə fasiləsiz olaraq hərəkətə nəzarət etmək üçün rəqəmsal taxoqraf cihazı quraşdırılmalıdır. Bu cihaz imkan verəcək ki, avtomatik rejimdə avtonəqliyyat vasitəsinin hərəkəti, o cümlədən qət edilmiş məsafə, sürücünün iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz qeydə alınsın. Sərnişinlər isə öz növbələrində taksi fəaliyyəti ilə bağlı hər hansı qanunauyğunsuzluq müşahidə edərlərsə, birbaşa daşıyıcı şirkətə məlumat verməlidirlər. Şikayət olunmalıdır və həmin şirkət belə sürücülər barəsində lazımi tədbirlər görməlidir”. Geri qayıt |