Əsas Səhifə > Güney Press > COP29-da Azərbaycan tarixi nəticə əldə etdi
COP29-da Azərbaycan tarixi nəticə əldə etdiBu gün, 17:41 |
Hələ BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində beynəlxalq aləm ABŞ-ın, Avropa İttifaqının iqlim dəyişmələri ilə əlaqədar yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu. Elə bu səbəbdən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, ABŞ prezidenti, o cümlədən Fransa bu mötəbər tədbirə qatılmadılar. Üstəlik, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qarayaxma kampaniyasında fəal iştirak etdilər. Bununla da dünyanı cənginə alan iqlim fəsadlarına qarşı biganə olduqlarını, həm də BMT-ni saymadıqlarını bir daha nümayiş etdirdilər. Bütün bu kimi laqeydliklər azmış kimi, tədbirdə iştirak edən Qərbin bəzi nümayəndələri COP29 çərçivəsində də öz iyrənc əməllərindən əl çəkmək istəmədilər. Elə bu səbəbdən ölkəmizin vətəndaş cəmiyyətinin təmsilçiləri, ictimai fəallar, həmçinin işğaldan zərər çəkmiş şəxslər onlardan birini, yəni BMT xətti ilə tədbirə gəlmiş, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdıran ermənipərəst ABŞ konqresmeni Frank Peloninin Bakıdan rədd olmasını tələb etdilər və buna nail oldular. Göstərdilər ki, Azərbaycana qarşı şər-böhtan kampaniyası aparan hər kəs nifrətə layiqdir və kimliyindən asılı olmayaraq lazımi cavabını alacaq. Ancaq bütün iyrənc cəhdlərin müqabilində rəsmi Bakı COP29-u yüksək səviyyədə keçirməyi, qarşıya qoyulan məqsədə nail olmağı bacardı. Faktlara müraciət edək. COP29-a qarşı yönəlmiş boykot çağırışlarına baxmayaraq, tədbirdə iştirak məqsədilə 196 ölkədən 77 min nəfər iştirakçı qeydiyyatdan keçdi. Onların arasında 80-dən çox prezident, vitse-prezident və baş nazir də vardı. Şübhəsiz, bu, Azərbaycanın qlobal səviyyədəki əhəmiyyətini bir daha nümayiş etdirdi. Bununla da rəsmi Bakı ona qarayaxma kampaniyası aparanlara öz sözünü dedi. Bildirdi ki, Azərbaycan heç də onların təsvir etmək istədikləri bir ölkə deyil. COP29 çərçivəsində keçirilmiş müzakirələrin hesabatları və iclasların protokolları, həmçinin razılaşdırılmış sənədlər təsdiqləndi. Bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan edilməsi barədə qətnamə qəbul olundu. Yeri gəlmişkən qeyd edək ki, COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir. Üstəlik, inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul edildi. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 730 milyon ABŞ dollarından artıqdır. Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur. Qeyd edək ki, iqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Prezident İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğurudur. COP29-un noyabrın 23-də keçirilən bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi də tam təsdiqini tapıb. Şübhəsiz, bu, yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqların onillik müddətdən sonra başa çatmasıdır. Hansı ki, bu məsələ COP29 Sədrliyinin əsas prioritetlərindən biri idi. Qeyd edək ki, 6-cı maddə iqlimlə bağlı hədəflərə çatmaq məqsədilə əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarları təmin edir. Bu transsərhəd əməkdaşlıq sayəsində ölkələrin milli iqlim planlarının (NDCs) həyata keçirilməsi xərclərini ildə 250 milyard dollara qədər azaldacağı gözlənilir. İqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birinin həlli sayılan 6-cı maddə üzrə razılıq kömür zavodlarının istismardan çıxarılması, külək stansiyalarının qurulması və meşələrın salınmasını əhatə edir. Mütəxəssislərin fikrincə, bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir. Qeyd edilənləri analiz edəndə açıq-aydın görünür ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün, əgər belə demək mümkünsə, müsbət presedent yaradıb. Mütəxəssislərin fikrincə, Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi də sayıla bilər. Elə buna görə də BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında bildirilib ki, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır. Şübhəsiz, COP29-un yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər ölkəmizin liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası "DİA-AZ" Geri qayıt |