Əsas Səhifə > Güney Press > Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür

Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür


Bu gün, 19:00
Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür
Hər bir ölkənin təhlükəsizlik sahəsində nə edəcəyini özü seçmək hüququ var. Bunu Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda keçirilən sammitində iştirak etməməsinə münasibət bildirərkən deyib. Rusiya prezidenti qeyd edib ki, Ermənistan təşkilatdan çıxdığını elan etməyib. Putin əlavə edib ki, İrəvanın KTMT-də tamhüquqlu işə qayıtması ehtimalı qalır və Ermənistan təşkilatın sammitinin bütün sənədlərini dəstəkləyir. Rusiya lideri hesab edir ki, Ermənistanın KTMT-yə hazırkı münasibətini daxili siyasi problemlər və Qarabağ mövzusu diktə edir. Rusiya prezidenti vurğulayıb ki, KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi, çünki bu halda Ermənistana qarşı heç bir xarici təcavüz olmamışdı.

Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a söyləyib ki, Putinin səsləndirdiyi fikirlər yeni deyil. Sadəcə olaraq Rusiya prezidentinin yenidən bu məsələyə qayıtmasının iki səbəbi ola bilər:

“Birincisi, Rusiya Ermənistanla münasibətləri tammiqyaslı bərpa etmək istəyir. Çünki Ermənistan hakimiyyəti antirusiya və qərbyönümlü siyasət yürüdür. Rusiya isə bunun qarşısını almağa çalışır. Həmin siyasətin tərkib hissələrindən biri Rusiyanın olduğu təşkilatlarda Ermənistanın fəaliyyətinin zəifləməsidir. Burada ən əsas məsələ isə Kollektiv Təhlükəsizlik Təşkilatı (KTMT) sayılır. Görünən odur ki, Putin Ermənistanın tam şəkildə KTMT-yə qayıtmasını təmin etmək üçün konkret səbəbləri açıqlayır. Digər tərəfdən isə Amerikada seçkilərdən sonra Nikol Paşinyan seçim qarşısında qalacaq. Çünki Nikol Paşinyan hakimiyyəti daha çox demokratlarla işləyirdi. İndi respubilikaçıların Amerikada hakimiyyətə gəlməsindən sonra Ermənistan ya Avropa ilə daha sıx əlaqələr qurmalıdır, ya da yenidən Rusiyaya qayıtmalıdır”.

Ekspert söyləyib ki, belə həlledici məqamda Rusiya bütün problemləri geridə qoyub Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür:
“Burada Qarabağ mövzusuna toxunulması məhz Ermənistanın KTMT-də fəaliyyətini dondurmasının səbəbi kimi vurğulanıb. Ermənistan tərəfi Qarabağ müharibəsindən başlayaraq KTMT-nin onları müdafiə etmədiyini bildirirdi. Dolayısı ilə Putin başa salmağa çalışır ki, Qarabağ Azərbaycanın ərazisi olduğuna görə KTMT-də döyüşməli deyildi. Eyni zamanda Ermənistanın təhlükəsizliyi onun daxili məsələlərindən qaynaqlanır. Hesab edirəm ki, Putinin sözügedən açıqlaması KTMT-yə üzvlərinə verilən hesabat, Ermənistana və erməni ictimaiyyətinə ünvanlanan mesajdır. Ermənistanın KTMT-yə qayıtması isə hələ də sual altındadır. Böyük ehtimalla Nikol Paşinyan hakimiyyəti Trampın dövründə Fransanın timsalında Avropa İttifaqı ilə işləməyə çalışacaq”.

Geri qayıt