“MÜXALİFƏT SEÇKİLƏRDƏ ONSUZ DA UDUZACAQ...”
Tarix: 25-09-2012, 13:41 |
Çap et
SƏRDAR CƏLALOĞLU PROQNOZ VERİR
“Müxalifət birləşsə belə, şansımızı artıq əldən vermişik”. Bu fikirləri Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu 2013-cü il prezident seçkirləri ilə bağlı son prosesləri Modern.az-a şərh edərkən bildirib. ADP sədri müxalifəti passiv fəaliyyət göstərməkdə günahlandıraraq, müsbət nəticələrin əldə edilməyəcəyini vurğulayıb.
“Təbii ki, seçkiöncəsi müxalifət düşərgəsində ümumi passivlik hökm sürür. Ümumiyyətlə, Azərbaycan müxalifəti hazırda seçki ab-havasında deyil. Seçkiyə 9 ay vaxt qalıb, amma müxalifət yerindən tərpənmək istəmir. Təəssüflər olsun ki, müxalifət seçki ilə bağlı ciddi bir iş görmür. Yanlış bir siyasət aparılır. Vaxt baxımından biz seçkilərdə uduzmuşuq. Bundan sonra müxalifət birləşsə belə, ciddi addım atsa da ciddi nəticələr əldə edə bilməyəcək. Vaxtı artıq biz əldən vermişik. Mənə elə gəlir ki, müxalifət yeni bir mərkəz yaratmalıdır. Seçkilərə ciddi şəkildə hazırlaşmadığımıza görə, belə demək olar ki, biz indidən uduzmuşuq. Amma vaxtında addım atmaq lazım idi”, -deyə S.Cəlaloğlu bildirib.
ADP sədri “Qarabağ” blokunun fəaliyyəti ilə bağlı bildirib ki, blok seçkiöncəsi yeni addımlar atmaq niyyətindədir:
““Qarabağ” bloku çərçivəsində hər həftə görüşlərimiz keçirilir. Sabah da bizim növbəti görüşümüz gözlənilir. Seçkiöncəsi qərara almışıq ki, blokun məclisi yaradılsın. Blokun rayon təşkilatlarının yaradılması nəzərdə tutulub”.