Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR...

Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR...


24-10-2024, 11:09
Azərbaycana sülh məktubu, Ermənistana silah GÖNDƏRİLİR...
ABŞ yenə də ölkəmizə münasibətdə ikiüzlü siyasət yürütməkdə davam edir. Bunu ABŞ Prezidenti Co Baydenin Azərbaycan və Ermənistan liderlərinə ünvanladığı məktublardan da aydın şəkildə görmək olar. Belə ki, rəsmi Bakıya ünvanlanan məktubda Ağ Ev tərəfindən Azərbaycana sülh çağırışı edilir. Regionda sülhün vacib olduğu vurğulanır. Ermənistana münasibətdə isə Vaşinqton sülh çağırışından daha çox onu silahlandırmaqla məşğuldur. Ermənistana müasir silahların verilməsi müzakirə olunur.

Yəni Vaşinqton tərəflərdən birinə sülhə dəvət məktubu göndərir, digər tərəfi isə sülhə əngəl olacaq vasitələrlə təmin edir.

Bu isə Amerikanın ikiüzlü siyasət yürütdüyünün bariz nümunəsidir.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, ABŞ ikiüzlü siyasət yürütmək baxımından öz ənənəvi ampluasındadır:

“ABŞ-ın davranışları getdikcə ATƏT-in Minsk qrupunda 30 illik həmsədrlik dövründəki davranışlarına bənzəyir. 30 il ərzində Azərbaycana beynəlxalq hüquqdan danışıb, problemin hərbi yolla həllinin olmadığını dedikləri kimi, indi də ölkəmizlə sülhdən danışıb, Ermənistanı isə silahlandırırlar. Bu Vaşinqtonun sülhə, regiona və beynəlxalq hüquqa münasibətdə davranışlarının göstəricisidir. Yəni dolayısı ilə ABŞ öz ənənəvi ampluasındadır.

Azərbaycan onsuz da yaxşı bilirdi ki, sülh məktubu göndərən ABŞ artıq xeyli vaxtdır Ermənistana hərbi təlimatçılar göndərir, bu ölkədəki xüsusi təyinatlı qüvvələri müharibəyə hazırlamaqla bağlı təlimlər keçir. Üstəlik, Ermənistana silah da göndərirlər. Bu yanaşma isə Amerikanın ikili standartlarından, ikiüzlü siyasətindən xəbər verir”.

“Azərbaycan Ermənistanı sülhə məcbur edəcək”

Deputat qeyd edir ki, Azərbaycan heç kimin dəstəyi olmadan torpaqlarımızı işğal altından necə azad etdisə, sülhü də heç kəsin dəstəyi olmadan, məcburən regiona gətirəcək:

“Amerikanın bu davranışları Azərbaycanı məhz növbəti sülhə məcburetmə tədbirləri görməyə sövq edir. ABŞ bunu istəyirsə, Azərbaycan yenə öz ordusunun gücü ilə Ermənistanı sülhə məcbur edəcək. Çünki sülh ölkəmiz üçün strareji məqsəddir və onu onu əldə etmək üçün hər bir addımı atmaqda qərarlıyıq”.

Geri qayıt