Əsas Səhifə > Ana xəbərlər, Güney Press > SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR...

SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR...


24-10-2024, 11:42
SAĞ OLDUQLARINA ŞÜKÜR ETSİNLƏR...
Cənubi Qafqazda sabit sülhün bərqərar olması üçün Azərbaycanla Ermənistan arasında sülh sazişi vacibdir. Məhz bu səbəbdən Azərbaycan Ermənistanla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin imzalanmasını xarici siyasətinin gündəmində dayanan əsas məsələlərdən biri hesab edir.
Tərəflər arasındakı münasibətlər sülhə heç vaxt olmadığı qədər yaxın hesab olunsa da, rəsmi İrəvan destruktiv siyasətindən əl çəkmir. Ermənistan ona təqdim olunan imkanlardan istifadə etmək əvəzinə, bir addım irəli, iki addım geri” prinsipi ilə hərəkət edirlər. İrəvan konstitusiyada Azərbaycana qarşı ərazi iddiasına əsas verən müddəaları aradan qaldırmaqda maraqlı görünmür. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qaldığı halda isə regionda daimi sülhün bərpası mümkün görünmür. Rəsmi Bakı gələcək nəsil üçün hansısa problem saxlamaq istəmir.
Rəsmi İrəvan isə sülhlə bağlı intensiv bəyanatları ilə sadəcə olaraq beynəlxalq ictimaiyyəti çaşdırmaq, özü haqqında müsbət rəy yaratmaq istəyir.
Özünü sülh göyərçini kimi qələmə verən Ermənistan növbəti dəfə sülh müqaviləsinin tezləşdirilməsi ilə bağlı mövqe nümayiş etdirib. Guya ki, Azərbaycan sülhü uzatmaq üçün bəhanə axtarır. Ermənistan hökuməti isə bizə
bu fürsəti verməmək üçün bütün tələblərimizə boyun əyir. Halbuki Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir, konstitusiya islahatlarını 2027-ci ilə qədər uzatmaq da məhz bu məqsədə xidmət edir.
Ermənistanın “Hraparak” nəşrinin məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan həbsxanalarında saxlanılan erməni hərbi əsirlərin (terrorçuların – red.) qaytarılması məsələsini sülh müqaviləsinə salmaqdan imtina edib: “Bizə dedilər ki, müqaviləyə məhbuslarla bağlı bəndin salınması müzakirə olunub, lakin Azərbaycan etiraz edib, Paşinyan da bununla razılaşıb”.
Ermənistanın hakim Mülki Müqavilə Partiyasının üzvü, deputat Ovik Ağazaryan nəşrə bildirib ki, Paşinyan Bakıda həbsdə olan separatçılarla bağlı məsələnin dövlət səviyyəsində gündəmə gətirilməsinin danışıqlara mane olacağını və rəsmi Bakının əlində “silaha” çevriləcəyini düşünür: “Məhbuslar məsələsi danışıqlar prosesinə daxil edilsə, sülh gündəmi dalana dirənəcək”.
Xatırladaq ki, qondarma rejimin terrorçu liderləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, “spiker” David İşxanyan, “xarici işlər naziri” Davit Babayan, “müdafiə naziri” Levon Mnatsakanyan, “dövlət naziri” Ruben Vardanyan, general David Manukyan Bakıda istintaq təcridxanasında saxlanılır.

Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri isə “Sherg.az"a açıqlamasında deyib ki, erməni terrorçuları və separatçı rejimin kriminal ünsürlərinin Azərbaycan həbsxanasında saxlanılması tam hüquqi və beynəlxalq humanitar hüquq çərçivəsindədir:

“Erməni lobbisinin təsiri altına düşən beynəlxalq təşkilatlar, hətta ABŞ-nin maliyyələşdirdiyi “insan hüquqları” təşkilatları bu kontekstdə Azərbaycana təzyiq edib, qərb mediasında əleyhimizə qarayaxma kampaniyaları aparsalar da, bu təzyiqlərin heç bir hüquqi əsası olmadığı üçün “onlara əppək yoxdur”. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı faktı BMT-də təsdiq edilib. 4 qətnaməsi ortadadır. Ermənistan hökuməti də reallığı dərk etdiyi üçün bu məsələni qabardıb sülh prosesi üçün süni əngələ çevirmək istəmir. Ən azından Azərbaycanın bu yöndə qərarının qəti olduğunun fərqindədir. Azərbaycanda saxlanılan separatçılar adi cinayətkarlar deyil ki, öz ölkəsinə ekstradisiyası ilə bağlı güzəştə gedilsin. Bakıda saxlanılan cinayətkar hərbi-siyasi rəhbərlərinin layiqli cəzalarına çatdırılması şübhəsiz, hər şeydən öncə Azərbaycan üçün bir şərəf, imic məsələsidir. Həm beynəlxalq hüququn təsbiti baxımından vacibdir, həm də erməni separatizminə və onu qızışdıranlara göz dağı və dərs, ağrılı qulaqburması üçün vacibdir. Nə sülh sazişinin bağlanmasına, nə də COP29-u bəhanə edib cinayətkar separatçı ünsürlərin buraxılmasına hesablanmış cəhdlərin bizim üçün bir əhəmiyyəti var. Oların hər biri əli Azərbaycan xalqının qanına batmış cəlladlardır və əməllərinin də bədəlini ən ağır formada ödəyəcəklər”.

Politoloqun sözlərinə görə, bu erməni ünsürlərin həbsdən azad olunması heç Ermənistan hökumətinin də maraqlarına uyğun deyil:
“Bu canilər Ermənistandakı Qarabağ klanına, dolayısı ilə Rusiyaya bağlı, böyük maliyyə mənbələrinə sahib insanlardır. Eyni zamanda Qarabağdan könüllü getmiş ermənilərin üzərində böyük nüfuz və təsir imkanları var. Bu baxımdan onların Azərbaycan həbsxanalarından azad edilərək Ermənistana qaytarılması Nikol Paşinyan üçün arzuolunmaz bir vəziyyət yarada bilər. Paşinyan hökuməti də bunun fərqində olduğu üçün Azərbaycan həbsxanalarında saxlanılan erməni cinayətkarların sülh şərtlərindən biri kimi müzakirə edilməsi gündəmdə deyil”.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın “Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və indi də belədir” etirafına toxunan N.Mirinin sözlərinə görə, gec də olsa həqiqətin etirafı kifayət qədər müsbət və sülh üçün əhəmiyyətli bir addımdır:
“Lakin Simonyanın bu etirafı Azərbaycana qarşı jest görünütüsü yaratmaq, yarımçıq sərhədlər çərçivəsində Azərbaycanı sülh müqaviləsi imzalamağa sövq etməkdir. Bu jestin arxasında Ermənistanın havadarlarının istəyi və planlarını həyata keçirmək üçün vaxt qazanmaq təşəbbüsü dayanır. Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyası Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyanın reqlamentinin ratifikasiyası da məhz bu məqsədə hesablanıb.
Lakin Ermənistanın bu etirafları bizim üçün yetərli deyil. Reqlamentin müzakirəsində erməni müxalifətinin iştirak etməməsi onların Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunu göstərir. Sabah Ermənistanda siyasi konnektura dəyişdiyi təqdirdə bu zehniyyətdə olan insanların ölkəmizə qarşı ərazi iddiaları qaldıracaqları birmənalıdır. Ona görə də bizi bu cür xırda jestlər, ancaq və ancaq Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması qane edə bilər. Necə deyərlər, dad yarımçıq əlindən! Hətta biz yarımçıq papaqçını belə kamil palançı ilə müqayisə edirik. Dünyada belə bir president yoxdur, heç bir dövlət yarımçıq sənəd əsasında sülh müqaviləsinə imza atmayıb. İlki də biz olmayacağıq!”.

Geri qayıt