Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş...

Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş...


24-10-2024, 14:02
Qida təhlükəsizliyini təmin edə bilməyən qurum, lağlağı ilə laqeyd qalan vətəndaş...
Türkiyədə ət yeməkləri ilə tanınan restoranlardan birinə satılan ətlərin tərkibində donuz əti aşkarlandığı iddiasına görə cinayət işi açılıb və restoranın fəaliyyəti dayandırılıb. Təkcə tərkibinə donuz ətinin qatılma ehtimalına görə (restoran sahibi belə bir faktın olmadığını və aidiyyəti qurumların ekspertiza ilə bunu isbat edə bilmədiklərini qeyd edir - red) restoranlar şəbəkəsinin bütün filialları xidmətini dayandırıb. Hal-hazırda bu istiqamətdə hüquq-mühafizə orqanları araşdırmalar aparır.

Bəs eyni hadisə Azərbaycanda baş verdikdə nə olur? Hansı restoranın fəaliyyətinə qadağa qoyulur və ya hansı restoran sahibinə cinayət işi açılır?

Hər il toyların keçirildiyi restoranlarda ciddi zəhərlənmə halları olur və insanlar kütləvi şəkildə xəstəxanalara və təcili tibbi yardıma müraciətlər edirlər. Hətta aralarında dünyasını dəyişənlər də olur. Bunlar hələ toy məclislərinin keçirildiyi, kafe kimi fəaliyyət göstərməyən iri restoranlardır. Bir də dönər, kabab və bənzəri menyularla zəngin, nisbətən kiçik kafe və restoranlar var. Hansı ki, bəzilərində hər il at, uzunqulaq və ya ölü heyvan ətlərinin satıldığı aşkarlanır. İddiaya görə, həmin obyekt sahiblərinə cinayət işi açılır və həbs olunurlar. Ancaq bir neçə aydan sonra biz yenə eyni insanların eyni əməllə yenidən gündəmə gəldiyinin və yenə eyni "xidməti" göstərdiyinin şahidi oluruq. Sanki bu insanlar "ət sektoru"nda gündəm boş qalmasın deyə, şou xatirinə hərdən bir neçə aylıq "istirahət"ə göndərilir və bu, ictimaiyyətə "təhlükəli qida məhsullarına qarşı kompleks yoxlama tədbirləri" kimi tanıdılır. Hüquq-mühafizə orqanları bu şəxsləri aşkarlayır. Ancaq məhkəmələr onları bir neçə aylıq həbs edib, sonra yenə azadlığa buraxır.

Xatırlatma üçün yenidən qeyd etməliyəm ki, bu şəxslər Türkiyədəki kimi donuz əti yox, birbaşa ölmüş, murdar heyvan ətlərinin satışı ilə məşğul olanlardır. Yəni dönərə və ya başqa ətli qidalara donuz əti qatsalar, "normal" hal kimi qiymətləndirilər.

Qəbul etdiyimiz qidaların təhlükəsizliyinə nəzarət etmək üçün kifayət qədər maliyyə ayrılır. Hətta qurum, agentlik yaradılır. Ancaq bu sahəyə nəzarət yenə də laqeyd şəkildə aparılır.

Digər dəhşətli vəziyyət də ondan ibarətdir ki, bütün bu dələduz, cinayətkar əməllər ictimaiyyətə çox yaxşı məlumdur və ölmüş uzunqulaq əti satan adamın adı sosial şəbəkələrdə zarafat mövzusuna çevrilir. Türkiyəlilər deməli, insanlar işin "qır-qırında"-dır. Heç kim məsələnin ciddiliyini fərqinə varmaq istəmir. Həmin şəxslərin niyə bir neçə aydan sonra azadlıqda olduğu əksəriyyət tərəfindən sorğulanmır. Hətta bu adamların il ərzində bir neçə dəfə həbs edilib, buraxıldığına da diqqət yetirilmir. Məsələn, uzunqulaq əti satdığına görə el arasında "eşşək filankəs" ləqəbli adamın bu "ünvan"ı alması üçün neçə dəfə həbs edilib, sonra sözün hər mənasında sərbəst buraxılmasının sayını bilmirik. Məlum məsələdir, bir insana bir ləqəb verilirsə, demək ki, bu adam dünyaya göz açandan o işlə məşğuldur və yetərincə tanınır. Lakin Azərbaycanda adının arxasına "eşşək" ləqəbi qoşulanlar ən gözəl "otlaqlar"da ürəkləri istəyən formada "otlayır"lar. Hərdən məsul dövlət qurumu bunları "tövləyə" qatır. Qışda qapalı yerdə istirahət edirlər, yaz gələn kimi yenə "sahə"yə buraxılırlar.

Bizimyol.info

Geri qayıt