Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın

Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın


24-10-2024, 19:02
Zəngəzur dəhlizində ilişən konsensus və ya İrəvan günahı özündə axtarsın
“Üç ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi Azərbaycan, Ermənistan və Rusiya regional kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli komissiya fikir birliyi olmayan məsələlərə görə iclaslarını davam etdirmir”. Bu sözləri Ermənistan Baş nazirin müavini Mher Qriqoryan parlamentdə keçirdiyi brifinqdə deyib. Nazir deyib ki, görüşlər davam etmir: “Bilirsiniz ki, prinsipial məsələlər var ki, onların üzərində konsensus olmalıdır. Konsensus olana qədər detalları müzakirə etmək mənasızdır”.

Qeyd edək ki, üçtərəfli komissiya 2021-ci ilin yanvarında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilən iclasında yaradılıb. Onlar üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində regionda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına diqqət yetirəcək işçi qrupu yaratmaq qərarına gəliblər.

Regional kommunikasiyaların ən mühüm məsələsi Zəngəzur bölgəsi vasitəsilə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələrin yaradılmasıdır. Ermənistan tərəfi iddia edir ki, bu, yalnız suverenlik və qarşılıqlılıq prinsipləri əsasında Ermənistanın daxili qanunvericiliyinə uyğun olaraq baş verə bilər.

Onu da xatırladaq ki, dünən Ermənistan Parlamentinin iclasında Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyaların Reqlamenti haqqında qanun layihəsini təsdiqlənib. Qanun layihəsinin lehinə 67 deputat səs verib. Səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” Partiyasından olan deputatlar iştirak ediblər. Müxalifətdən olan deputatlar isə əvvəldən qanun layihəsinin müzakirəsini boykot edəcəyini açıqlayıb.

Mövzu ilə bağlı AYNA-nın suallarını cavablandıran Milli Məclisin deputatı Elçin Mirzəbəyli reqlament iki tərəfin delimitasiya və demarkasiya prosesini necə həyata keçirəcəyi ilə bağlı müəyyən istiqamətləri müəyyənləşdirir:

- Təbii ki, bu, işçi qrupların fəaliyyətinin intensivləşməsinə töhfəsini verəcək. Ermənistan prosesi özünün qanunvericiliyinə uyğun şəkildə həyata keçirir. Bundan əvvəl Ermənistan Konstitusiya Məhkəməsi reqlamentlə bağlı imzalanan sənədin Ermənistan Konstitusiyasına zidd olmaması barədə qərar verib. Əslində bu, ratifikasiya üçün əsas yaradırdı. Buna uyğun da Ermənistan Parlamenti məsələni plenar iclasa çıxardı və ratifikasiya etdi. Bu, gözlənilən idi. Çünki buna Ermənistan Parlamentində mane olan hal yox idi. Düzdür, erməni müxalifəti buna qarşı çıxdı. Amma Ermənistan hakim partiyasının səs çoxluğu ilə bu, qəbul olundu.

Baxmayaraq, Ermənistan tərəfi hər iki ölkənin parlamentində bu sənədin eyni vaxtda ratifikasiyasını bildirirdi. Amma bu, parlament demokratiyasına zidd olan məsələ idi. Bütövlükdə, sənədin ratifikasiyası prosesin gələcəkdə intensivliyinə töhfəsini verəcək.

- Ermənistan Baş nazirinin müavini Mher Qriqoriyan açıqlamasında bildirib ki, kommunikasiyaların blokdan çıxarılması ilə bağlı üçtərəfli komissiya toplantı keçirmir. Onun sözlərinə görə, kommunikasiyalarla bağlı fundamental problemlər var, konsensus əldə edilməyib. Bu iclasların keçirilməməsi nələrlə nəticələnə bilər?

- İclasların keçirilməməsi kommunikasiyaların açılması prosesini ləngidir, əngəllər yaradır. Amma komissiyaların iclasının keçirilməməsi səbəbləri Qriqoryanın özünə də yaxşı məlumdur. Kommunikasiyaların açılmasından söhbət gedirsə, burada 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Birgə Bəyanatda göstərilən prinsiplər nəzərə alınmalıdır. Həmin sənəddə kommunikasiyaların hansı formada açılmalı olduğu izah edilib və Ermənistan üzərinə öhdəlik götürüb. Söhbət Zəngəzur dəhlizinin gerçəkləşməsindən gedir. Dəhlizin açılması üçün rəsmi İrəvan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Bütövlükdə regionda kommunikasiyaların blokdan çıxarılmasından, iqtisadi əlaqələrin qurulmasından söhbət gedirsə, bunun ana xəttində Azərbaycanlın əsas hissəsi ilə Naxçıvanı birləşdirən dəhlizin açılması, maneəsiz hərəkətin təmin olunması dayanır. Qriqoriyanın dediyi konsensusun yaranmasına əngəl yaradan da Ermənistan tərəfinin tutduğu mövqedir. Ermənistan Zəngəzur dəhlizinin icrasında maraqlı görünmür. Dəhliz isə reallaşmadan hansısa kommunikasiyanın açılması mümkün deyil. Demək istəyirəm ki, Qriqoriyan konsensusun əldə olunmaması səbəbini özlərində axtarmalıdır.

- Fundamental problemlərin yaxın zamanda həll olunması ehtimalı nə qədərdir?

- İndiki halda, hər şey Ermənistan tərəfinin atacağı addımlardan asılıdır. Mahiyyəti üzrə Azərbaycan üçün kommunikasiyaların açılmasında heç bir problem yoxdur. Azərbaycan dəfələrlə bəyan edib və əməldə də görtərib ki, kommunikasiyaların blokdan çıxarılmasına razıdır. Sadəcə tələblər var ki, o tələblər yerinə yetirilməlidir. Xüsusilə, Zəngəzud dəhlizi reallaşmalıdır. Onu da demək lazımdır ki, Azərbaycanın bu günədək həyata keçirdiyi layihələr ölkəmizin bütün istiqamətlərə sərbəst çıxışını təmin edir. Hazırda ölkəmizin ərazisindən bir neçə nəqliyyat marşrutu keçir və bu marşrutların inkişafı istiqamətində addımlar atılır. Ermənistan ərazisindən keçəcək nəqliyyat dəhlizi – Zəngəzur dəhlizi həm də Azərbaycan ərazisindən keçən marşrutların bir hissəsinə çevrilə bilər. Bu da ayrı-aytrı beynəlxalq dəhlizlər arasında əlaqələrin yaranmasına töhfə verə bilər. Əslində Zəngəzur dəhlizinin açılmasında, kommunikasiyaların blokdan çıxarılmasında ilk növbədə, Ermənistan daha çox maraqlı olmalıdır. Amma nəqliyyat dəhlizlərinə geosiyasi kontekstdən yanaşan və ayrı-ayrı qüvvələrin maraqlarına xidmət edən Ermənistan bu istiqamətdə konkret mövqe göstərə bilmir. Ona görə də proses uzanır. Dediyim kimi, fundamental problemin aradan qalxması Ermənistanın atacağı addımlarla bağlıdır. Necə deyərlər, top Ermənistan tərəfindədir.

Geri qayıt