Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir

İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir


Bu gün, 08:35
İrəvan pusquda durub Gürcüstandakı seçkiləri izləyir
Oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra ölkədə dövlət çevrilişi hazırlayan qrup var. Bu sözləri Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. Onun sözlərinə görə, çevriliş hələ 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra planlaşdırılıb: “Bu dəfə müşahidəçi qeyri-hökumət təşkilatlarının köməyi ilə Gürcüstanda iğtişaşlar üçün qondarma bəhanə yaratmaq məqsədilə saxta seçki hesabatlarına hazırlaşırlar. Hakimiyyətin antidemokratik yolla ələ keçirilməsinə hazırlıq gedir və yerli monitorinq təşkilatları bu işə cəlb olunub”. Erməni politoloq Stepan Danielyan isə deyib ki, Ermənistan hakimiyyətinin gələcəyi Gürcüstan seçkilərində həll olunacaq. Onun sözlərinə görə, Gürcüstanda təkcə Ermənistanın deyil, Cənubi Qafqazın da taleyi həll olunur: "Ermənistan hakimiyyətinin gələcəyi də Gürcüstan seçkilərindən asılıdır. Əgər Gürcüstan seçkilərdən sonra Qərblə münasibətlərini pisləşdirsə, Qərbin yaxın münasibətdə olduğu yeganə dövlət Ermənistan olaraq qalacaq. Hətta Qərb lazım gələrsə, Ermənistan əhalisi üçün helikopterdən ərzaq da atar. Bu seçkilərin geosiyasi əhəmiyyəti var. Hakimiyyətin dəyişməsi xarici oriyentasiyaların dəyişməsinə gətirir. İndi bu, daha kəskin şəkildə baş verir və hətta Ermənistan kimi kiçik bir ölkənin seçkiləri geosiyasi dəyişikliklərə, hətta müharibəyə gətirib çıxara bilər”.

Siyasi şərhçi Səxavət Məmməd "Sherg.az"a vurğulayıb ki, Gürcüstanda seçkiərəfəsi gərginlik gözlənildiyindən də gərgin keçir. İstər hakimiyyət, istərsə də hökumət bütün gücünü səfərbər edib. Ekspertə görə, Avropa xətti ilə Rusiya xətti arasında ciddi qarşıdurma var və bunun seçki günü və ondan sonrakı günlərdə daha da gərginləşəcəyini indidən demək olar:

"Heç şübhəsiz ki, Qərb institutları ilə yanaşı, region dövlətləri də Gürcüstandakı prosesləri yaxından incələyir və nəticələri hesablayır. Qərb ölkələrinin Gürcüstanla bağlı bəyanatları, bəzi qərarlarının iki səbəbi ola bilər. Birincisi, vizasız Avropanı görənləri daha da qıcıqlandırıb, mübarizəyə həvəsləndirmək, ikincisi isə Qərb institutları düşünür ki, qalib gəlmək mümkün olmayacaq. Hər iki halda zərər görən Gürcüstan olacaq. Qərb uduzacağı təqdirdə, Gürcüstanı sıxışdırmaq üçün əlindən gələni edəcək. Rusiya uduzacağı təqdirdə isə Gürcüstan hərbi təhdid qarşısında qala bilər. Ən unikal variant kimi koalisiya kimi görünsə də, vəziyyət elə bir həddə gəlib ki, bunun olacağı gözlənilən deyil. Ancaq mümkün variantdır".

S.Məmməd hesab edir ki, Azərbaycan üçün Gürcüstandakı seçkilərin nəticələri çox önəmlidir:
"Rusiya və Çinlə strateji tərəfdaşlıq bəyannamələri Azərbaycanın mövqeyini ortaya qoyur. Qərbin Gürcüstanda qalib gəlməsi, Qərbin həm də Azərbaycan sərhədinə dayanması kimi də qiymətləndirilməlidir. Ona görə də Gürcüstandakı seçkilərin diqqətlə izlənməsi anlaşılandır. Ümumiyyətlə, Cənubi Qafqaz ölkələrinin üçü də eyni xətti tutmadıqca, regionda konflikt əskik olmayacaq. Proseslərə bir qədər kənardan baxan tərəf isə Ermənistandır. Ermənistanın bu cür baxışı, əslində, pusquda durmaq anlamı daşıyır. Ermənistan nəticəyə görə hərəkət edəcək və sabah Ermənistanla Rusiyanın yaxınlaşması bizə təəccüblü gəlməməlidir".

Geri qayıt