Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir"

"Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir"


Bu gün, 10:01
"Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir"
Avropa İttifaqının (Aİ) kəşfiyyat-müşahidə missiyası Azərbaycan və Ermənistan sərhədində təxribat fəaliyyətini davam etdirir. Bu mövzuda Minval.az xəbər yayıb ki, onlar bu dəfə sərhədin Bağanıs Ayrım və Voskepar kəndlərində (tarixi adı - Yuxarı Əskipara) görünüblər.

Sonra Aİ-nin həmin korteji sərhədin Ermənistan Silahlı Qüvvələri mühəndis işləri apardığı Azərbaycanın Fərəhlı kəndi yaxınlığında görünüblər. Avropalı müşahidəçilər burada erməni hərbçilərlə hansısa müzakirələr aparıblar. Sayt yazır ki, Aİ nümayəndələrinin mühəndislik işlərini “müşahidə etməsinin” özü açıq şəkildə göstərir ki, onlar öz mandatlarından kənara çıxıblar və əslində nəinki mühəndislik və möhkəmləndirmə işlərinə nəzarət edirlər, həm də necə və nə etməli olduqlarını birbaşa göstərirlər. Yəni onlar birbaşa prosesdə iştirak edir, təlimatçı kimi çıxış edirlər.

Üstəlik, Azərbaycanla Ermənistan arasında aparılan ikitərəfli danışıqlarda artıq razılaşdırılmış və demarkasiya olunmuş sərhədin həmin hissəsində avropalı müşahidəçilərin peyda olması haqlı suallar doğurur. Məlumatda deyilir ki, Fransa Ermənistanla hərbi əməkdaşlığı inkişaf etdirir və bu prosesə sanki bütün Avropa İttifaqı, o cümlədən müşahidəçi adından çıxış edən strukturları fəal şəkildə cəlb edir. Bakı və Moskva rəsmiləri vaxtaşırı Avropa İttifaqının (Aİ) Ermənistandakı sərhəd monitorinq missiyasının “regionda sabitliyə töhfə vermədiyini” və onun geri çəkilməsini tələb edərək “casusluq fəaliyyəti ilə məşğul olduğunu” bildiriblər. Regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək üçün fəaliyyətə başladığını elan edən missiya ötən müddət ərzində qarşısına qoyduğu heç bir hədəfə çatmayıb, əksinə, etimadın yaranmasında əngəl, şərti sərhəddə hərbi təxribatlar üçün katalizator rolu oynayır. Prezident İlham Əliyev Belçika Krallığının yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən də bu barədə danışıb.

Prezident Əliyev vurğulayıb ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin Azərbaycanın razılığı olmadan uzadılmasıdır. Onun sözlərinə görə, 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun: “Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, "binokl diplomatiyası" heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi". Dövlət başçısı bildirib ki, Avropa İttifaqı ilə təmaslarda bu məsələ qaldırılacaq. İrəvanda isə əksinə, bu mandatın uzadılmasının zəruriliyindən danışırlar. Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev NATO-nun hərbi qərargahının rəhbəri general Yanuş Adamçakla Bakıda görüşdə Avropa missiyası birliyinin “regiondakı vəziyyəti gərginləşdirdiyini” və “sərhəddən geri çəkilməli olduğunu” bildirib. Aİ missiyasının mandatının bitməsinə dörd ay qalıb. Bununla belə, Ermənistanla Avropa İttifaqı arasında müqavilədə qeyd olunur ki, müşahidəçilərin (və ya kəşfiyyatçıların) mandatı daha iki il müddətinə uzadıla bilər.

“Biz Avropa İttifaqının mülki müşahidəçi missiyasına və bu missiyanı bura göndərən ölkələrə minnətdarıq. Ümid edirik ki, müşahidəçilər ən azı sülh müqaviləsi imzalanana qədər burada olacaqlar”. Bunu isə Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan oktyabrın 23-də parlamentdə jurnalistlərlə söhbətində belə deyib. “Tez-tez belə olurdu ki, Azərbaycan Ermənistan tərəfinin qoşun yeritdiyini və ya hücuma hazırlaşdığını bildirirdi. Bu zaman avropalı müşahidəçilər gəlib bunun belə olmadığını qeyd edirdilər. Baxacağıq, bəlkə sonradan buna ehtiyac qalmayacaq”, - Simonyan əlavə edib. Göründüyü kimi, Ermənistan missiyanı sülh sazişi bağlanana qədər bölgədə saxlamaq fikrindədir. Amma o da var ki, əgər İrəvan Bakının əsas tələbini (konstitusiyaya dəyişiklik - E.S.) yerinə yetirməsə, sülh olmayacaq. Ermənistan isə referenduma 2026-cı ildə getməyi planlaşdırır.

Deməli, ən azı daha iki il Aİ sərhəddə təxribatçı hərəkətlərini davam etdirəcək. O halda, Bakının çıxış yolu nədir? Əgər tələblər eşidilmirsə, nə etməliyik? “Ermənistan Azərbaycanla sərhəddə Aİ müşahidəçilərinin mandatının uzadılmasının tərəfdarıdır”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib. “Bildiyim qədər, Aİ missiyanın mandatının uzadılması imkanını nəzərdən keçirir... Biz Aİ-nin müşahidəçi missiyasının olmasını zəruri hesab edirik”, - o deyib.

Hərbi ekspert Ramil Məmmədlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Qərb kəşfiyyatı Ermənistana yerləşib: “Bu kəşfiyyatın bir hissəsi ABŞ-ın İrəvandakı səfirliyindədir, bir hissəsi isə Avropa İttifaqının Azərbaycanla olan sərhədindədir. Bütövlükdə, Qərb bölgəyə Ermənistan üzərindən yerləşib. Azərbaycan tərəfi son addımlarına görə bu missiya ilə bağlı Avropa İttifaqına etiraz məktubu göndərə bilər. Bizim siyasi-diplomatik müstəvidə addım atmağımız mümkündür, başqa çıxış yolu görünmür. Bundan əvvəl də keçmiş Laçın dəhlizinə doğru "binokl"la müşahidə aparılmışdı. Avropalı müşahidəçilərin nə axtardığını soruşmaq lazımdır. Belə görünür ki, Ermənistan bu missiyadan qalxan kimi istifadə edir və təəssürat yaradır - guya atəşkəsə nəzarət edilir".

Hərbi ekspert bu missiyanın ləğvi üçün diplomatik təzyiqlərin gücləndirilməsini vacib sayır: “Təbii ki, bu təxribat xarakterli hərəkətlərə güc tətbiq etməklə cavab vermək olmaz. Amma Avropa İttifaqına Azərbaycanla olan əlaqələri xatırlatmaq, Bakının Qərb bazarında rolunu yada salmaq lazımdır. Və bildirilməlidir ki, müşahidə missiyası adı ilə yerləşənlər Azərbaycan ərazilərinə baxmaqla məşğuldurlar və bu addımların hesabatını verməlidirlər. Eyni zamanda bu missiya mülki deyil. Polis və jandarma fəaliyyətdədir. O cümlədən NATO üzvü Kanada qoşulub. Bəs bu ölkənin Avropa Birliyinə nə aidiyyəti var? Sadəcə, Ermənistan bilməlidir ki, bu siyasəti ona üstünlük qazandırmır. Bölgəyə bu qüvvələri cəlb etməklə Zəngəzur dəhlizinin açılmasından yayınmaq mümkün olmayacaq. Yəni bu missiya bizə qarşı provokativ addımları ilə heç nəyə nail ola bilməz”.

Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Jozep Borrel 2023-cü il dekabrın 11-də Aİ ölkələrinin xarici işlər nazirlərinin Ermənistandakı Aİ müşahidəçilərinin sayını 138-dən 209-a çatdırmaq qərarına gəldiklərini bəyan etmişdi. Avropalı məmurun sözlərinə görə, missiyanın genişləndirilməsi Ermənistan-Azərbaycan sərhədində sabitliyin artırılması vasitəsi olacaq. Rusiya tərəfi də bu missiyaya qarşıdır və Qərbin Cənubi Qafqaza müdaxiləsi kimi qiymətləndirir.

Geri qayıt