Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qərbin Rusiya və Azərbaycan planı

Qərbin Rusiya və Azərbaycan planı


Bu gün, 07:20
Qərbin Rusiya və Azərbaycan planı
Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja ölkəsinin Rusiya qazının “bir molekulunu belə” idxal etmədiyini bildirərək Türkiyə üzərindən Azərbaycandan qaz aldığını bildirib. Bir müddət öncə, “Avropanın qalan hissəsi üçün Azərbaycan qazına çıxış”ın vacibliyinə toxunan Burduja bunu “Rusiya qazına başqa təhlükəsiz alternativ”in olmaması ilə əsaslandırmışdı.

Azərbaycan qazının Rusiya qazına alternativ olması ölkəmizi Moskvanın hədəfinə gətirmir ki?

Globalinfo.az-a danışan iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov deyib ki, Azərbaycan Avropada öz ənənəvi satış bazarına malikdir:

“Heç bir başqa aparıcı qaz istehsalçısının bazarında özümüzü təsdiq etməyə çalışmamışıq. Azərbaycanın öz satış bazarı var. Qərbin müxtəlif media orqanlarında Rusiya ilə Azərbaycanı üz-üzə qoymaq cəhdləri var. Bunların qarşısını almaq lazımdır. Bu iki ölkə arasında enerji daşıyıcıları bazarında və ya digər istiqamətlərdə heç bir ziddiyyətə səbəb olan məqam yoxdur. Rusiyanın qaz hasilat həcmi ilə Azərbaycanın qaz hasilatı həcminin müqayisə edilməsi düzgün deyil. Burada çox böyük fərqlər mövcuddur. İki ölkənin iqtisadiyyatla bağlı hədəfləri tamamilə fərqlidir. Ona görə də bu fikirlər reallıqdan uzaqdır”.

Elşad Məmmədovun sözlərinə görə, Avropa İttifaqında Rusiya enerji daşıyıcılarından imtina siyasi şüara çevrilib:

“Bu şüar nəticəsində Aİ çox ciddi siyasi, iqtisadi və sosial problemlərlə artıq üz-üzə qalıb. Həmin problemlər daha da dərinləşəcək. Azərbaycan qazını tam şəkildə Rusiya qazına alternativ kimi göstərmək doğru deyil. Çünki Rusiya 150 milyard kub metrə yaxın qazı təkcə kəmərlər vasitəsilə Avropaya ixrac edirdisə, hansı başqa ölkə həmin qiymətlərlə eyni miqdarı kompensasiya edə bilər? Azərbaycan milli maraqlarımıza uyğun olaraq iqtisadi, xarici iqtisadi siyasətini qurur”.

İqtisadçı ekspert Elman Sadıqov isə məsələyə belə münasibət göstərib:

“Rusiya hazırkı dövrdə qaz məsələsinə görə, Azərbaycanı hədəfə gətirməyəcək. Çünki Kremlin dost, müttəfiq itirən vaxtı deyil. Əksinə normal, ilıq iqtisadi-siyasi münasibətlər formalaşdıra biləcək ölkələr axtarışındadır. Rusiya dünya birliyi tərəfindən təcrid olunmuş vəziyyətdədir.

Rusiya öz günahı hesabına Avropadakı 40 faizlik bazar payını itirib. Avropanın qaz istehlakının 40 faizə qədərini “Qazprom” təşkil edirdi. Kremlin həmin bazar payını heç kim əlindən ala bilməzdi.

Nəzərə alsaq ki, Azərbaycan 2023-cü ildə 13 milyard kub metr ixrac edib və bu qaz ixracı 2027-ci ilə qədər 16 milyard kub metrə çatacaq. Bu da Avropa istehlakının 4 faizini təşkil edir. Ən optimist ssenari ilə Azərbaycan bunu 6-7 faizə qaldıra bilər. Bu Rusiyanı qısqandıracaq pay deyil. Rusiya Avropa ilə münasibətlərini bərpa etsə, Ukraynadan çıxarsa, həmin bazar payına yenidən sahib ola bilər.

Avropa İttifaqının gözündə Azərbaycan etibarlı tərəfdaşdır. Azərbaycan öz müqavilə öhdəliklərini heç bir siyasi şərt qoymadan, kapriz qoymadan icra edən azsaylı ölkələrdəndir. Bu ticarətdə çox önəmli nüansdır”.
Geri qayıt