Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Türkiyə Ermənistanla sərhədlərini açmayacaq

Türkiyə Ermənistanla sərhədlərini açmayacaq


26-10-2024, 12:00
Türkiyə Ermənistanla sərhədlərini açmayacaq
Ermənistan və Türkiyənin müvafiq qurumlarının nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpası şərtlərini qiymətləndirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib. Onun sözlərinə görə, hələlik görüşün vaxtı təyin edilməyib. Rubinyan görüşün iki ölkə arasında sərhəd-keçid məntəqələri və Gümrü-Qars dəmir yolunun bərpası məqsədilə keçiriləcəyini deyib. Vitse-spiker Ankara və İrəvanın bundan öncə bu barədə razılaşma əldə etdiyini vurğulayıb. Ötən günlərdə İstanbulda Beynəlxalq Yol Federasiyasının Ümumdünya Konqresi çərçivəsində Ermənistan və Türkiyənin nəqliyyat nazirləri arasında görüş keçirilib. Ermənistan və Türkiyənin xüsusi nümayəndələri (Ruben Rubinyan və Atilla Kılıç) sonuncu dəfə iyulda təmir edilmiş Marqara keçid məntəqəsində görüşüblər. Həmin görüşdə Rubinyan və Kılıç Gümrü-Qars dəmir yolu ilə bağlı texniki tələbləri birgə qiymətləndirmək barədə razılığa gəlib. Ermənistan nümayəndəsi təfərrüatlı şəkildə bildirib ki, xarici işlər naziri Ararat Mirzoyan dünən parlamentdə tərəflərin müəyyən etimad quruculuğu tədbirləri həyata keçirəcəyini bildirərkən bu razılaşmanı nəzərdə tutub. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 23-də Ankara-İrəvan dialoqunun kifayət qədər müsbət templə inkişaf etdiyini açıqlayıb: “Ümid edirəm ki, çox yaxın gələcəkdə yeni nəzərəçarpacaq nailiyyətlər görəcəyik”. Lakin Mirzoyan və Rubinyanın, ümumilikdə İrəvanın Türkiyə ilə münasibətlərin tezliklə bərpa ediləcəyinə dair nikbinliyi üçün şifahi anlaşmalar olsa da, münbit zəmin yoxdur. İrəvan və Ankara 44 günlük müharibədən sonra barışıq cəhdinə başlasa da, Türkiyə ikitərəfli münasibətlərin normallaşmasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına bağlı olduğunu vurğulayıb. Politoloq Narek Sukiasyan hesab edir ki, Ermənistan-Türkiyə əlaqələrinin donunu sülh sazişinin imzalanması əridə bilər.

Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg az"a deyib ki, Ermənistan hökuməti və onlara dəstək verən Qərb dairələri İrəvan-Ankara əlaqələrini Bakı-İrəvan münasibətlərindən kənarda müzakirə etmək istəyirlər. Partiya sədrinin sözlərinə görə, buna dəfələrlə cəhdlər edilib:

"Zaman-zaman bu məsələdə təxribatçı açıqlamalar da gündəmə gətirilir. Məqsədli şəkildə Türkiyə adından əsassız iddialar səsləndirilir. Ancaq Türkiyə bu cür təxribatlara fürsət verməmək üçün mütəmadi bəyan edir ki, Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşmamış, sülh sazişi imzalanmamış Ermənistanla əlaqələr düzəlməyəcək, sərhədlər açılmayacaq. Ermənistan buna çox qısqanclıqla yanaşır və müəyyən təşəbbüslərlə nəyəsə nail olmağa çalışır. İki ölkə arasında xüsusi nümayəndələr ara-sıra görüşərək sülh sazişi imzalanan günədək bəzi məsələləri nizama salırlar. İndiki məqamda Türkiyə lideri ilə Ermənistan rəhbərliyi arasında baş tutan təmaslarda adətən İrəvana sülh çağırışları edilir, prosesdə qətiyyətli olmaq tövsiyyə olunur. Çünki Paşinyan hökuməti sülh adı ilə siyasi alverlə məşğuldur. Ankara bunu yaxşı bildiyi üçün İrəvanla lazım olan səviyyədə dialoq qurur. Ermənistan söz oyunlarından çıxaraq real sülh prosesinə qoşulduğu təqdirdə, Ankara-İrəvan münasibətləri də irəliyə gedəcək. Bu məsələni Qərbin sifarişi ilə reallaşdırmaq qeyri-mümkündür".

Geri qayıt