Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır?

Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır?


Bu gün, 10:17
Uşaqlar psixoloji və fiziki təzyiqə məruz qalır: Dərs yükü niyə ağırlaşdırılır?
Orta məktəblərdə dərs yükü kifayət qədər ağırdır. Sanki məktəb uşaqlara daha çox tapşırıq vermək üçündür. Verilən saysız tapşırıqları həll etmək, uşaqlara dərsi başa salmaq çox vaxt valideyinin öhdəsində qalır. Valideynin isə vaxtı, yaxud biliyi uşaqları öyrətməyə kifayət etmir.

Çox zaman bu səbəblərdən tədris ilinin ilk günlərindən valideynlər ibtidai sinifdə təhsil alan övladlarını hazırlıqlara, əlavə kurslara aparır. Əlavə dərs hazırlığı, idman, musiqi və s.

Məktəbin dərs yükü, əlavə hazırlıqlar uşaqları gün ərzində gərgin və yorğun vəziyyətdə saxlayır. Bundan əlavə, bir çox valideyn övladını yaxınlıqda olan məktəbə deyil, dolu avtobuslar, tıxaclı yollarla daha uzaq məsafələrdə olan məktəb və kurslara aparmağı seçir.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyət uşaqlarda fiziki və psixoloji problemlər yaradır.

Mövzu ilə bağlı TNS-ə danışan tanınmış pediatr Vaqif Qarayev bildirib ki, valideynlər illərdir, xüsusilə aşağı siniflərdə dərs yükünün ağırlığından şikayət etsələr də, problem həllini tapmır, əksinə ildən-ilə daha da dərinləşir: “Son vaxtlar təhsil ekspertləri də ibtidai siniflərdə dərs yükünün ağırlığından şikayət edirlər. Amma dərs proqramlarını hazırlaya rəsmi qurumlar bunu inkar edir. Məsələyə tibbi tərəfdən yanaşsaq, hər dərs ili başladıqdan cəmi iki-üç həftə sonra ibtidai siniflərin, xüsusilə 1-ci sinifdə təhsil alan uşaqların analarının şikayəti başlayır. Onlar bildirir ki, uşaq yatmır, yemir, aqressivdir, narahatdır və s. Dərs ili başlayana kimi normal davranış sərgiləyən uşaq 2-3 həftə sonra niyə bu vəziyyətə düşür? Bütün günahı məktəbdə görmək də doğru deyil. Birinci sinifdə dərs otaqlarında 30-35 şagird olur. Təbii ki, müəllim bunların heç biri ilə normal məşğul ola, şagird də həmin dərsləri mənimsəyə bilmir. Ona görə valideyn dərsdən sonra uşağı müxtəlif hazırlıq kurslarına aparmaq məcburiyyətində qalır”.

V. Qarayev bildirib ki, digər bir problem prosesin valideynlər arasında kampaniya halını almasıdır: “Bəzən valideyndən soruşursan ki, nə üçün uşağı bu qədər kurslarara parırsan? “Hamı aparır, mən də aparıram”, “istəyirəm, indidən yaxşı oxusun” və s. cavabını verir. Dərs yükünün ağırlığı, əlavə kurslar uşaqları həm fiziki, həm psixoloji baxımdan yorur. Onların uşaqlığını əlindən alırıq. Bu uşaq uşaqlığını nə vaxt keçirəcək? Uşaq dincəlməli, əylənməlidir. Biz onları psixi və fizki yükün altına salırıq ki, bu da onların sağlamlığına təsir edir. Valideynlərə demək istəyirəm ki, bütün uşaqların qavrama və yaddaş səviyyəsi eyni ola bilməz. Uşaqlarla fərdi söhbət edəndə görürsən ki, birinin qavramasında, digərinin yaddaşında probemlər olur. Uşaqlar böyüməlidir. Məsləhət bilərdim ki, onları bu qədər yükləməsinlər”.

Pediatr qeyd edib ki, hələ lap aşağı yaşlarından uşaqları uzaq məsafələrdə yerləşən məktəblərə aparmaq da başqa bir çətinlik yaradır: “Sovet vaxtı hər məhəllənin yaxınlığında məktəb var idi. Amma indi valideyn, az qalsın, bütün gününü uşağı məktəbə aparıb-gətirməklə keçirir. Uşağının daha keyfiyyətli təhsil almasını istəyir. Amma düşünürəm ki, ibtidai sinifdə oxuyanlara bu qədər əziyyəti verməyinə dəyməz. Heş olmasa, 4-5 il oxuduqdan sonra təhsil müəssisəsini seçmək olar”.

Həkimin sözlərinə görə, uşaqların həddən artıq yüklənməsi məsələsinə hansısa müəllimin və ya valideynin şikayəti əsasında yanaşmaq düzgün deyil: “Məsələyə fundamenntal yanaşmaq lazımdır. Siniflərdə nə üçün sıxlıq var? Təhsillə bağlı fəaliyyət göstərən məmurlar da bilir ki, uşaqlar dərsdən sonra hazırlıqlara və yaxud kurslara aparılır. Nə üçün aparılır? Günahın hamısını valideyndə, yaxud məktəbdə görmək düzgün deyil. Müzakirələr aparmaq və ortaq fikrə gəlmək lazımdır”.
Geri qayıt