Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı

Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı


Bu gün, 12:14
Qarabağın sülhlə həlli üçün sonuncu şans belə qaçırıldı

Bu gün 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentində törədilmiş terror aktından 25 il ötür.

Globalinfo.az xəbər verir ki, 1999-cu il oktyabrın 27-də Nairi Hunanyanın rəhbərlik etdiyi cinayətkar qrup parlamentə daxil olaraq iclas zalını odlu silahlardan atəşə tutub. Cinayəti törədən dəstə üzvləri özləri ilə bir neçə nəfəri girov götürüb. Hadisə zamanı həmin dövrdəki baş nazir Vazgen Sərkisyan və spiker Karen Dəmirçyan da daxil olmaqla səkkiz nəfər öldürülüb.

Terrorçuların məhkəməsi 2001-ci ilin fevralında başlayıb və 2003-cü ilin dekabrına qədər davam edib. Hadisədə iştirak edən 7 nəfərin məhkəməsi keçirilib. Onlardan altısı ömürlük, bir nəfər isə 14 il azadlıqdan məhrum edilib.

Hücumun hansı səbəbdən edildiyi heç vaxt tam açıqlanmadı. Konspirasiya nəzəriyyələrinə görə, parlament teraktı Qarabağla bağlı aktiv sülh danışıqlarını pozmaq üçün törədilmişdi. Hətta bəzi ekspertlər bunu “münaqişənin sülh yolu ilə həllində sonuncu real şans” kimi qiymətləndirirdi.

Hadisənin arxasında o dövrün prezidenti Robert Köçəryan və milli təhlükəsizlik naziri Serj Sərkisyanın olduğuna dair iddialar da var. Lakin “27 oktyabr” işi yenidən açılsa da, təşkilatçılar hələ də müəyyən edilməyib.
Geri qayıt