Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Separatçıların azad olunması...

Separatçıların azad olunması...


Bu gün, 18:00
Separatçıların azad olunması...
Ermənistan Baş naziri Nikol Paşinyanın COP29 tədbiri ilə bağlı Bakıya gəlməsi hər iki ölkənin gündəmindədir. Erməni mətbuatının proqnozlarına görə, Paşinyan Azərbaycanın dəvətini qəbul edərək, COP29-da iştirak üçün Bakıya gələrsə, Azərbaycan həbsxanalarında saxlanılan erməni cinayətkarların azadlığa çıxmaq məsələsi müzakirə oluna bilər.
“Gedin Bakıya, vətəndaşlarımızı evə gətirin”. Bunu erməni jurnalist Tatul Akopyan öz feysbuk səhifəsində yazıb.
O, Ermənistanın Bakıda keçiriləcək COP29-da iştirakına toxunaraq, bunun olduqca vacib olduğunu bildirib: “Bakıya getmək, ya getməmək? Noyabrın ortalarında Bakıda BMT-nin mühüm iqlim sammiti keçiriləcək. Bakı təklif təqdim edəndə Ermənistan buna veto qoya bilərdi, lakin o razılaşdı və bunun müqabilində Azərbaycan 32 hərbi əsiri azad etdi. 32 ailədə yenidən çıraq yandırılıb, 32 uşaq ataları ilə fəxr edir, 32 qız qardaşını tapıb, 32 ana həyata qayıdıb, 32 atanın üzündə təbəssüm yarandı”.
Erməni jurnalist hesab edir ki, Ermənistan ekoloji problemləri bir kənara qoyub, BMT-nin nüfuzlu tədbirlərindən biri olan COP29-dan siyasi məqsədləri üçün istifadə etməlidir:“Ermənistan isə Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak edib-etməmək barədə hələ qərar verməyib. Bakı həbsxanalarında qalan onlarla ermənidən birini vətənə qaytarmaq mümkün olsa belə, əyalət millətçilərinin, məsuliyyətsiz vətənpərvərlərin gurultulu tənqidlərinə məhəl qoymayaraq, Bakıya getməyə məcburuq. Gedin Bakıya, vətəndaşlarımızı evə gətirin”.
Qeyd edək ki, Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanda erməni əsirlər yoxdur. Həbsxanada saxlanılan bir neçə separatçı isə əsir deyil, cinayətkardır və onlar tezliklə məhkəmə qarşısına çıxarılacaq.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə isə “Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanda COP29-un keçirilməsi ərəfəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakıya gəlməsi gözlənilən deyil. Lakin Emənistan hökumətinin hansısa səviyyədə bu konfransda iştirakı mümkündür. Bu barədə artıq iki dövlət rəsmiləri arasında müəyyən razılıq əldə edilib:

“Konkret olaraq, Azərbaycanda saxlanılan Qarabağdakı separatçı rejim nümayəndələrinin azad olunması məsələsinə gəldikdə isə belə bir ehtmal yoxdur. Ümumiyyətlə, bu məsələ müzakirə predmeti belə ola bilməz. Əvvəla ona görə ki, erməni cinayətkarların azadlığa çıxması Paşinyanın özünə də sərf eləmir. Və heç vaxt da belə bir arzuda olduğunu ifadə etməyib. Bu məsələni daha çox xarici dairələrin diktəsi ilə hərəkət edən erməni politoloqlar, jurnalistlər ictimailəşdirir. Onu da deyim ki, Paşinyanın Bakıya gəlməsi üçün sülh müqaviləsi ilə bağlı ciddi irəliləyişlər əldə olunmalıdır. Son razılaşmalardan da görünür ki, iki dövlət arasında qarşılıqlı nəticələr əldə olunur. Azərbaycan ən effektiv üsul kimi ikitərəfli formatda görüşləri hər zaman üstün tutub. Odur ki, COP29-da olmasa da, Sülh müqaviləsi imzalandıqdan sonra Nikol Paşinyanın Azərbaycana gəlməsi realdır”.
Erməni cinayətkarlara gəldikdə isə M.Əsədullazadə deyib ki, onların taleyi nə Ermənistanı, nə də beynəlxalq aləmi maraqlandırır: “Bu məsələ Azərbaycanın daxili işidir. Nəinki COP29-da Paşinyanın iştirakı, heç Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsi ilə bağlı aparılan danışıqlarda belə separatçı cinayətkarların azad olunması məsələsi müzakirə olunmur. Əli azərbaycanlların qanına batan erməni terrorçuları birmənalı şəkildə törətdikləri cinayətlərə görə ittiham olunub cəzalarını alacaqlar”.
Geri qayıt