Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Belə işlər sizin Kamal müəlliminizin köhnə peşəsidir..."
"Belə işlər sizin Kamal müəlliminizin köhnə peşəsidir..."28-10-2024, 09:31 |
Bu ilin 10 oktyabrında FB səhifəmdə “Qaynar qazan” başlıqlı yazımda Azərbaycan Dillər Universitetinin bir müəlliminin gördüyü silsilə yuxularla bağlı mənə müraciət edərək, onların yozulmasında kömək istədiyini və mənim ona cavab olaraq yuxu “yozer”i olmadığımı dediyim barədə yazmışdım. Amma həmin müəllimə bu məsələlərlə bağlı rektor Kamal Abdullayevə müracət etməsini məsləhət gördüyümü yazmamışdım. Bildirmişdim ki, Kamal Abdullayev Azərbaycanın görkəmli ezoterikidir və bunu onun “Sehrbazlar dərəsi” romanı, həmçinin həmin roman haqqında yazılmış yazılar da təsdiq edir (məsələn, A.P.Bondarevin “Эзотерическая эпистемология в романе Камала Абдуллы “Долина кудесников”” məqaləsinə bax: https://cyberleninka.ru/.../ezotericheskaya...). Demişdim ki, Kamal Abdullayev çox böyük mistikdir, fövqəltəbii qüvvələrə inanır və özündə də belə qüvvənin olduğunu ehtimal edərək onu bəd niyyətlə ətrafdakılara tətbiq etməyə çalışır. Yuxu yozmaq isə Kamal Abdullayev üçün azərbaycanlı mentalitetinə, əxlaqına yad olan “Bir yay axşamı” tipli hekayə (https://anews.az/az/kamal-abdulla-bir-yay-axsam-hekaye/) yazmaq kimi asan bir şeydir (bu hekayədən ayrıca bəhs edəcəyəm). Bu gün o müəllim yenə mənə zəng vuraraq Kamal Abdullayevə müraciət etməkdən çəkindiyini, silsilə yuxularının isə hələ də davam etdiyini bildirdi. Dedi ki, “Siz Kamal müəllimin belə məsələlərin də təsvir olunduğu bütün yazlarını oxuyursunuz. Yəqin ki, onun yuxuyozma texnikası da vardır və siz bunu oxuduqlarınızdan bilməmiş olmazsınız. Xahiş edirəm, mənə kömək edin, yoxsa bu yuxular məni əldən salır”. Sonra o, yeni yuxusunu danışdı: “Gördüm ki, Kamal müəllim yenə də keçmiş Molokan bağının yanındakı həmin evdə Universitetdə gördüyüm bir müəllimə bənzəyən və bu dəfə bir qədər şişman görünən o qadına tapşırıqlar verir: “Sən “yuxarılar”dan adlarını dediyim məmurları mənim oktyabrın 30-da, Hallouin bayramı (Bütün müqəddəslər günü) ərəfəsində Akademik Milli Dram Teatrında oynanılacaq “Casus” pyesimin tamaşasına dəvət et və onların mütləq gəlməsinə nail ol. Tamaşa zamanı sən zalda öz üzərinə düşən işi gör, mən də mistik qüvvəm ilə onlara təsir göstərməyə çalışacağam. Xaricdən Davud, yerlilərimizdən isə Zirinc, qırmızısifət Hacı, Ağa kimi bir neçə fövqəltəbii gücə malik ekstrasens də dəvət etmişəm. Onlara çox inanıram. Bütün qüvvələrimizi səfərbər edib “yuxarı”dan gələnləri tilsimləməli, hamısının dil-ağzını bağlamılıyıq. Sən bu dəfə Mataharidən daha mahir olmalısan. Bu, mənim üçün, bəlkə də, son şansdır. Elə sənin üçün də ...”. Həbib müəllim, mən bilmirəm, bunların mənə nə dəxli var? Niyə mənim yuxuma girir?” Düzü, həmin müəllimə yenə də cavab verməkdə aciz olduğumu dedim. Amma onu bir qədər sakitləşdirməyə çalışdım: “Bilirsinizmi, belə işlər sizin Kamal müəlliminizin köhnə peşəsidir. Görünür, yuxuda görüb eşitdiyiniz cadugərlik işlərini o, Universitetdə də tətbiq edir. Bu səbəbdən Universitetdə əməkdaşlar küsgün, bicarə, hər şeydən bezmiş kimi görünür, işə zindana girirmiş kimi gəlirlər. Kamal müəllimin ətrafdakılara münasibəti bütün həyatı boyu belə olub. Həmişə belə işlərlə məşğul olub. Siz bu yuxulardan heç əndişələnməyin. Uşaqlıq illərindən yadımdadır, el arasında deyirdilər ki, kimsə üz-üzə sənə küfr edirsə, yaxud başqa xoşagəlməz sözlər deyirsə, onların sənə çatmaması üçün əlində metal bir əşya tut, həmin adama “əlim dəmirdədir” de. Deyəsən, bu, gürcülərdə də var. Bir gürcü filmində görmüşəm. Ona görə Universitetin Elmi şurasının iclası olanda Şura üzvləri Kamal Abdullayevin dediyi təhqiramiz ifadələri geri qaytarmaq üçün əllərində açar tuturlar”. Müəllimi sakitləşdirdim, amma onu da demək lazımdır ki, Kamal Abdullayevin müəllimləri yalnız işdə deyil, yuxuda da rahat buraxmaması əcaib işdir. Əslində, elə Kamal Abdullayevin özünün davranışı da əcaibdir, əməlləri də əcaib-qəraibdir. Onun öz əsərlərinin əksəriyyətini ideya oğurluğu ilə, köçürməklə yazdığı barədə əvvəlki yazılarımda məlumat vermişdim. Həmin siyahıya tamaşası göstəriləcək “Casus” pyesini də əlavə etmək olar. Bu əsərində o, “Kitabi-Dədə Qorqud”a U.Şekspirin “Hamlet” faciəsi və T.Stoppardın “15 dəqiqəlik Hamlet” komediyasını pərçimləyərək, onların dublikatını yaratmışdır. Gələcəkdə onun İ.S.Turgenevin “Atalar və oğullar “ əsərinin də dublikatını yazacağına heç şübhə etmirəm. Xatırlatdığım kimi, Kamal Abdullayevin əsərlərinin əksəriyyəti ya oğurluq, ya da dublikatdır. Lakin məsələ təkcə bununla bitmir. “Casus” əsəri onun “Kitabi-Dədə Qorqud”a ilk müraciəti deyildir. Əvvəlki əsərlərində onun Dədə Qorqudu təhqiramiz şəkildə təsvir etməsini oxucular yaxşı bilir. Dədə Qorqud etnosun simasıdır. Onun təhqiramiz şəkildə təsviri yolverilməzdir. Lakin “Casus” pyesində Kamal Abdullayev Dədə Qorquda, Oğuz bəylərinə münasibətdə daha dərinə gedir. Bu azmış kimi o, 40 oynaşı olan Boğazca Fatma surətini – Azərbaycan qadını obrazını yaradır və bununla milləti alçaldır. Öz xalqı haqqında belə təhqiramiz əsərlər yazması, açığı, onun kimliyi ilə bağlı müəyyən şübhələrə yol açır. Xəstə təxəyyülün məhsulu olan bu pyesə görə isə Kamal Abdullayevə ictimaiyyətin münasibətinin necə olacağını deyə bilmərəm, amma ona ssenarist və rejissor Stiven Sommersin “Mumiya” filmində fironun kənizinin cəsədini oğurlamış kahin, ölülərin gözətçisi İmhotepin taleyini xatırlada bilərəm. Professor Həbib Zərbəliyev "DİA-AZ" Geri qayıt |