Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Xaricdən buğda asılılığımız bitir?
Xaricdən buğda asılılığımız bitir?28-10-2024, 11:34 |
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 166,5 milyon dollar dəyərində 759 min ton buğda idxal edib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 33,4 min ton (4,2 faiz) və 44,3 milyon dollar (21 faiz) azdır. Bu da o deməkdir ki, Azərbaycan taxıl idxalını azaldıb. Xaricdən buğda asılılığımız bitir? İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın ərzaq və buğda sarıdan kənardan asılılığını azaltmayıb: “Heç azaltmaq fikri də yoxdur. Dövlət, hökumət səviyyəsində bu sahəyə xüsusi diqqət yetirib. Ümumiyyətlə aqrar sahənin inkişafı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının istehsalına yönəlik bütün atılan addımlar, həyata keçirilən tədbirlər, maliyyə dəstəyi və s. ən çox taxıl və buğda istehsalına tətbiq olunsa da, ölkəmiz ərzaqlıq buğda sarıdan kənardan hələ də asılı vəziyyətdədir. Yəni idxaldan asılı vəziyyətdədir. Təxminən bizim ərzaqlıq buğda olaraq, 1,5 milyon tona yaxın tələbatımız var. Bunun da demək olar ki, hamısı idxalın hesabına ödənilir. Qeyd edilən idxal həcmində azalmanın iki səbəbi var. Birincisi; idxal təkcə həcm nöqteyi nəzərdən deyil, dəyər nöqteyi nəzərdən də azalıb. Çünki ərzaqlıq buğdanın bir ara dünya bazar qiymətləri qalxırdısa, iki ilə yaxındır ki, bu qiymətlər enməyə doğru meyl göstərir. Yəni bu qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşmüşdü. Mən xatırladım ki, Rusiya-Ukrayna müharibəsi başlayan dönəmin ilk vaxtları dünyada enerji böhranı ilə yanaşı, ərzaqlıq buğda taxıl böhranı da təzahür etdi. Elə bil ki, bir ildırım çaxmağına bənzər bir hadisə idi. Qısa müddət ərzində çox ciddi şəkildə özünü göstərdi. Sonra bu sahədə ajiotaj yatdı və böhran aradan qalxdı. Qiymətlər də bundan sonra aşağı düşməyə başladı”. İqtisadçı qeyd edib ki, Azərbaycan öz ərzaqlıq buğdaya olan təlabatını ən çox Rusiya hesabına ödəyir və bu, həmişə belə olub. “İdxalda Ukraynanın da, Qazaxıstanın da yeri var idi. Ukrayna bu müharibəyə düçar olduqdan sonra Azərbaycanın ərzaqlıq buğda idxalı əsas etibarilə Rusiyadan həyata keçirilir. Ümumiyyətlə Rusiyanın bu sahədə həm imkanları genişdir, həm də Rusiya taxıl ixracında Ukrayna ilə müharibəyə başladıqdan sonra özü müəyyən çətinliklərlə üzləşmişdir. Yəni istədiyi istiqamətdə ixrac həyata keçirə bilmir. Bu da Azərbaycan üçün çox əlverişli bir situasiya vəziyyət yaradıb ki, Azərbaycan Rusiyadan hazırda daha rahat və əlverişli qiymət şəraitində ərzaqlıq buğda idxal edə bilir. Bunun bir səbəbi budur. Yəni qiymətlər aşağı düşür”-deyə Pərviz Heydərov bildirib. İqtisadçının fikrincə, ikinci səbəbi ölkəmizdə ərzaqlıq buğda istehlakı həcminin əhəmiyyətli dərəcədə enməsidir. “Misal üçün pandemiya ili 2020-ci illə müqayisə etsək, əhali tərəfindən istehlak yarıdan da çox aşağı düşüb. Yalnız heyvanlar üçün, quş yemi üçün istehlak olunan buğda istehlakı buğda sərfiyyatı artıb çoxalıb. Amma ərzaqlıq buğda istehlakı xeyli dərəcədə aşağı düşüb. Həm istehlakın enməsi, daha əvvəlki kimi ərzaqlıq buğda idxalının gətirilməsində heç bir ciddi çətinliklərin olmaması və qarşıda da heç bir ciddi böhranın gözlənilməməsi əksinə qiymətlərin daha əlverişli xarakter daşıyacağı proqnozu ölkəmizə ərzaqlıq buğda idxalının getdikcə bir az da aşağı düşəcəyini söyləməyə əsas verir”-deyə Pərviz Heydərov qeyd edib. İqtisadçı bildirib ki, bu sahədə Azərbaycanı növbəti yaxın perspektivdə heç bir çətinlik gözləməyəcəyini qeyd etməyə zəmin yaradır. Geri qayıt |