Əsas Səhifə > Ana xəbərlər, Güney Press > "Qərb Cənubi Qafqazı qan gölünə çevirmək istəyir"
"Qərb Cənubi Qafqazı qan gölünə çevirmək istəyir"28-10-2024, 11:41 |
“Xarici agentlər haqqında qanunu ilk qəbul edən ölkə ABŞ olub, lakin bu gün gürcülərə analoji qanunun olmasına icazə verilmir. Əgər siz xaricdən pul alırsınızsa və maliyyəçilərin maraqlarını təmsil edirsinizsə, xarici agent kimi qeydiyyatdan keçməlisiniz. Bu, ABŞ-ın Xarici Agentlər Qanunudur. Dünyanı NATO-Qərb-Rusiya münaqişəsinə cəlb etmək dəhşətli, faciəvi səhv idi və Ermənistan onun qurbanı oldu. Azərbaycan və Gürcüstan girmədiyi kimi biz də o oyuna girməməliyik. ABŞ 50 min fələstinli uşağın öldürülməsini maliyyələşdirəndə və sponsorluq edəndə başa düşürsən ki, beynəlxalq hüquq yoxdur”. KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-ın Stenford Universitetindən siyasi elmlər doktoru Artur Xaçikyan bildirib. Onun fikirlərindən bəzi məqamları nöqtəsinə-vergülünə toxunmadan diqqətinizə çatdırırıq: “ABŞ prezidenti Baydenin məktubunda Paşinyana Azərbaycanın işğal etdiyi ərazilər, Artsaxın (Qarabağın-red) etnik təmizləməsi, hərbi əsirlər haqqında heç nə deməməsi çox təhqiramizdir… Yeri gəlmişkən, imzalanacaq hər hansısa müqavilə və ya sənəd sülhə zəmanət vermir. Maraqlar dəyişmədiyi müddətcə müqavilə mövcuddur. Maraqların dəyişməsi ilə hər hansı müqavilə qüvvəsini itirir. Bizə real təhlükəsizlik zəmanəti verilmir. ABŞ bu gün bizə real heç nə təklif etmir. ABŞ rəsmiləri harda nə deyəcəklərini bilirlər. Nyu Yorka gedirlər, deyirlər ki, yəhudiləri çox sevirlər, çünki orada çoxlu yəhudi var. Kaliforniyada erməniləri ələ salırlar, Floridada Fidel Kastro haqqında pis sözlər deyirlər, çünki Floridada çoxlu kubalı mühacir var… Bunlar sadəcə seçicilərin səsini almaq üçündür. Yadda saxlamaq lazımdır ki, bu gün ABŞ seçkilərinin taleyini 10 min nəfər həll edə bilər. Ona görə də seçkilərdə səslər uğrunda mübarizə gedir. Qüvvələr balansı qeyri-bərabər olduğu və Azərbaycanın ağzında sendviç kimi olduğumuz halda təhlükəsizliyimizi necə təmin edəcəyik? Müttəfiqlər olmasa, özümüzü necə müdafiə edəcəyik? Əminəm ki, tezliklə bizi faktlarla üz-üzə qoyacaqlar, çünki Zəngəzur dəhlizi ilə bağlı razılaşma var. Ona görə də bizə deyəcəklər ki: qorxmayın, bizim suverenliyimizə heç bir təhlükə yoxdur, Qərbdən özəl təhlükəsizlik təşkilatı var, hər şey normaldır”. Artur Xaçikyan bildirib ki, Gürcüstan Ermənistan üçün çox mühüm ölkədir. “Bu ölkə Cənubi Qafqazın mərkəzidir. Orada hakimiyyət qərbyönlü qüvvələrlə toqquşaraq yeni Maydan ola bilər. Gürcülər evdə oturmayacaqlar. Bizim kimi küçədə, restoranlarda oturub Qarabağı təhvil verəndə kofe içməzlər. Ölkələri, dövlətləri üçün çıxacaqlar və güclü toqquşma qaçılmazdır”. O Paşinyanı da sərt tənqid edib: “Velosiped sürmək piar aksiyasıdır. Göstərirlər ki, Qarabağ yoxdur. Minlərlə qurban veriblər, amma həyat davam edir. Ermənistanda min bir festival keçirilir: bozbaş, şərab, manqal, pendir festivalları. İndi də velosiped sürürük, hər şey yaxşıdır… İnsanların beyninə təsir edir və bununla da hər şeyin qaydasında olduğunu göstərirlər… Geri qayıt |