Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Azad olunan ərazilərdə pay torpaqları veriləcəkmi?
Azad olunan ərazilərdə pay torpaqları veriləcəkmi?28-10-2024, 11:46 |
“Müzakirəyə təqdim edilən “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa təklif edilən dəyişikliklər olduqca əhəmiyyətlidir. Belə ki, birincisi, Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda erməni vandallarının dağıtdığı şəhərlər, qəsəbələr və kəndlər yenidən qurulmaqla yanaşı, həm də on min hektarlarla torpaq sahəsi minalardan, partlamamış döyüş sursatlarından təmizlənərək yenidən istifadəyə yararlı hala salınır”. Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. Onun sözlərinə görə, həmin torpaqlarda sənayenin və kənd təssərüfatının inkişafı böyük məbləğdə maliyyə vəsaiti tələb edir: “Bu baxımdan işğaldan azad edilmiş ərazilərdə kənd təssərüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə investisiya müsabiqələri vasitəsilə verilməsi məntiqli görünür. Ona görə məntiqli deyirəm ki, keçmiş təcrübədə əkinə yararlı torpaqlar, hətta pay torpaqları maliyyə vəsaitinin azlığı və ya qeyri-sağlam rəqabət nəticəsində bəzi imkanları sahibkarlıq subyektləri tərəfində ya satın alınmış, ya da uzunmüddətli icarəyə götürülmüşdür. Hökumət tərəfindən yaradılmış komissiyaların araşdırmaları nəticəsində müəyyən edilmişdir ki, həmin kənd təssərüfatı torpaqları bəzi hallarda istifadəsiz saxlanmış, ən yaxşı halda isə təyinatı üzrə istifadə edilməmişdir. Vətəndaşların müraciətləri əsasında bir sıra hallarda qanun pozuntuları da aşkar edilmişdir. Müəyyən edilmiş bu nöqsanlar və onların səbəbləri müvafiq qurumlar tərəfindən təhlil edilməli və işğaldan azad edilmiş ərazilərdə nəzərə alınmalıdır”. Deputat söyləyib ki, ikincisi, işğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin daxilində yaşayış məntəqələrinə yaxın kənd təssərüfatı təyinatlı torpaqların həmin kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi təqdirəlayiqdir və ədalətlidir: “Çünki kənd yerlərində daimi iş yeri və insanların əsas gəlir mənbəyi zəhmətlə becərdikləri torpaqdır. Bir məsələni də vurğulamaq istərdim. Görüşlər zamanı seçicilər soruşurlar ki, azad edilmiş kəndlərimizdə bizim pay torpaqlarımız nə vaxt veriləcək? Kəndlərimiz tikilir və buna görə də cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Amma torpağı da becərməyin vaxtı çatıbdır. Azad edilmiş ərazilərdə də torpaq islahatı aparılmalıdır ki, maliyyə imkanları məhdud olan kənd sakinləri daimi işlə təmin edilsinlər və öz zəhmətləri ilə rahat güzəran qursunlar”. B.Əliyev vurğulayıb ki, ona görə də “Torpaq icarəsi haqqında” Qanuna edilən dəyişikliklər insanlarda çaşqınlıq yaratmamalıdır: “Onlar dəqiq bilməlidirlər ki, bu dəyişikliklər onları azad edilmiş ərazilərdə həyata keçiriləcək torpaq islahatı nəticəsində əldə edəcəkləri pay torpağı hüququndan məhrum etmir. Çünki “Torpaq islahatı haqqında” Qanunun “Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatının aparılması adlanan 24-ci maddəsi”ndə birmənalı şəkildə deyilir: Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatlarının aparılması və həmin torpaqlardan məcburi köçürülmüş şəxslərin xüsusi mülkiyyətinə torpaqların verilməsi bu Qanunda göstərilən qaydada həyata keçirilir. İşğal altından azad olunan torpaqlarda islahatın aparılması, həmin ərazilərdə iqtisadiyyatın bərpası dövlət proqramı əsasında həyata keçirilir. Qanuna edilən bu mütərəqqi və ədalətli dəyişiklikləri tam dəstəkləyirəm və deputat həmkarlarımı da qanun layihəsinə səs verməyə dəvət edirəm”. Geri qayıt |