Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur

Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur


Bu gün, 16:02
Moskva ilə İrəvan arasında gizli-aşkar işbirliyi: Qərb ya məmnundur, ya məcbur
Avropada belə şübhələr yaranıb ki, Ermənistan Rusiya ilə sıx iqtisadi əlaqələr saxlamaqla yanaşı, bu kanaldan Qərblə əlaqələrdən mənfəət üçün istifadə edir. “Euronews”un yayımladığı materiala görə, Ermənistan tarixən Qərblə Rusiya arasında çətin geosiyasi vəziyyətdə olub. Ukraynada müharibənin başlaması ilə Ermənistan Rusiyaya Qərbin sanksiyalarından yan keçməyə kömək etməyə başladı, eyni zamanda öz iqtisadiyyatını gücləndirdi.

Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığına dair sübutlar var: keçən il ticarət dövriyyəsi 7,4 milyard dollar təşkil edib, bu ilin birinci yarısında isə 8,3 milyard dolları ötüb.

“Buna görə də Ermənistan çox güman ki, aktiv şəkildə Rusiya qiymətli daşları və qızıllarını yenidən ixrac edir. 2023-cü ildə Ermənistan 4,5 milyon karat almaz ixrac edib ki, bu da respublikanın özündə hasil ediləndən 30 dəfə çoxdur”, - deyə “Euronews” qeyd edir.

Ermənistanın sanksiyalar altında olan Rusiyanın iqtisadi sabitliyini gücləndirdiyi vurğulanır: “Öz milli maraqlarını inkişaf etdirməyə diqqət yetirməsinə baxmayaraq, bu dinamika Rusiyanı təcrid etmək üçün qlobal səylərə zərbə vurmaqla bağlı narahatlıq yaradır. Ermənistan təkrar ixracı və güclü ticarət əlaqələrini dəstəkləməklə, Rusiyaya məhdud mal və texnologiyalara çıxış imkanı verməklə sanksiyaların təsirini yumşaltmağa kömək edir”.

Məsələn, Ermənistan Rusiyaya kimyəvi maddələr tədarük edərkən sanksiyalardan yan keçmək sxeminin halqası olub. İspaniya səlahiyyətliləri Rusiyaya göndərilən kimyəvi silahların prekursorlarının da daxil olduğu böyük miqdarda kimyəvi maddələrin daşınmasını ələ keçirib. Polisin məlumatına görə, Rusiya şirkəti qondarma şirkətlər, o cümlədən Ermənistandakı şirkətlər vasitəsilə kompleks təchizat zənciri təşkil edib.

Telekanal qeyd edir ki, bu ölkə tranzit məntəqəsi kimi çıxış edərək, Ukrayna müharibəsi ilə bağlı Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan yan keçməyə kömək edib: “Ermənistan risklərə baxmayaraq, Rusiya ilə sıx iqtisadi əlaqələr saxlayır”.

Qərb təmkinli reaksiya versə də, Ermənistanın Rusiya ilə sıx əlaqələri diqqəti cəlb edir. Pərdə arxasında güclü elitaların və böyük PR agentliklərinin yaxşı təşkil olunmuş lobbiçilik kampaniyası apardığı güman edilir.

“Bu uğurlu lobbiçilik kampaniyası daha geniş bir problemi təsdiqləyir: Ermənistanın Rusiya ilə iqtisadi əlaqələri ilə bağlı təsəvvürləri manipulyasiya etməklə həm Qərb, həm də Rusiya ilə mühüm əlaqələri saxlamaq imkanı. Nəticə etibarı ilə Ermənistanın diplomatik səylərinin, xüsusən də Ukrayna münaqişəsi kontekstində qlobal qeyri-sabitlikdən yararlanmağa yönəlmiş səmimi və ya sadəcə fürsətçi addımlar olduğunu anlamaq getdikcə çətinləşir”, - deyə “Euronews”un materialında vurğulanır.

Ermənistan sanksiyaya məruz qalmış işğalçı Rusiya ilə belə aktiv ticarət əməkdaşlığını inkişaf etdirməklə iqtisadi və siyasi mənada nə qədər risk edir? Bu, onun üçün arzuolunmaz nəticələr ortaya çıxara bilərmi?

AYNA-nın suallarını tanınmış ekspertlər cavablandırıblar.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl:

“Qərb üçün Ermənistanın İran və Rusiya ilə ciddi iqtisadi əlaqələri olması xəbər və ya sirr deyil. Hələ 2017-ci ildə ABŞ-ın milli təhlükəsizlik müşaviri Con Bolton Ermənistana səfəri zamanı hakimiyyətə İranla yaxın münasibətlərə müəyyən düzəlişlər etməyi tövsiyə etmişdi. Lakin İrəvan münasibətlərini davam etdirdi, Ağ Ev isə əlavə etiraz bildirmədi.

Ermənistanla Rusiya arasında ticarət əlaqələrinin dövriyyəsinin sürətlə artacağı və ilin sonuna kimi 14-15 milyard dollara çatacağı proqnozlaşdırılır. Xüsusilə bu artım Rusiya Qərbin geniş sanksiyalarına məruz qaldıqdan sonra başlayıb. Qərb bunu mükəmməl başa düşür və Ermənistana zərrə qədər də etiraz etmir. Ermənistana qarşı hər hansı qadağa tətbiq olunarsa, Qərb bu maliyyə itkisini kompensasiya etməli olacaq. Amma Ukraynada və Yaxın Şərqdə müharibə davam etdiyi halda, Qərb bu maliyyəni İrəvana verə bilmir. Ona görə də susur.

Ermənistan da bunu bildiyi üçün ehtiyatlı olmağa ehtiyac hiss etmir. Ona görə də Ermənistanla bağlı Qərbdən hər hansı etiraz gözlənilmir. Əksinə, rus almaz və qızıl məmulatlarının məhz ermənilər tərəfindən ərəb ölkələrində şəbəkə şəklində satışı genişlənir. Bir sözlə, Qərb buna görə Ermənistanı cəzalandırmayacaq”.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov:

“Ermənistanın Rusiyaya Qərbin sanksiyalarından yan keçməkdə kömək etməsi həm Vaşinqtona, həm də Brüsselə çox yaxşı məlumdur. Ümumiyyətlə, onlar hesab edirlər ki, bu və ya digər şəkildə Rusiyanın qızıl və brilyantları bazara daxil olacaq və bu, Ermənistan vasitəsilə olmasa, hansısa başqa vasitəçi tərəfindən həyata keçiriləcək.

Orada, görünür, hesab edirlər ki, əgər belədirsə, onda qazanc Qərb dairələrinin loyal baxdığı və əzizlədiyi Ermənistana getsin. Deməli, mən hesab edirəm ki, bu, Qərbin sanksiyalarından yan keçməklə Ermənistana icazə verilən biznesdir.

Başqa bir söhbət: bu, nə qədər davam edəcək? Əgər qərar qəbul edilsə ki, Ermənistandan keçən “arxa qapı” bağlanmalıdır, onlar sadəcə bəzi hərəkətlər etməlidirlər və bu biznesə zərbə vurulacaq. Çünki Honq-Konqdan, Dubaydan keçir. Burada, məncə, ABŞ və Avropa İttifaqının təsiri bu kanalı bağlamaq üçün kifayətdir. Amma hələlik, hər halda, Ermənistanın bu mənada hər hansı təzyiqə məruz qaldığı hiss olunmur.

Rusiya Nikol Paşinyan və hökumətinin davranışından və siyasətindən çox narazı olsa da, buna baxmayaraq, bu cür əməliyyatları həyata keçirmək üçün erməni vasitəçiliyindən istifadə etməyi özü üçün məqsədəuyğun hesab edir. Bunun çox uzun sürəcəyini düşünmürəm, amma ən azı növbəti il yarım ərzində bu proses Paşinyan hökuməti üçün çox böyük risk olmadan davam edəcək”.

Geri qayıt