Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Sürücülər maaşı cərimələrə "paylayırlar"
Sürücülər maaşı cərimələrə "paylayırlar"Bu gün, 08:22 |
Tıxaca çarə axtarmırlar, müvəqqəti parklama zonası təşkil etmirlər. Başları cərimə yığmağa qarışıb. Yolda bir yer tapa bilmirsən ki, maşını müvəqqəti park edib, adam düşürəsən. Sağda avtobus, solda da velosiped zolağı. Xətti keçdinsə, yüz manat cərimə. Cəriməni həmin dəqiqə ünvana göndərib, tələb edirlər. Amma məsələ əhalinin rifahına gəldikdə, bu, onları qətiyyən maraqlandırmır. "Mən günlük 15-20 manat qazanc əldə edirəm, o da ki, işim rast gəlsə. Günlük 15 manat pul qazanım, axırda da aparıb bütün qazancımı cərimələrə verim? Cərimə dövlətində yaşayırıq? Problemləri özlərinə sərf edən qaydada, alverçi zehniyəti ilə həll edirlər ki, nəsə ordan da bir qazancları olsun". Sədərək bazarından "20 Yanvar" istiqamətinə hərəkət edən sürücülər, taksilər cərimələrdən və tıxacdan narazılıq edir. Bildirirlər ki, tıxacın olması, "cəriməyığan"lara sərf edir, tıxaca çörəkpulu kimi baxırlar: "Olur ki, kimsə harasa tələsir, qarşısındakı avtomobili ötüb keçməlidir, ancaq ötəcəyi yol ya dayanacaqdır, ya velosiped, ya da avtomobil zolağıdır. Hara tərpənsə, yerindəcə cərimələnir. Cərimələr belimizi qırır. Alternativ yollar da yoxdur ki, ordan istifadə edək. Gün sonunda evə cəriməsiz qayıdana fəxri medal düşür". Məlumat üçün qeyd edək ki, "Moskva" prospektində taksilərin və fərdi avtomobillərin parklanması üçün ərazinin ayrılmaması və getdikcə artırılan cərimələr sürücüləri təngə gətirir. Parklama zonasının olmaması, taksi ilə hərəkət edən sərnişinlərin yolun hərəkət hissəsində düşməsinə səbəb olur ki, bu da hər an ölümcül qəzanın baş verə bilməsinə zəmin yaradır. Bizimyol.info Geri qayıt |