Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Paşinyanın planı açıqlandı, müharibə mesajı gəldi

Paşinyanın planı açıqlandı, müharibə mesajı gəldi


Bu gün, 09:16
Paşinyanın planı açıqlandı, müharibə mesajı gəldi
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-a müsahibə verib. Analitik Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Azərbaycan və Ermənistan qarşılıqlı olaraq sərhəd komissiyalarının birgə fəaliyyətinə dair əsasnaməni təsdiqlədi. Bunun Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında Kazanda keçirilən görüşdən dərhal sonra baş verməsi nədən xəbər verir?

- Bu, birbaşa danışıqların müsbət nəticə verdiyini göstərir. Tərəflər artıq razılaşıblar ki, vasitəçiyə ehtiyac yoxdur. Doğru qərardır. Çünki vasitəçi olanda onun öz maraqları olur və bunları diktə etməyə çalışır.

Hazırda Qərblə Rusiya arasında Cənubi Qafqaz uğrunda güclü rəqabət gedir. Belə bir fonda Rusiya vasitəçi olsa Qərb, Qərb vasitəçi olsa Rusiya tərəflərə təzyiq göstərəcək. Ona görə də, Bakı və İrəvan ən doğru qərarı verərək, danışıqları birbaşa aparır. Kazanda da İlham Əliyev və Nikol Paşinyan danışıqları vasitəçi olmadan apardı. Görüşdən bir gün sonra da əsasnamə qarşılıqlı şəkildə təsdiqləndi. Bunu uğurlu gedişat saymaq olar.

Düzdür, bu o demək deyil ki, birbaşa danışıqlarda sülh müqaviləsinin imzalanması sürətlənəcək, Zəngəzur dəhlizi ilə bağlı tezliklə yekun qərar veriləcək, amma əsas odur ki, proses gedir, sülh sazişinin mətni razılaşdırılır. Ümumən prosesi müsbət qiymətləndirmək olar.

- Tərəflər hansısa mərhələdə vasitəçiyə ehtiyac duya bilərlərmi? Məsələn, ABŞ və Rusiya buna iddialıdır.

- Vasitəçi yox, məkana ehtiyac yarana bilər. Yəni ikitərəfli qaydada əldə edilmiş razılaşmalar və ya sülh müqaviləsinin hansı ölkədə imzalanması məsələsi. Əlbəttə, bu məkanı təqdim edən ölkə də bundan yararlanmağa çalışa bilər, amma vasitəçilər qədər yox.

Məncə, məkan kimi də ən uyğun yer Qazaxıstandır. Prezident Kasım-Jomart Tokayev artıq İlham Əliyev və Nikol Paşinyana belə bir təklif verib. Azərbaycan Tokayevin təklifini müsbət qiymətləndirib, Ermənistandan konkret cavab yoxdur. Əslində, Ermənistanın da Qazaxıstanla sıx əlaqələri var, yaxınlarda Prezident Vaaqn Xaçaturyan bu ölkədə səfərdə olub.

Qazaxıstan Azərbaycana qardaş dövlətdir, müttəfiqimizdir. Həmçinin Ermənistanla da yaxşı münasibətləri var. İki ölkə KTMT və Avrasiya İqtisadi Birliyində bir yerdədir.

Qənaətimə görə, məkan kimi Qazaxıstan seçilsə, buna nə Rusiya, nə də Qərb etiraz edəcək. Çünki Qazaxıstan hamıya bərabər məsafədədir. Buna görə də, ən uyğun məkanın Qazaxıstan olduğunu düşünürəm, saziş ya Almatı, ya da Astanada imzalana bilər. Hətta tərəflərin bu baxımdan daimi işçi qrupu da yaratması mümkündür ki, danışıqlar daimi əsasda Astana və ya Almatıda keçirilsin.

Digər yandan, danışıqlar üçün məkan axtarılırsa, bunu sərhəddə də həyata keçirmək olar. Delimitasiya və demarkasiya ilə bağlı ilkin razılaşma da elə sərhəddə əldə edilib. Yəni gələcəkdə sülh danışıqlarını sərhəddə davam etdirmək və sazişi imzalamaq mümkündür. Ən optimal variant budur.

- Liderlər Kazanda xarici işlər nazirlərinə sülh müqaviləsinin mümkün qədər tez yekunlaşdırılması təlimatını verdilər. Saziş hansı müddətdə tam hazır ola bilər?

- Azərbaycan tarix məsələsində tələsmir, bu, bizim üçün önəmli deyil. Biz əsas vəzifəmizi yerinə yetirmişik, ərazi bütövlüyü və suverenliyimizi bərpa eləmişik, şərti sərhəddə strateji yüksəkliklərə nəzarət bizdədir və sair. Əlbəttə, sülh olsa, daha yaxşı olar, amma tələsmirik. Ona görə tələsmirik ki, bütün detal və bəndlərinin razılaşdırılmadığı sazişə imza atmaq istəmirik.

Ermənistan deyir ki, sazişin 80-90 faizi razılaşdırılıb, sənədi razılaşdırılmış bəndlər üzrə imzalayaq, o biri məsələləri sonraya saxlayaq. Biz buna müsbət baxmırıq. Azərbaycan müqavilənin bütün bəndlər razılaşdırıldıqdan sonra imzalanmasını istəyir. Yəni sülh müqaviləsini qarantiya altına almaqda, gələcək təhlükələri indidən zərərsizləşdirməkdə maraqlıyıq.

Ermənistan indi də müqavilənin imzalanmasını COP29-la əlaqələndirməyə başlayıb. Deyirlər ki, COP-a qədər imzalayaq. Biz buna etiraz etmirik, amma sazişi bu beynəlxalq tədbirlə də əlaqələndirmirik. Niyə məsələ qaçaqaçda həll edilməlidir? Olmasın COP29, olsun ilin sonu-gələn ilin əvvəli. Əsas məsələ odur ki, bütün məsələlər razılaşdırılsın. Əsas məsələrdən biri də Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır.

Paşinyan tələsməsində bir məqam da var. Paşinyan və komandası yanlış olaraq düşünür ki, sənəd COP29-a qədər imzalansa, guya Azərbaycan qalan bəndləri bir kənara atmaq məcburiyyətində qalacaq. Bu, belə deyil. Azərbaycan bu beynəlxalq tədbiri sülh müqaviləsindən ayırıb. Başqa sözlə, dəqiq tarixdən danışmaq hələ tezdir. Ermənistan Konstitusiya dəyişikliyi ilə bağlı mövqe ortaya qoymadıqca, bunu söyləmək çətin olacaq.

- Paşinyan Konstitusiya dəyişikliyinə daha tez nail olmaq üçün erkən parlament seçkilərinə gedə bilərmi?

- Əslində, Paşinyanın partiyası indi də parlament çoxluğuna malikdir. Yəni bunu indi də edə bilər. Referendumla bağlı gah 2026, gah da 2027-ci ildən danışırlar. Sanki bizə deyirlər ki, sülh müqaviləsini indi imzalayaq, 2027-ci ildə də Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasını çıxaracağıq. Biz belə bir “təminat”a qol çəkməyəcəyik. Çünki biz 2026-27-ci illərdə Ermənistanda nələrin baş verəcəyini bilmirik. Məsələn, Paşinyan öldürülə və ya devrilə bilər, yerinə gələn də deyə bilər ki, onun razılaşmalarını tanımır, Konstitusiya dəyişikliyinə getmir. Bununla da sülh müqaviləsinin imzalanması prosesi dalana dirənəcək.

Paşinyanın özü üçün də faydalı olardı ki, Konstitusiya dəyişikliyini sürətlə həyata keçirsin. Aydındır ki, bu il çatdırmayacaq, biz də tələsmirik, amma qarşıdakı ildə bu işi görə bilər. Bu baxımdan, erkən parlament seçkiləri də mümkündür. Hesab edirəm ki, erməni cəmiyyətinin Paşinyana dəstəyi azalmayıb.

Ermənistandakı durum Gürcüstandakı vəziyyətə bənzəyir. “Gürcü Arzusu” Partiyası nəyin əsasında qələbə qazandı? Partiya gürcü cəmiyyətinə onu təlqin elədi ki, müxalifət hakimiyyətə gəlsə, Rusiya ilə yenidən müharibə başlayacaq və bu, Gürcüstana çox böyük fəlakət gətirəcək. Bu şüarın effekti oldu. Paşinyan da erkən seçkiyə getsə, o amildən istifadə edəcək ki, radikal müxalifət hakimiyyətə gəlsə, Azərbaycanla bütün razılaşmalardan imtina edib, müharibəyə rəvac verəcək, Ermənistan növbəti fəlakətlə üzləşəcək. Artıq İrəvandan yerli cəmiyyətə belə mesajlar verilib. İvanişvilidən sonra Paşinyan da bu taktika ilə qələbə qazana, hətta parlamentdəki mövqeyini daha da gücləndirə, Konstitusiya dəyişikliyini daha rahat həyata keçirə bilər.

Hökumət təmsilçiləri həm də onu deyirlər ki, Konstitusiya dəyişikliyi təkcə Azərbaycanla əlaqəli deyil. Yəni başqa məsələlər də var. Bu, Ermənistanın daxili işidir. Bizim tələbimiz orada bizə qarşı olan bəndin çıxarılmasıdır.

Vaxt lazımdır, bu il edə bilmirsə, gələn ilin birinci yarısına qədər yekunlaşdırsın. Bu ssenari istisna deyil.

Geri qayıt