Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Bakı və İrəvanın son qərarı: Vasitəçi və sazişin imzalanacağı məkan
Bakı və İrəvanın son qərarı: Vasitəçi və sazişin imzalanacağı məkanBu gün, 09:48 |
Azərbaycan və Ermənistan qarşılıqlı olaraq sərhəd komissiyalarının birgə fəaliyyətinə dair əsasnaməni təsdiqlədi. İlk növbədə, qarşılıqlı olaraq bu reqlament sənədinin təsdiq olunması onu göstərir ki, biz mövqe və imzamızın sahibiyik, sözümüz imzamızdır prinsipi Azərbaycan üçün hər zaman keçərlidir. Eyni zamanda bundan sonra da belə olacaq. Digər tərəfdən, bu razılaşma ikitərəfli müstəvidə baş verdiyi üçün, bundan sonra da tərəflərin sülh prosesinin yalnız və yalnız ikitərəfli müstəvidə davam edəcəyinin tərəfdarı olduğunun nümayişidir. Çünki ortada artıq bir neçə müsbət nəticə var. Bunu Teleqraf.com-a açıqlamasında politoloq Natiq Miri deyib. Politoloq bildirib ki, bu nəticələr hansısa qlobal güclərin vasitəçiliyi ilə əldə edilməyib: “Bunlar hamısı ikili müstəvidə həll edilib. Hətta sərhədlərin müəyyənləşməsi ilə bağlı müəyyən ərazilər, haradasa 12 kilometr ərazi tamamilə demarkasiya olunub. Bu da ikili müstəvidə razılaşdırılmış səviyyədə baş tutub. Yəni bu artıq göstəricidir ki, biz qarşılıqlı olaraq oturub danışa, konkret birgə razılıq əsasında qərarlar qəbul edə bilərik. Reqlamentin əvvəlcədən razılaşdırılması, sonra təsdiq olunması bir daha onu göstərir ki, proseslər artıq ikili müstəviyə daşınıb. Bu gedişlər çox əhəmiyyətlidir. Çünki xarici güclərin prosesdə iştirakı onların geosiyasi maraqlarını təmin etmək məcburiyyəti yaradır. Ona görə də bu qlobal güclərin rəqabəti kontekstində bunu uzlaşdırmaq məcburiyyəti ilə üzləşməmək üçün daha asan formul iki qonşu dövlətin yanaşı oturaraq danışıb məsələləri həll etməsi olardı. İndiyə qədər dediklərimiz də buna bariz nümunə və təcrübədir. Artıq Ermənistan rəhbərliyi də anlayır ki, İrəvanın təhlükəsizliyi və sülh məsələsi ikili müstəvidə, vasitəçisiz daha rahat həll oluna bilər". Natiq Mirinin sözlərinə görə, İrəvan onu da anlayır ki, Azərbaycan və Türkiyə ilə problemlərini həll etmədən Ermənistanın kənardan təhlükəsizliyini təmin etmək mümkün olmayacaq: "Xüsusilə də Qərb dünyasının təhlükəsizlik təminatı olmadığı bir vəziyyətdə Ermənistan üçün sülh olmazsa-olmazdır. Buna görə də heç bir mərhələdə başqa qlobal gücün prosesdə iştirakına ehtiyac yoxdur. Bunu Azərbaycanla yanaşı, indiki vəziyyətdə Ermənistan da istəmir. Təbii Ermənistan müəyyən mənada Qərb havadarlarının, xüsusilə də Fransanın, hətta ABŞ-ın iştirakını istəyərdi. Ancaq bu təcrübədə sınaqdan keçirildi. Azərbaycan buna imkan vermədi. Bu güclər tərəfsizliklərini itirdilər. Neytrallıq fəlsəfəsinə zərbə vurdular. Tərəf tutdular və Ermənistandan yana oldular. Ona görə də bu cür yanaşma tərzi Azərbaycan tərəfindən qəbul olunmadı və olunmayacaq da... Nəhayət, İrəvan da o fikrə gəldi ki, Azərbaycanla oturub danışmaq, dolayısilə həm də gələcək perspektivdə Ermənistanın təhlükəsizliyi üçün ən böyük zəmanətdir. Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaq, Bakı ilə sülh müqaviləsi imzalamaq, əməkdaşlıq etmək Ermənistanın böyük anlamda bir çox problemlərini, xüsusilə də təhlükəsizlik məsələsini həll edir. Eyni zamanda Ermənistanın dünyaya çıxışını təmin edir. Ermənistan bu perspektivi anlamağa başlayıb. Nəinki anlayır, artıq dilə də gətirir. Ona görə də bundan sonra heç bir qlobal güc nə Rusiyanın, nə də ABŞ-ın vasitəçilik perspektivi görsənmir. Hər şey həll olunandan sonra sadəcə sülh müqaviləsinin imzalanması prosesi üçün hansısa məkan seçilə bilər. Bu da yenə qlobal güclərin məkanlarından biri olmamalıdır. Çünki kiməsə belə bir üstünlüyün verilməsi müəyyən problemlər yaradacaq. Ola bilər ki, həm Ermənistanın, həm də Azərbaycanın qəbul etdiyi bir məkanda və yaxud da ki, bunu sərhəddə də edə bilərik. Bu müqaviləni Qazax rayonunda imzalaya bilərik. Bu sülh müqaviləsi bir Azərbaycan şəhəri adına tarixə düşə bilər. Yəni bu, böyük bir problem deyil. Əsas problem sülh məsələsini imzalamaq anına qədər prosesləri rahat, itkisiz inkişaf etdirə bilməkdir. Hələlik proseslər bu yöndə gedir. Proseslər bir az daha sürətlənsə, bu, Ermənistanın xeyrinə olar. Ancaq bəzən Ermənistan bu məsələlərdə ləngiyir, gec anlayır və yaxud da ki, hansısa xarici təsirlər fonunda bəzən tərəddüdlər edir. Ancaq düşünürəm ki, ümumi istiqamət doğrudur və addım-addım da olsa, sülhə yaxınlaşırıq”. Geri qayıt |