Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Çin avtomobillərini niyə almamalıyıq?
Çin avtomobillərini niyə almamalıyıq?Bu gün, 06:47 |
Bu gün Azərbaycana Çin istehsalı olan kifayət qədər keyfiyyətli və sərfəli avtomobillər gətirilir. Bu avtomobillər həm qiymət, həm də yanacaq sərfiyyatı baxımından digər ölkələrin istehsalı olan avtomobillərdən olduqca sərfəlidir. Amma bəziləri bu avtomobillərin keyfiyyətsiz olduğunu iddia edərək, əhali arasında fikir ayırlığı yaradır. Maraqlıdır, doğrudanmı Çin istehsalı olan avtomobillər keyfiyyətsizdir, yoxsa bu iddiaları başqa ölkələrin istehsalı olan avtomobillərin satışı ilə məşğul olan mərkəzlər bilərəkdən yayır? Məsələ ilə bağlı TNS-ə açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu, bilərəkdən yayılan şayiədir: “Hətta bir müddət əvvəl bəziləri Çin istehsalı olan mobil telefonların keyfiyyətsiz olması barədə şayiələr yayırdı. Amma sonradan məlum oldu ki, həmin şəxslərn özləri Çin istehsalı olan telefonlardan istifadə edir. Azərbaycana normal keyfiyyətli və ucuz qiymətə olan kifayət qədər Çin istehsalı avtomobillər gətirilir və heç birindən də şikayət yoxdur. Çin dünyanın texnologiya və sənaye sahəsində öz sözünü deyən ölkədir, keyfiyyətli məhsulları az deyil”. Ekspert deyib ki, Çin istehsalı olan avtomobillər rəsmi dilerlərdən alınsa, daha yaxşı olar: “Çünki maşın rəsmi dilerdən alınsa, sonra hansısa problem yarandığı təqdirdə sürücü çıxılmaz vəziyyətdə qalmaz. Çin avtomobilləri ilə bağlı problem ondan ibarətdir ki, çoxları özləri fərdi qaydada Çindən avtomobil alıb gətirir, həmin avtomobillərin Azərbaycanda rəsmi servis xidmətləri olmur. Ehtiyat hissəsini tapa bilməyəndə deyir ki, Çin avtomobili pisdir. Həmin avtomobillər Azərbaycana yeni daxil olur. Xüsusən də plagin-hibrid, hibrid avtomobillərinin yanacaq sərfiyyatı az olduğu üçün ölkəyə daha çox gətirilir. İnsanlar bu avtomobillərə üstünlük verirlər. Ona görə də bu avtomobilləri mütləq rəsmi dilerlərdən almaq lazımdır. Azərbaycanda hazırda kifayət qədər Çin avtomobillərinin rəsmi dilerləri var, satış yüksək səviyyədəddir. Hətta Azərbaycana gətirilən Çin avtomobilləri içərisində özünü doğrultmuş markalar da var ki, illərdir, Azərbaycan bazarındadır. Qiymət əlçatan olduğu üçün insanlar həmin avtomobilləri alırlar. Amma alanda diqqət etmək lazımdır ki, həmin avtomobilin Azərbaycanda rəsmi dileri varmı, ehtiyat hissələri tapılır ya yox”. E. Muradlı bildirib ki, bəziləri Almaniya, Yaponiya kimi ölkələrin avtomobil markalarının Çin versiyasını alıb, Azərbaycana gətirir və bəzən həmin şəxs problem yaşayır: “Məsələn, ayrı-ayrı şəxslər “Mercedes”, “Toyota” kimi avtomobillərin Çində istehsal olunan variantlarını alıb, Azərbaycana gətirir. Hansısa problem yarananda “Mercedes” və “Toyota”nın Azərbaycandakı servisləri həmin avtomobillərə xidmət göstərmir. Bu da sonra həmin şəxsin problem yaşamasına səbəb olur”. E. Muradlı deyib ki, Çin avtomobilləri barədə ən dəqiq proqnoz 5 ildən sonra verilə bilər. Geri qayıt |