Əsas Səhifə > Ana xəbərlər, Güney Press > 75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək?
75 faizlik vergi güzəşti jurnalistlərə nə verəcək?Bu gün, 07:27 |
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, gələn ildən bir sıra xidmət sahələri üzrə illik dövriyyəsi həcmi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə 75 faiz güzəşt tətbiq olunacaq. Yəni, VOEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən 2025-cü ildən etibarən 20 faiz deyil, 5 faiz vergi ödəyəcəklər. Bu güzəştdən yararlanacaq olanlar arasında jurnalistlər də var. Deputat Vüqar Bayramovun açıqlamasına görə, əgər vətəndaş jurnalist kimi fəaliyyət göstərir və xidmət müqaviləsi əsasında vəsait alırsa və onun aylıq gəliri 3 min manatdırsa, o, gəlirindən gələn ildən etibarən 600 manat deyil, cəmi 150 manat vergi ödəyəcək. Qeyd edək ki, güzəştlər xidmət müqaviləsi əsasında çalışan şəxslərə şamil olunur. Yeni qaydaların jurnalistlərə hansı faydaları olacaq? Mətbuat Şurasının sədri Rəşad Məcid TNS-ə bildirib ki, Vergi Məcəlləsinə təklif edilən dəyişiklik Azərbaycanda media sahəsində aparılan islahatların, ümumən, dövlət siyasətinin davamlı xarakter daşıdığının növbəti təsdiqidir. O qeyd edib ki, başlıca məqsəd media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirilməsidir: "Jurnalistlər cəmiyyətə informasiya verilməsinə məsul şəxslərdən əldə etdikləri gəlirdən vergi tutulmalarının çox olduğunu bildirirdilər. Qanunvericilikdə vəziyyətin nəzərə alınması müsbət haldır. Bu addım real gəlirlərin artımını şərtləndirəcək". Rəşad Məcid jurnalistlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində bu günədək atılan addımları yada salıb. İpoteka qanunvericiliyinə edilən dəyişikliklərdən bəhs edən Şura sədri sözügedən dəyişikliyin jurnalistlərə dövlət təminatlı güzəştli ipoteka kreditindən istifadə hüququnu verdiyini xatırladıb. O, media fəaliyyətinin iqtisadi cəhətdən stimullaşdırılması baxımından kağızın idxalının və satışının ƏDV-dən azad edilməsinin, media fəaliyyətinin əksər komponentlərinin 3 il müddətinə ƏDV-dən azad olunmasının əhəmiyyətini vurğulayıb: "Qanunvericiliyin cəmiyyətə informasiya verilməsinə məsul daha çox şəxsi əhatə etməsi də vacibdir. Bunun üçün onların özləri də qanun çərçivəsində təmsilçiliyə maraq göstərməlidirlər. Çünki qanunlar çərçivəsində həyata keçirilən jurnalist fəaliyyəti üstünlüklər qazandırır. Qanunla müəyyən edilən imtiyazlar peşəyə marağın güclənməsində də rol oynayacaq". "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər TNS-ə bildirib ki, tətbiq olunan bütün imtiyazlar Azərbaycanda media azadlığının inkişafına və gücləndirilməsinə, iqtisadi azadlığın möhkəmlənməsinə yönələn addımlardır: "Azərbaycan dövləti tərəfindən sistematik olaraq bu addımlar həyata keçirilir. Bu gün Azərbaycan Prezidentinin diqqət və qayğısını jurnalistlərimiz ciddi şəkildə hiss edir. Xalq dilində desək, çörək bişirməyi öyrətmək, onu hazır verməkdən daha faydalıdır. Əvvəlki illərdə də jurnalistlərlə bağlı önəmli addımlar atılıb. Amma son illərdəki yeniliklər ümumilikdə media qurumlarının fəaliyyətinin güclənməsinə yönəlib. Hazırda haqqında danışılan 75 faizlik güzəşt həm də sərbəst şəkildə jurnalist fəaliyyəti ilə məşğul olanlara dəstəkdir". Aqil Ələsgər bildirib ki, əvvəllki illərdə əsasən, media rəhbərlərinin maraqlarına uyğun qərarlar verilirdisə, bu gün daha çox çalışan təbəqinin maraqları ön plana çıxır: "Mövcud "Media haqqında qanun" jurnalistin yanındadır. Bu gün Azərbaycan mediası “qara” mühasibatdan “şəffaf” mühasibata keçmək yönündə çox ciddi uğur əldə edib ki, bu da son qanunların, Media İnkişafı Agentliyinin irəli sürdüyü tələblərdən irəli gəlir". Geri qayıt |