Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar...
Qərbi Azərbaycana QAYIDIŞ: Mane olmamalıdırlar...Bu gün, 06:42 |
"Qərbi Azərbaycan məsələsi ilə uydurma "Qərbi Ermənistan" anlayışı arasında müqayisə aparmaq cəhdi absurtdur. Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur. Ermənilərin "Qərbi Ermənistan" dedikləri ərazi isə Türkiyənin suveren ərazisidir. Ermənistanın konstitusiyasında və digər sənədlərində yer alan bu anlayış Türkiyəyə qarşı ərazi iddiasını özündə ehtiva edir, bu qəbuledilməzdir". Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Vasif Qafarov bildirib. Deputat qeyd edib ki, ermənilərin "Şərqi Ermənistan" dedikləri Qərbi Azərbaycan ərazisi də tarixi Azərbaycan torpağıdır və bütün tarix boyu burada azərbaycanlılar yaşayıb: "Ermənilər bu ərazilərə XIX əsrdə köçürülüb. 1828-1931-ci illərdə İrandan 8249, Osmanlı dövlətindən isə 14044 erməni ailəsi, ümumilikdə 150 min nəfərdən çox erməni köçürülüb Qərbi Azərbaycan və Qarabağ ərazilərində yerləşdirilib. Sonrakı illərdə gerçəkləşən erməni köçləri hesabına bu ərazilərin etnik tərkibi süni şəkildə dəyişdirilib. 1917-ci il məlumatına görə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı yaşayırdı. 1918-ci ildə İrəvan bölgəsində erməni dövləti yaradılan zaman Ermənistan hökuməti digər öhdəliklərlə yanaşı, İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində qalan müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öz üzərinə götürdüyü halda, bu öhdəliklərin heç birini yerinə yetirmədi. Azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasəti həyata keçirdi". Deputat vurğulayıb ki, Sovet hakimiyyəti dövründə Moskva hökuməti tərəfindən Azərbaycan ərazilərinin böyük bir qismi xalqın iradəsinə zidd olaraq onun əlindən alınaraq Ermənistana hədiyyə edilib və məhz bu torpaqlar hesabına Ermənistanın SSR-in ərazisi 9000 kvadrat kilometrdən 29743 kvadrat kilometrə çatdırılıb: "Sovet Ermənistanı da azərbaycanlılara münasibətdə daşnak Ermənistanının siyasətini davam etdirib. 1948-1953-cü illərdə 150 min, 1988-1991-ci illərdə 300 min nəfər azərbaycanlı dədə-baba yurdu olan Qərbi Azərbaycandan (indiki Ermənistandan) deportasiya edilib. Bu gün Qərbi Azərbaycan məsələsi etnik təmizləməyə məruz qalmış azərbaycanlıların özlərinin bugünkü Ermənistanda qalan yurd yerlərinə, evlərinə, sülh şəraitində dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edən insan hüquqları mövzusudur. Qərbi azərbaycanlıların öz yurd yerlərinə qayıdışı məsələsi beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğundur. Hesab edirəm ki, Ermənistan hökuməti Qərbi Azərbaycan məsələsini qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə uğursuz əlaqələndirmək cəhdlərindən əl çəkməli, mövcud reallığı qəbul etməli və beynəlxalq hüququn norma və prinsiplərinə riayət edib Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməlidir". Geri qayıt |