Əsas Səhifə > Ana xəbərlər, Güney Press > Yolumuz Qarabağa: “İcazəsiz?”

Yolumuz Qarabağa: “İcazəsiz?”


Bu gün, 00:17
 Yolumuz Qarabağa: “İcazəsiz?”
İllərdir xalqın səbirsizliklə gözlədiyi, qovuşmaq üçün gün saydığı Qarabağ artıq 4 ildir ki, bizə qayıdıb. İndi də Qarabağ bizi gözləyir. İşğaldan azad olunan torpaqlarımızda sürətlə yenidənqurma işləri aparılsa da, yetərli infrastruktur hələ də qurulmayıb. Böyük Qayıdış planı işə düşüb, bəzi rayonların sakinlərinin bir qismi öz yurdlarına köçürülüblər. Lakin yaşayış üçün yetərli şərait, sakinlərin dolanışığını təmin edəcək qədər iş yoxdur. Xəstəxanasından tutmuş xidmət məkanlarına, geyim mağazalarına, supermarketlərə kimi, demək olar, hər sahədə çatışmazlıq var. Bütün bunların tam təmin edilməsi, razıyıq, zaman və vəsait tələb edir.

O zamanı gözləyənə kimi yurdunu görmək, doğma məkanlarını, əzizlərinin qəbirlərini ziyarət etmək istəyən minlərlə insan isə portalda qeydiyyatdan keçərək, icazə almalıdır. Burada da ziyarətçi sayı və vaxt, təbii ki, limitlidir. Günlük ziyarətçi sayı dolandan sonra qeydiyyat dayandırılır. Yəni, kim qabağa düşsə, udur. Üstəlik məlumatsız vətəndaşlar, ümumiyyətlə, texnologiyadan bixəbər olanlar bu məsələlərdə çətinlik çəkir. Ya kimdənsə xahiş etməli olur, ya da oturub icazənin ləğv ediləcəyi günü gözləyir. Qeydiyyatdan keçə bilənlər isə doyunca, rahatlıqla gəzə bilmir. Çünki maksimum 2 gün gəzməyə vaxtları olur. Orada gecələmək, restoranda yemək və s. üçün isə nə yetəri qədər məkan var, nə də qiymətlər uyğundur. Bu məsələnin başqa tərəfidir.

Maraqlısı budur ki, portalda qeydiyyatdan keçən 20-30 nəfər qaydalardan kənara çıxmırsa, təhlükə yaratmırsa, həmin say və müddət çoxalsa, yəni portal məsələsi ləğv edilsə, nə problem yaranar ki?

Portaldan keçmək məsələsinin nə vaxt ləğv ediləcəyi ilə bağlı ictimaiyyətə heç bir məlumat verilmir. Bununla bağlı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədova müraciət etsək də, suallarımız cavabsız qaldı.

Mövzu ilə bağlı Pressklub.az-a danışan politoloq Qədir Aslan hələlik portalın ləğvinə ehtimal vermədiyini deyib: “Bu, bir az çətin məsələdir. Bir tərəfdən təhlükəsizlik məsələsi var, digər tərəfdən də insanlar rahatlıqla gedib öz yurdunu görə bilmir. Xüsusilə də yaşlılar. Onların çoxu ömrünün sonunu öz el-obasında keçirib, orada canını tapşırmaq istəyir. Yəni, insanların bu məsələdə haqlı tərəfləri var. 1 milyona yaxın məcburi köçkün tezliklə öz yurduna qayıtmaq istəyir. Və haqlı şəkildə öz etirazlarını bildirirlər”.

Müsahibimiz hesab edir ki , böyük qayıdış prosesinin sürətləndirilməsi üçün dövlət tərəfindən təşkil olunan qayıdış proyekti bir az modifikasiya olunmalıdır: “İş təkcə dövlətin üstünə düşməməlidir. Artıq vətəndaşlara da müəyyən mənada muxtariyyət verilməlidir ki, bu barədə layihələr işlənilib, dövlətə təqdim edilsin. Bu, dövlətin tək bacaracağı bir proses deyil. Burada xalqın iştirakı mütləqdir. Digər ölkələrdə də bu cür layihələr xalqın iştirakı ilə həyata keçirilir. Təsəvvür edin, 2026-cı ilə kimi cəmi 140 min insanın qayıdışı nəzərdə tutulur. Bu da mövcud məcburi köçkünlərin onda biri qədərdir”.

Müsahibimiz deyib ki, problemin həlli üçün minalı ərazilərlə bağlı maarifləndirmə işləri aparılmalıdır: “Necə ki, oraya gedən 15-20 nəfər xətdən kənara çıxmırsa, bu sayın daha çox olması heç nəyi dəyişməyəcək. Ona görə də icazənin ləğvi düşünülməlidir. Ümumiyyətlə, minatəmizləmə işində də xalqın təşəbbüsündən yararlanmaq lazımdır. Bu məsələlərdə kütləvi şəkildə - istər iqtisadi, istər təhlükəsizlik, istərsə də sosial mənada səfərbərlik olmalıdır. Və böyük qayıdış həqiqi mənada öz həllini tapmalıdır”.

Böyük qayıdışla bağlı mətbuata açıqlama verən millət vəkili Vüqar Bayramov deyib ki, “Azərbaycan Respublikasının İşğaldan Azad Edilmiş Ərazilərinə Böyük Qayıdışa Dair” Dövlət Proqramının təsdiq edilməsi Böyük Qayıdışı daha da tezləşdirəcək. Deputat bildirib ki, proqramın əsas özəlliklərindən biri məhz fəaliyyətlər üzrə ünvanlılıq və sistemliliyin qorunmasıdır: "Proqramda hər bir fəaliyyət üzrə müddət, məsul qurumlar və reallaşacaq əsas istiqamətlər nəzərə alınıb. İnfrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlığı kimi hədəflərin reallaşması üçün proqram 2022-2025-ci illər üzrə fəaliyyətləri və 2026-cı ildə yekun nəticələri özündə ehtiva edir”.

Nə deyək, 30 il oradan, 4 il də buradan. Düz 34 ildir xalq gözləyir. Məlum məsələdir ki, hələ gözləməyə davam edəcəyik. Heç olmasa, icazə ləğv edilsə, insanlar öz el-obalarını rahatlıqla ziyarət edə bilsələr, ürəklərinə az da olsa su səpilər.

Tezliklə doğma yurda qovuşmaq diləyi ilə...

Pressklub.az
Geri qayıt