Əsas Səhifə > Ana xəbərlər, Güney Press > YENİ İL ƏRƏFƏSİ... ƏFV GÖZLƏNTİSİ...

YENİ İL ƏRƏFƏSİ... ƏFV GÖZLƏNTİSİ...


Dünən, 10:55
YENİ İL ƏRƏFƏSİ... ƏFV GÖZLƏNTİSİ...
Dekabrın sonu Azərbaycan üçün təkcə təzə təqvim ilinin başlanğıcı hesab olunmur, 31 dekabr eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Həmin günlə bağlı əfv gözlənilirmi? Əfv komissiyasında bir hərəkətlənmə varmı, bu ay olacaqmı?

Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Ötənlərdə 31 dekabrda cənab Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanıb. Lakin son 5 ildə əfv sərəncamları daha çox Novruz bayramı, böyük tarixlər və may ayında imzalanıb. Məsələn, 2023-cü ildə Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı mayda 801 məhbusu əhatə edən əfv sərəncamı verilmişdi. 2018-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 28 May Respublika Günü münasibətilə 634 məhbus əfv olunmuşdu.

Bu ilin may ayında isə 160 nəfərə yaxın məhbusun əfv olunduğunu qeyd edək. Bu baxımdan, dekabrın sonunda növbəti əfv sərəncamı olacağı ehtimalı o qədər yüksək deyil, amma bu məsələ cənab Prezidentin səlahiyyətindədir və istənilən vaxt əfv sərəncamı verilə bilər.

Əfv Komissiyasının katibliyi və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru davamlı olaraq müraciətləri qəbul edir, baxır və emal edir. Hər bir müraciətə görə arayış hazırlanır və Əfv Komissiyasının iclasları ərəfəsində cənab sədrə təqdim olunur.

Bu il bir sıra mühüm hadisələrlə yadda qaldı, o cümlədən parlament və prezident seçkiləri, həmçinin COP29 tədbiri keçirildi. Bütün bu hadisələrdən sonra ehtimal edirəm ki, növbəti əfv sərəncamı gələn ilin Novruz bayramı və ya may ayında ola bilər".

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeyd edib: “Çox istərdim ki, hazırda məhkəmələri davam edən blogerlər, jurnalistlər, siyasi partiya üzvləri elə məhkəmədən ev dustaqlığına buraxılsınlar. Çünki 31 dekabr həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm də Yeni il bayramıdır, bu münasibətlə onlara qarşı humanist addım atmaq olar. Monitorinq Qrupunun üzvləri olaraq hər zaman bu barədə müraciətlərimizi göndəririk. Hesab edirəm ki, son vaxtlar ölkəmizə qarşı təzyiqləri nəzərə alaraq, bu addımları atmaq olar. Həmçinin jurnalist Əvəz Zeynallının azadlığa çıxmasını arzulayıram. Bu gün ölkəmizə qarşı "siyasi məhbus" məsələsi ilə bağlı xeyli qınaq gəlir. Demirəm ki, biz o qınaqlardan qorxuruq, sadəcə, çalışmaq lazımdır ki, digər dövlətlərin qarşısında Azərbaycan haqqında belə bir xoşagəlməz imic formalaşmasın. Bu baxımdan istərdim ki, hamısı azadlığa çıxsın.

Bundan başqa, çox istərdik ki, ömürlük həbsə məhkum olunmuş, hazırda sayları 2-3 nəfər qalmış OMON-çular, ömürlük həbs cəzasına məhkum olunanlar, hansı ki, 20 ildən çoxdur ki, məhbus həyatı yaşayırlar, bəziləri hətta Birinci Qarabağ müharibəsində iştirak ediblər, onların əfvə düşməsini arzulayırıq".

“Yeni Müsavat”

Geri qayıt