Əsas Səhifə > Ana xəbərlər, Güney Press > İrəvanın belə gedişinin bir qırılma nöqtəsi olacaq

İrəvanın belə gedişinin bir qırılma nöqtəsi olacaq


Dünən, 09:19
İrəvanın belə gedişinin bir qırılma nöqtəsi olacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifətin Qarabağla bağlı ona ünvanladığı ittihamlara yenidən cavab verib. Baş nazir “Dağlıq Qarabağ respublikası” adlı “dövlətin” olmadığını bir daha təkrarlayıb. O qeyd edib ki, Qarabağın “müstəqil dövlət” olduğunu desələr də, heç bir ölkə tanımayıb: “Bizə dost və dost olmayan ölkələr də bu haqda danışırlar, lakin heç biri tanımayıb. Üstəlik, satqınlıqda ittiham edirlər. Mən deputat olanda dedim ki, Qarabağ müstəqil dövlət deyil, Qarabağ Azərbaycandır. Dedilər xeyr, Qarabağ Azərbaycan deyil. Dedim ki, Qarabağ Ermənistandır, dedilər xeyr, Ermənistan da deyil. Yaxşı, Qarabağ Azərbaycan deyil, Ermənistan deyil, müstəqil deyil, bəs onda nədir? Hər kəs 9 ay hamilə qala bilər, amma 9 aydan sonra nəsə baş verməlidir: ya uşaq doğulmalıdır, ya da doğulmasa, daşıyıcının ölümünə səbəb olacaq, yaxud qeysəriyyə ilə doğulacaq. Yəni nəsə olmalıdır. Hamiləliyi daha 9 ay uzatmaq absurd yanaşmadır”. Paşinyan son 4 ildə hər gün özünə bir sual verdiyini və bir cavab tapdığını deyib: “Əgər biz Qarabağ məsələsini daha 9 ay uzatmaq məntiqi ilə hərəkət etsəydik, yanlış olardı. Mən bizim siyasətimizin doğru, yaxud yanlış olduğunu demirəm. Onu deyirəm ki, yeganə variant bu idi və bu, bizə dövlətimizi qorumaq şansı verir”. Paşinyan qeyd edib ki, bütün bunları kənara qoyub, ölkənin maraqları naminə fəaliyyət göstərmək lazımdır: “Dövlətin konkret məsuliyyət zonası, konkret beynəlxalq səviyyədə tanınmış ərazisi var, yalnız və yalnız həmin ərazinin maraqlarına uyğun fəaliyyət göstərir”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi mətni üzərində danışıqlar davam edir. Razılaşdırılmamış maddələr qalmaqdadır. Müzakirələr aparılsa da, İrəvan hökumətinin qeyri-müəyyənliyi səbəbindən yekun nəticə əldə olunmur.
Narahatlığa səbəb olan digər məsələ isə Ermənistanın silahlanması, hərbi xərcləri artırmasıdır. İrəvanın Qərb və Rusiya arasında var-gəl etməsi, hər iki tərəfə oynaması, Avropa İttifaqının "xüsusi missiyası"ndan əl çəkməməsi də prosesi qəlizləşdirən amillərdəndir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a deyib ki, Nikol Paşinyan ara-sıra ictimaiyyət qarşısına açıq suallarla çıxır və maraqlı bəyanatlar səsləndirir. Sabiq XİN rəhbəri vurğulayıb ki, Paşinyan erməni toplumuna haqlı sual edir ki, onlar hansı Ermənistanın, mifik, yoxsa real Ermənistanın vətəndaşlarıdır:

"İndiyədək heç bir erməni siyasətçi cavab verə bilmir ki, o, hansı Ermənistanın təmsilçisidir. Ermənistan hökuməti sülh və silahlanma məsələsində də ziddiyyətli addımlar atır. Bir tərəfdən sülhdən danışır, paralel olaraq silahlanır, ağır hərbi texnikalar əldə edirlər. Bilmək olmur ki, Paşinyan hökuməti sülhə hazırlaşır, yoxsa müharibəyə. Ermənistanın hansı sərhədlər daxilində suveren dövlət qurmaq düşüncələri də qeyri-müəyyəndir.
Ermənistan müstəqil dövlət kimi ortaya çıxandan sonra İrəvanın siyasətinin böyük hissəsi, gücü və potensialı digər ölkələrin, kənar oyunçuların hesabına baş verirdi. Son illərədək Ermənistanın təhlükəsizliyini və Azərbaycan torpaqlarının işğal altında qalmasını təmin edən tərəf Rusiya idi. İndi isə Ermənistan və Rusiya arasında münasibətlər korlanıb. Rusiya istəmir ki, ermənilərin siyasi ambisiyalarına dəstək versin, bu yolda pullar xərcləsin, öz siyasi imkanlarını İrəvana sərf etsin. Ermənilər indi axtarışdadır ki, görsünlər Rusiyanın yerini kim tutacaq? Qərb ölkələri Cənubi Qafqazda iki dövlətin ərazisindən rus qoşunlarının çıxmasında maraqlıdır. Hazırda həm Gürcüstan ərazisində, həm də Ermənistanda rus qoşunları qalmaqdadır. Azərbaycan ərazilərini tam şəkildə öz imkanları ilə qoruyur, təhlükəsizliyini təmin edir. Ermənistan Qərbin bölgəyə gəlməsində və bu yolla Rusiyanın sıxışdırılıb çıxarılmasında maraqlı olduğu üçün Avropa İttifaqının "xüsusi missiyası"nı öz ərazisinə yerləşdirib. Ermənistan Rusiyanın çətin vəziyyətdə olduğunu və ondan istədiyini ala bilmədiyini görür. Ona görə də çalışır ki, bu vəziyyətdən istifadə edərək Qərbdən nələrsə qopartsın. Ötən müddət ərzində yalvar-yaxarla Qərbdən 200 milyon dollar yardım alıblar".

T.Zülfüqarovun qənaətincə, əslində, Qərb də fərqindədir ki, İrəvanın həqiqi məqsədi Rusiyanı tamamilə uzaqlaşdırmaq deyil:
"Ermənilər sadəcə Zvartnos hava limanından 20-30 nəfər rus əsgərinin oradan çıxarılıb ölkənin başqa bölgəsinə aparılması ilə işlərini bitmiş hesab edirdilər. İrəvan hökuməti gah KTMT, MDB sammitlərinə qatılır, gah da görüşlərdən imtina edir. Ermənistanda iki rus hərbi bazası var. Bu ölkəyə gələn hər xarici vətəndaş təyyarənin pəncərəsindən rus hərbi təyyarələrini görürlər. Ermənistanın hava hücumundan müdafiə sistemləri də kənardan - Rusiyadan idarə olunur. Sərhədlərini də rus əsgərləri qoruyur. Elə bir sahə yoxdur ki, Rusiya orada olmasın. Buna baxmayaraq, Ermənistanın guya Rusiyadan "uzaqlaşması" təbliğ olunur. Ermənistanla Rusiya arasında iqtisadi mal mübadiləsi bir il ərzində 4-5 dəfə artıb. Yəni bunların hamısı oyundur. Paşinyan Kremlə sadiqdir və onun siyasəti dəyişməyib. Sadəcə olaraq müxtəlif tribunalarda fərqli bəyanatlar verir".

Sabiq XİN rəhbəri bəyan edib ki, hazırda dünyada ciddi qlobal proseslər gedir:
"Rusiya uzun müddət postsovet məkanını kurasiya edirdi. İndi görünür, Rusiya siyasətində fikir nisbətən dəyişib, artıq bölgədə siyasi yox, iqtisadi əməkdaşlığa üstünlük verilir. Azərbaycandan Rusiya qoşunları çıxıblar, amma bu, iki ölkə arasında münasibətlərə mənfi təsir göstərməyib, hansısa böhran yaratmayıb. Ermənistan çalışır ki, həm təhlükəsizlik təyinatı alsın, həm də özünü "qərbmeyilli cəmiyyət" kimi təqdim etsin. Bunun razılığı Rusiyadan da, Qərbdən alınıb. Əlbəttə, gedişin bir qırılma nöqtəsi olacaq. Ermənistanın dövlət kimi varlığı hər zaman kiminsə himayəsi altında mövcud olub. Söhbət hazırda bu himayənin Rusiyadan Qərbə ötürülməsindən gedir".

Geri qayıt