Əsas Səhifə > Manşet, Gündəm > Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ...

Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ...


Bu gün, 01:46
Neftçilərin daşınmasında GƏMİ PROBLEMİ...
Hava şəraitinin pisləşməsi ilə dənizdə çalışan neftçilərin daşınması problemi yenidən gündəmə gəlib. Neftçilər deyirlər ki, küləkli, yağışlı havalarda növbə dəyişə bilmirlər, dənizdə olanların ərzaqları bitir, quruda olanların isə maaşları az hesablanır. Yəni hər iki halda neftçilər zərər çəkirlər.

Neftçilərdən biri adının açıqlanmaması istəyi ilə Meydan TV-yə bildirib ki, sonuncu dəfə onlara iş tapmağın çətin olduğunu deməklə problemlərini dilə gətirənlərin cəzalandırıla biləcəyi ilə bağlı sözarası xəbərdarlıq edilib. Neftçi iş yerinə və ya quruya getmək üçün gəmi ilə təxminən 7-8 saat yol getdiklərini, köhnə gəminin təhlükəli olduğunu, çoxunun gəmidə vəziyyətinin pisləşdiyini deyib.

“Təəssüf ki, gəmi problemi illərdir həllini tapmır, hər gələn rəhbərlik digərinə rəhmət oxudur. İş tapmaq müşkülə çevrildiyindən nə edəcəyimizi də bilmirik, az qala hamının krediti var”,-neftçi deyib.

Bildirilib ki, bu yaxınlarda Neft Daşlarının 1-ci, 2-ci, 4-cü və 5-ci mədəndə çalışan 80-ə yaxın neftçi növbə dəyişmək üçün gəmi ilə təmin olunmayıb. 3 gün işə gedə bilməyiblər.

Neftçilər deyiblər ki, təxminən 1960-cı illərin çay gəmiləri ilə 2 saat yarımlıq yolu 7-8 saata gedirlər. Sonra isə işə çıxırlar.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, rəhbərlik etdiyi təşkilata dənizdə çalışan neftçilərin daşınması ilə bağlı tez-tez şikayətlər edilir. Neftçilər küləkli, yağışlı havalarda çıxılmaz duruma düşürlər. Lakin rəhbər şəxslərdən heç biri o gəmilərlə yola düşüb, real vəziyyəti görmür.

“Neftçilərin problemi çoxdur, lakin daşınma məsələsi ən böyük problemdir. Neftçilərin şikayətləri eşidilmir. Bir neçə saat köhnə gəmidə yol gedən neftçilərin səhhətində problemlər yaranır. Bildirirlər ki, baş ağrısı, ürək bulanması, baş gicəllənməsi yaranıb. Halbuki rəhbər şəxslərdən heç biri bir dəfə də elə gəmi ilə yola çıxmaz”,-Qəhrəmanlı deyib.

Hüquq müdafiəçisi qeyd edib ki, neftçilər SOCAR-ın futbol da daxil olmaqla bir çox sahəyə sponsur etdiyini, lakin öz işçilərin həyat şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görmədiyindən şikayətçidirlər.

SOCAR-dan isə neftçilərin daşınma problemi ilə bağlı şikayətlərinə münasibət bildirilməyib.
Geri qayıt