Əsas Səhifə > Manşet, Ölkə > "Plagiat müsbət dinamikadır?!"

"Plagiat müsbət dinamikadır?!"


Bu gün, 09:35
"Plagiat müsbət dinamikadır?!"
"Dilçilikdə məşhur plagiarizm abidəsinin Baş redaktoru, sözdə və çıxışlarında əsl elmi və alimi çox istəyən, əməldə isə əsl elmə və alimə nifrət edən, elmsizliyi stimullaşdıran akademik İsa Həbibbəyli deyib ki, doktorantura və dissertanturaya builki qəbulda müsbət dinamika müşahidə olunur..." "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov çıxış edib.
O daha sonra davam edir: "Görəsən, o müsbət dinamika nədən ibarətdir, İsa müəllim?! 10 ildir qurumun humanitar və ictimai elmlər üzrə vitse-prezidenti olmusunuz. Plagiat müsbət dinamikadır?! Mənfi dinamikaya istədiyiniz qədər nümunə göstərmək olar. Hələ Ramiz Mehdiyevin akademiyanı kurasiya etdiyi illərdən bəri qulaqlarımız bu "müsbət dinamika" ilə o qədər döyəclənib ki, mazol olub. Di gəl ki ortada elmsiz dissertasiyalardan, plagiat monoqrafiyalardan, onların tərifi, təqdimi və təltifindən başqa bir şey yoxdur. Tək-tük varsa, onu da gözümçıxdıya salıb maddi səfalətə tərk etmisiniz.
İsa müəllim, sizi yaxından tanıyan biri kimi deyirəm ki, bu mənada siz heç vaxt elm təəssübkeşi olmamısınız və ola da bilməzsiniz. Bunun üçün Vətənə, millətə, dövlətə, xalqa, bir sözlə, insana sevgi dolu qəlb, fitrət lazımdır.
Gəlişigözəl sözlərlə, "multidisiplinar", "transdisiplinar", "süni intellekt" kimi terminlərlə (akademik fənd) beyinləri piyləyib elmi illüziya yaratmağa, savadlı görünməyə, Şeyx Nəsrullah ənənələrinə milli ideya donu geyindirib sırımağa çalışmaqla tarixin cəngindən qurtara bilməyəcəsiniz!
İ.Həbibbəyli deyib: “Dissertant və doktorantlar elmi rəhbərlə təkbətək qalmamalıdır. Təhsil prоsеsində müsbət nəticələr əldə еtmək üçün onlar fərqli ixtisas alimlərindən də dərs almalıdırlar”.
Pah atonnan! İsa müəllim, belə aldadıcı mücərrəd ifadə işlətməkdənsə, konkret deyərdiniz ki, dövlətdən hər ay əlavə qonorar alan elmi rəhbərlər niyə dissertant və doktorantlara rəhbərlik etmirlər, məsləhət vermirlər, əksinə, onları aldadıb, vahimələndirib tora salır, səhv istiqamətləndirirlər?! Məgər siz bilmirsiniz?! Çox gözəl bilrsiniz, əlbəttə! Fəqət bunları deyə bilməzsiniz, çünki onlarla əlbir, dilbirsiniz və elmin tabutu üzərində birgə əylənirsiniz. Heç ruhunuz da incimir, çünki ölkənin elmi inkişafı, zərrə qədər də olsun, sizi maraqlandırmır. Çox təəssüf! Gül kimi ölkəni şəxsi marağınız naminə nə günlərə qoydunuz?!
Dövlət və xalq üçün zərərli olan, ölkəni içdən didib-dağıdan akademik fırıldaqçılar, işbazlar, riyakarlar tam təminat altında söz sahibləri olduqları halda, bu eybəcərlikləri, nöqsanları dilə gətirən, vicdansızlıqlara qəlbi dözməyib fəryad qoparan faydalı alimlərə zülüm edilir.
Bilin ki, tarix sizin bu zərərli fəaliyyətinizi bağışlamayacaq!.."

Geri qayıt