Əsas Səhifə > Manşet, Ölkə > BAŞLANDI: Ali məktəblər distant təhsilə keçir

BAŞLANDI: Ali məktəblər distant təhsilə keçir


Bu gün, 12:54
BAŞLANDI: Ali məktəblər distant təhsilə keçir
Məlumdur ki, bir neçə gündən sonra Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası keçiriləcək.

Tədbirin keçiriləcəyi müddətdə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) təhsilin pillələri üzrə tədris və təlim-tərbiyə prosesinin aşağıdakı qaydada təşkil ediləcək:

Ümumi təhsil pilləsi üzrə - 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili;

Peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil.

Bəs, ali təhsil ocaqları distant təhsilə hazırdırmı?

Mövzu ilə bağlı Bakı Mühəndislik Universitetindən (BMU) TNS-ə bildirilib ki, BMU Elektron İdarəetmə Sisteminə malik ali təhsil ocağıdır: “Nəzərə almaq lazımdır ki, COVID-19 pandemiyası zamanı BMU-da onlayn dərslər uğurla keçirilib və bu sahədə təcrübə mövcuddur.

Dərslərin "Google Classroom LMS" (Learning Managament System) və ona bağlı "Google-nin Hangouts" video konfrans tətbiqi vasitəsilə tədrisi üçün BMU-da hər cür şərait var və fənlərin sillabusları, dərs materialları, slaydları, bu platformaya yüklənib. Onlayn dərslərin təşkili və aparılması üzrə metodiki işlər aparılıb. BMU tələbələrinin bu platformadan istifadəsi üçün müvafiq məlumatlandırma işləri gerçəkləşdirilib”.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) isə TNS-ə bildirilib ki, noyabrın 11-dən 22-dək ölkəmizdə baş tutacaq COP29 tədbiri ilə əlaqədar UNEC-də dərs cədvəlində heç bir dəyişiklik etmədən bütün dərslər onlayn formada keçiləcək: “Bu məqsədlə zəruri hazırlıq işləri aparılmaqda və tədbirlər görülməkdədir. Müəllimlərimizin evdən dərslərə qoşulması üçün bütün texniki tələblər təmin olunub. Ehtiyac yarandığı halda, müəllimlər universitetdən dərslərə qoşulmaq imkanına da malik olacaqlar. Tələbələr isə yaşadıqları yerləri tərk etmədən mühazirə və məşğələ dərslərinə onlayn rejimdə rahat qoşula biləcəklər.

Bu prosesin idarə olunması məqsədilə inzibati heyətin 80%-dən çoxu öz işlərini evdən davam etdirəcək. Dərslər üç növbədə təşkil ediləcək və həm bakalavr, həm də magistratura səviyyəsində təhsil alan tələbələri əhatə edəcək. Ümumilikdə, distant tədris prosesi 18,850 tələbə və 1075 müəllimi əhatə edəcək”.

Məlumatda qeyd olunub ki, UNEC-in bu addımları onun dünya təhsil tendensiyalarına uyğun olaraq rəqəmsal təhsilin genişləndirilməsi istiqamətində atdığı mühüm addımlardır: “Təhsil proseslərinin rəqəmsallaşması və distant təhsillə bağlı işlərə 2015-ci ildən başlanılıb: “2018-ci ildə sinxron və asinxron distant dərslərin tədrisi üçün nəzərdə tutulan UNEC EXTERN Mərkəzinin rəsmi olaraq açılışı həyata keçirilib. İlk distant dərslər Heydər Əliyev Fondu və Pekin Xarici Dillər Universiteti, eləcə də Konfutsi İnstitutunun dəstəyi ilə təşkil olunan çin dili kursları, həmçinin pilot layihə kimi qeyri ixtisas fənnlərinin sinxron olaraq distantı formada təşkili həyata keçirildi. Bu addım UNEC-in distant təhsilin inkişafı istiqamətində atdığı mühüm addımlardan biri idi.

Pandemiya dövründə əldə edilən təcrübə bu keçid prosesini daha da sürətləndirərək, universitetin hibrid və onlayn tədris sahəsində qabaqcıl mövqeyə gəlməsinə zəmin yaradıb.

UNEC rəqəmsal təhsil sahəsində dünya tendensiyalarını yaxından izləyir və ali təhsil sahəsində rəqəmsallaşma üzrə vacib yenilikləri tətbiq etməyə davam edir".

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov TNS-ə mövzu ilə bağlı açıqlamasında ali təhsil müəssisələrinin distant təhsillə bağlı problem yaşayacağını düşünmədiyini deyib: “Distant təhsillə bağlı pandemiya dönəmindən qalan təcrübə də var. Biz o zaman bununla bağı monitorinqlər aparırdıq. Əslində, ali təhsil müəssisələrində distant təhsil imkanları kifayət qədər genişdir. Müəllimlərin bu sahədə müəyyən təcrübəsi formalaşıb. Tələblərin həm telefonlardan, həm planşetlərdən və s. istifadə imkanı yüz faizdir. Yalnız internetlə bağlı, internetin keyfiyyəti ilə bağlı müəyyən sıxıntılar ola bilər. Bu dəfə distant təhsil müddət də elə çox deyil. Ona görə də bu və ya digər ciddi problemin yaşanacığnı zənn etmirəm. Əlbəttə ki, təhsilin bu forması ölkədə geniş yayılmasa da, qeyd etdiyim kimi, mövcud təcrübə bu formaya keçiddə öz müsbət təsirini göstərəcək”.

Geri qayıt