Əsas Səhifə > Manşet, Güney Press > Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldüBu gün, 14:10 |
Özünüməşğulluq proqramı çərçivəsində 21 baş xırdabuynuzlu heyvan alan Laçın rayonu, Katos kənd sakini Əbdül Nurqələm oğlu Abdullayev son günlər parlamentdə qalmaqallara səbəb olan problemdən birbaşa əziyyət çəkdiyini bildirib. "Özünüməşğulluq proqramı çərçivəsində mənə verilən heyvanlar səhəri gün xəstələndi. İki gün keçmədi ki, onlardan ikisi tələf oldu. Baytarlıq İdarəsindən gəlib heyvanları yardılar, ekspertiza apardılar. Məlum oldu ki, heyvanların ağciyəri xəstə imiş. Mənə dövlətin pulu ilə xəstə heyvanlar alıb verdilər. Ona görə də, mən digər heyvanları da geri qaytardım" - Əbdül Abdullayev Sputnik Azərbaycan-a açıqlamasında deyib. "Özünüməşğulluqla bağlı verdikləri heyvanlar tələf oldu" Həmsöhbətimiz deyir ki, heyvanlar ona verilərkən xəstə olub. Amma bu, baytarlıq sənədlərində öz əksini tapmayıb. "Mən, Abdullayev Əbdül Nurqələm oğlu, hazırda Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində yaşayıram. Həyat yoldaşım Abdullayeva Tünzalə Fizuli qızı iki ilə yaxındır mal-qara almaq üçün Dövlət Məşğulluq Agentliyinə müraciət edib. Bu ilin avqust ayının 29-da bizə zəng edərək bildirdilər ki, Şəki rayonunun mal bazarından heyvanlarınızı götürə bilərsiz. Biz heyvanları onlardan təhvil aldıq. Səhəri gün heyvanların 21-i də xəstələndi, iki baş heyvan tələf oldu. Sosial şəbəkə vasitəsi ilə cənab Prezidentə və Kənd Təsəsrrüfatı Nazirliyinə müraciət etdim. Dövlət Məşğulluq Agentliyinin nümayəndəsi gəldi, heyvanlara baxış keçirdi, heyvanların xəstə olduğunu təsdiqlədi. Dövlət Məşğulluq Agentliyinin işçiləri gəlib verdikləri heyvanları apardılar. Bizə isə bildirdilər ki, sizə sağlam heyvan verəcəyik. Bir neçə müddətdən sonra zəng etdilər ki, sizə sağlam heyvan gətirmişik. Bu dəfəki heyvanlar da qoca və xəstə idi. Biz bu heyvanlardan imtina etdik. Mən uzun illər kənd təsərrüfatı ilə, maldarlıqla, qoyunçuluqla məşğul olmuşam. Heyvanların sağlam olub-olmadığını üzünə baxanda bilirəm. Özünüməşğulluq üçün harda xəstə və qoca heyvan varsa, bizə onu təklif edirlər. Biz də bununla razılaşmırıq" - şikayətçi bildirib. Vətəndaş niyə təkrar aktivlərdən imtina edib? Ə.Abdullayev bildirib ki, özünüməşğulluq üçün təlimin son günü onun həyat yoldaşına heyvanların alınması ilə bağlı yüksək məbləğə imza atdırıblar. Amma bugünə qədər o sənəd ailəyə təqdim olunmayıb, gizlədilir. Dövlət Məşğulluq Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda Şəki rayonu, Çələbixan qəsəbəsi sakini Abdullayeva Tünzalə Fizuli qızının müraciətinin araşdırıldığı bildirildi. "Vətəndaş özünüməşğulluq proqramı iştirakçısıdır. 29.08.2024-cü il tarixdə "qoyunçuluq təsərrüfatı" zərfi üzrə aktivlərlə təmin olunub. 12.09.2024-cü il tarixində vətəndaş Məşğulluq Agentliyinin yerli filialına müraciət edərək heyvanlardan birinin tələf olduğunu bildirib və digər heyvanların da dəyişdirilməsini tələb edib. Tünzalə Abdullayevanın müraciəti əsasında sənədləri aidiyyəti üzrə baxılması üçün göndərilib. Vətəndaş bir neçə dəfə, sonuncu dəfə isə 04.10.2024-cü il tarixdə yeni aktivlərlə təmin olunmaq üçün paylanış prosesinə dəvət edilib. Tünzalə Abdullayeva hər dəfə heyvanları götürməkdən imtina edib. Vətəndaş növbəti aktiv paylama prosesinə dəvət ediləcək", qurumdan bildirilib. O da qeyd edilib ki, Tünzalə Abdullayevaya üç dəfə fərqli vaxtlarda aktiv aparılıb. Amma o, aktivləri götürməkdən imtina edib. Deputat haqlıdır, yoxsa nazir? Məlumat üçün bildirək ki, bu günlərdə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara bəzi hallarda xəstə heyvanların verildiyini bildirib. Amma deputatın fikri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tərəfindən sərt qarşılanıb. Nazir bildirib ki, bu məsələ ilə bağlı araşdırılmamış fikir bildirilməsin. "Özünüməşğulluq proqramı çərçivəsində təqdim edilən hər bir aktiv vətəndaş tərəfindən şəxsən qəbul edilərkən videoçəkiliş aparılır və proqrama qəbul edilən həmin şəxsin elektron kabinetinə yerləşdirilir. Vətəndaşa həmin aktivlə bağlı bütün sertifikat və müvafiq yoxlama, qiymətləndirmə aktları təqdim olunur. Bu, önəmli bir məsələdir. Əgər bu kənd təsərrüfatı aktividirsə, deməli Qida Təhlükəsizliyi Agentliyinin, baytarlıq sertifikatları, yoxlama, sağlamlıq arayışları orda olur. Əgər bunlar avadanlıqdırsa, istehsal, mənşə, mənbə sertifikatları orda olur" - Sahil Babayev bildirib. Sosial şəbəkələrdə isə özünüməşğulluq üçün verilən heyvanların cansız olduğunu, vətəndaşa verildikdən qısa müddət sonra tələf olduğuna dair çoxsaylı şikayət və görüntülər əks olunub. Ən çox problem kənd təsərrüfatı ilə bağlı verilən aktivlərdədir İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a bildirib ki, özünüməşğulluq proqramında aktivlərin verilməsi ilə bağlı əsas problem kənd təsərrüfatındadır: "Kənd təsərrüfatında özünüməşğulluq üçün təqdim olunan aktivlər ciddi narazılıqlar yaradır. Ona görə də kənd təsərrüfatı ilə bağlı aktivlərin verilməsində olan problemlər aradan qaldırılmalıdır". Cəfərli də təsdiqləyib ki, ailələrə iri və xırdabuynuzlu mal-qaranın verilməsində problemlər var. Ona görə də, dövlət proqramı vasitəsilə vətəndaşlara təqdim olunan heyvanların verimliliyi yoxlanılmalıdır. Bu heyvanların alındıqdan sonra yerli mühitə uyğunlaşması, sonradan yaranan problemlər öyrənilməlidir. Bunun üçün isə vətəndaşlarla birbaşa əlaqə yaratmaq lazımdır: "Əldə olunan nəticəni müzakirə etməkdənsə, bu nəticəni yaradan səbəblər öyrənilib aradan qaldırılmalıdır. Nəticələr nə qədər müzakirə olunsa da, bunu yaradan amillər aradan qalxmasa, müzakirə heç bir effekt verməyəcək. Özünüməşğulluq proqramını həyata keçirən qurum heyvanların alınması zamanı yol verilən çatışmazlıqları aradan qaldırmalıdır". Heyvanları alan şirkət və xərclənən pullar sirr saxlanılır Özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı ilə bağlı aktivlərin hansı şirkət tərəfindən alındığı, bu məqsədlə indiyədək nə qədər vəsait xərcləndiyi, bir xırda və iribuynuzlu heyvanın alınması ilə bağlı Dövlət Məşğulluq Xidmətinə ünvanladığımız suallar isə cavabsız qaldı. Qurumun Mətbuat Xidməti suallarımıza cavab vermədi. Bu isə heyvanların alınmasının hansı şirkət tərəfindən həyata keçirildiyi, eləcə də xərclənən pullarla bağlı şübhələri artırır. Dövlət Məşğulluq Agentliyindən yalnız onu bildirdilər ki, aktivlərin alınması üçün qanunvericiliyə uyğun tender keçirilir və qalib şirkətlə müqavilə bağlanır. Tenderin harada, nə vaxt keçirildiyi, qalibin (yaxud, qaliblərin) kim olduğu isə ictimaiyyət üçün sirr kimi saxlanılır. Geri qayıt |