Əsas Səhifə > Ölkə > “ƏVƏZ ZEYNALLI SİYASİ MƏHBUSDUR”

“ƏVƏZ ZEYNALLI SİYASİ MƏHBUSDUR”


3-11-2011, 13:30
“ƏVƏZ ZEYNALLI SİYASİ MƏHBUSDUR”

BAŞ REDAKTORA QARŞI DAHA KİMLƏR İDDİA QALDIRIB?

“Xural” qəzetinin təsisçisi və redaktoru Əvəz Zeynallı siyasi məhbusdur. Bunu vəkil Elçin Sadıqov “Obyektiv TV” (obyektiv.tv) telekanalına müsahibəsində deyib.

Onun fikrincə, oktyabrın 28-də həbs olunmuş jurnalistə psixoloji və mənəvi təzyiqlər ötən ilin sonunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dövlətin faktiki rəhbəri olması haqda məqalədən sonra başlayıb. Bundan dərhal sonra bir neçə məmur şərəf və ləyaqətin qorunması barədə iddia qaldırıblar.

Oktyabrın 17-də Ə.Zeynallı öz məqaləsində prezidenti ölkənin dövlət müstəqilliyində maraqlı olmamaqda ittiham etdikdən sonra təzyiqlər artıb. İki gündən sonra, oktyabrın 19-da Nərimanov Rayon Məhkəmə icraçıları qəzetin əmlakını siyahıya alıblar və həmin gün onun 9 kompüteri, iş stolları, stullar, iki qızdırıcı peç, hətta divar portretləri müsadirə olunub. Əmlakın həbsi Ramiz Mehdiyevin xeyrinə cərimə ödənişi (10 min manat) kimi həyata keçirilib.

Lakin oktyabrın 20-də “Xural”da dövlət başçısını kəskin tənqid edən daha bir məqalə çap olunub. Görünür, bundan sonra hakimiyyət başa düşüb ki, Ə.Zeynallı düzələn deyil.

Oktyabrın 28-də o, CM-in 311-ci maddəsi ilə ittiham olunaraq deputat Gülər Əhmədovadan pul almaq cəhdinə görə həbs edilib. Çoxsaylı adamların şahidliyi ilə bu xanım uzun müddət redaktoru dilə tutmağa çalışıb ki, üzüyola olmaq, “prezidentin komandasına işləmək” lazımdır. Lakin Ə.Zeynallı onun zənglərinə cavab verməyib, onunla deputat arasında vasitəçilərin sözlərinə məhəl qoymayıb.

Vəkilin fikrincə, ittiham tərəfinin Ə.Zeynallının cinayəti ilə bağlı sübutu yoxdur. Sonuncu təxribat olduğunu hiss edərək onunla görüşməyə can atan G.Əhmədova ilə əlaqə yaratmayıb.

Vəkil bildirib ki, artıq Apellyasiya Məhkəməsinə şikayət verilib. İmtina olarsa, Ə.Zeynallı Avropa məhkəməsinə müraciət edəcək.

Geri qayıt