Əsas Səhifə > Ölkə > RABİTƏ NAZİRLİYİNDƏ SAXTA DİPLOMLU APARAT RƏHBƏRİ
RABİTƏ NAZİRLİYİNDƏ SAXTA DİPLOMLU APARAT RƏHBƏRİ6-10-2012, 12:37 |
ƏLİ ABBASOV HARA BAXIR? Hələ bir müddət əvvəl mətbuat səhifələrində Səngəçalda yeni qəsəbənin salınması barədə məlumatlar dərc olunmuşdu. Bu məlumatlarda marağımıza səbəb olan məqamlardan biri həmin qəsəbədə inşa olunmuş villaların yalnız son dərəcə zəngin sayıla biləcək məmur və iş adamları üçün nəzərdə tutulduğunun israrla vurğulanması idi. Həm də bu iddianın təsdiqi kimi materiallardan birində belə bir cümlə diqqətə gətirilmişdi: “Burada hətta məmurların ən “xırdası” hesab oluna biləcək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun da villası var”. Əlbəttə, müxtəlif mənbələrin ölçü etalonları da müxtəlif ola bilər. Hər halda bu gün V.Zeynalovun əməkdaşı olduğu nazirlik daxilində tutduğu mövqeyi, malik olduğu imtiyazlar və irəli atdığı iddialar onun çapının heç də ən kiçik olmadığından xəbər verir. Əldə etdiyimiz məlumatlarda nazirliyin aparat rəhbərinin “imtiyazları” ilk növbədə dövlət vəsaitləri ilə maxinasiyaların həyata keçirilməsi imkanına malik olması ilə səciyyələndirilir. Bildirilir ki, V.Zeynalovun tam nəzarətində fəaliyyət göstərən “PEZ poçt və turizm” özəl müəssisəsi də məhz bu maxinasiyaları reallaşdıracaq bir mexanizm kimi yaradılmışdır. Adını aparat rəhbərinin qohumları və ya ailə üzvləri olan şəxslərin adlarındakı baş hərflərin kombinasiyasından almış bu qurumun 20-25 nəfər civarında əməkdaşı olduğu iddia olunur. Məlumatlarda həm də göstərilir ki, bu müəssisənin maliyyələşdirilməsi tamamilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə ayrılan vəsaitlərin hesabına həyata keçirilir. Müəssisənin konkret funksiyaları isə faktiki olaraq bilavasitə nazirliyin tərkibində dövlət statusunda fəaliyyət göstərən digər qurumlar tərəfindən icra olunur. Bundan başqa GUNDEMINFO.AZ-a təqdim olunan materiallarda V.Zeynalovun iş kabinetinin arxasında yerləşən istirahət otağının ölçüləri və dəbdəbəsi də bu məmurun xüsusi imtiyazlarının göstəricisi kimi önə çəkilir. Digər tərəfdən isə aparat rəhbərinin məsul dövlət vəzifəsi tutduğuna rəğmən ona qarşı ali təhsil haqda saxta dioplom almağına dair irəli sürülən ittihamlar da V.Zeynalovun iddialılığından xəbər verir. Belə ki, mətbuat səhifələrində bu barədə yayımlanan məlumatlarda məlum şəxs tərəfindən 2008-2009-cu illərdə saxta yollarla doktoranturaya qəbul edilmiş bəzi məmur və iş adamlarının adlarından tərtib edilmiş siyahı əks olunurdu. Həmin siyahıda da beşinci mövqe məhz: “5. Zeynalov Vidadi Zeynal oğlu (19.01.2009-cu ildə qəbul edilib) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbəridir” kimi tərtib olunmuşdu. Bununla belə saxtakarlıqda ittiham olunan məmurun ən azından hələ də hər hansı araşdırmalara cəlb olunmaması yenə də onun “böyük çapına” işarədir. Bu arada isə dolayısı ilə də olsa, həmçinin V.Zeynalovun maraqlarına təsir göstərə biləcək daha bir xəbərin aqibəti yenidən xatırlanmaqdadır. Bir neçə ay əvvəl bəzi müzakirələrə səbəb olmuş məlumat Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis müavini təyin edilməsi ilə bağlı oldu. Özəl mənbələrə istinadən eksklüziv olaraq xəbər verilirdi ki, bu posta Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Vahid Zeynalov təyin olunub. Həm də invormasiya vasitələrində vurğulanırdı ki, Vahid Zeynalov Rabitə və İnformasiyaları Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun qardaşıdır və uzun müddətdir ki, MTN-də məsul vəzifələrdə çalışıb. Az sonra isə yeni təyinat barədə xəbərlər təkzib olundu. Vahid Zeynalovun isə əvvəlki vəzifəsində fəaliyyətini davam etdirdiyi bildirilidi. Bu gün isə bəzi mənbələr məhz Vidadi Zeynalovun fəaliyyətində yer almış ciddi korrupsiya əməllərini sözü gedən təyinatın baş tutmamasına əsas səbəb kimi göstərirlər. “PEZ poçt və turizm” müəssisəsinin fəaliyyətinə gəlincə isə, mənbələr bu yaxınlarda bizə bu haqda daha ətraflı məlumatlar təqdim edəcəklərini bildiriblər. Geri qayıt |