Əsas Səhifə > Ölkə > HİDAYƏT ORUCOV TÜRKİYƏDƏN ŞİKAYƏTLƏNİR
HİDAYƏT ORUCOV TÜRKİYƏDƏN ŞİKAYƏTLƏNİR4-11-2011, 12:07 |
“MÜƏYYƏN QRUPLAR İDDİA EDİRLƏR Kİ, AZƏRBAYCANDA TÜRK MƏSCİDİ BAĞLANILIB” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının beş dövlət orqanını təmsil edən rəhbər işçilərdən ibarət nümayəndə heyətini qəbul edib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, H. Orucov qardaş ölkələr arasında bütün sahələr üzrə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu bildirib. Azərbaycanın da qardaş Türkiyə kimi dünyəvi dövlət olduğunu diqqətə çatdıran Hidayət Orucov qeyd edib ki, dünyanın inkişaf etmiş əksər ölkələrində dinin saflığının qorunması, siyasiləşməməsi üçün məhz bu ideal model seçilib. Komitə sədri Türkiyə mətbuatında bəzən Azərbaycanın din sahəsi ilə bağlı heç bir fakta əsaslanmayan məlumatların yer almasından, müəyyən dairələrin sifarişlərini yerinə yetirən bir qrup şəxsin guya Azərbaycanda dini etiqad azadlığının pozulduğu iddiası ilə piketlər keçirməsindən narahatlığını deyib: “Müəyyən qruplar iddia edirlər ki, Azərbaycanda türk məscidi bağlanılıb. Əvvəla, məscid Allahın evidir və onu “Türk camesi”, “Azərbaycan camesi” və s. kimi təsnifləndirmək doğru deyil. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qardaş Türkiyə Azərbaycanda 23 məscid tikib və onlardan 22-si bu günədək fəaliyyət göstərir. Yalnız bir məscid təmir üçün müvəqqəti olaraq qapalıdır. Yaxud bir qrup əsassız olaraq Azərbaycanda hicabın qadağan olunduğunu iddia edir. Birmənalı şəkildə bildirirəm ki, Azərbaycanda hicab qadağan olunmayıb. Bütün dünyəvi dövlətlərdə, o cümlədən Türkiyədə olduğu kimi, Azərbaycanın orta ümumtəhsil məktəblərində də qanunvericiliyə uyğun olaraq vahid məktəbli forması tətbiq edilir. Bunu isə etiqad azadlığının pozulması kimi qələmə vermək absurddur. Təbii ki, biz onların kim olduqlarını, hansı dairələr tərəfindən idarə edildiklərini yaxşı bilirik. Çox istərdim ki, həm səfər çərçivəsində, həm də Türkiyəyə qayıtdıqdan sonra Azərbaycan gerçəkliklərini dərindən öyrənərək yeri düşdükcə bu kimi əsassız fikirlərə münasibət bildirəsiniz”. Nümayəndə heyətinin rəhbəri, Türkiyə Respublikası Dövlət Kadrlar İdarəsinin təhsil şöbəsinin başqanı Əkrəm Kuru Azərbaycanın inkişafından, dünyanın siyasi arenasında qazandığı uğurlarından qürur duyduqlarını bildirib. Əkrəm Kuru Azərbaycanın başda Dağlıq Qarabağ problemi olmaqla, bütün problemlərini Türkiyənin problemi kimi qəbul etdiklərini deyib. Nümayəndə heyətinin rəhbəri xüsusilə vurğulayıb ki, bəzi dairələrin Azərbaycan əleyhinə çıxışlar etməsi Türkiyəni də narahat edir. Ancaq həmin kiçik qrupların ifadə etdiyi fikirlər ümumilikdə türk xalqının fikirləri deyildir. Belə kiçik dairələr Türkiyə ilə Azərbaycanın qardaşlığına qətiyyən xələl gətirə bilməzlər. Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb. Geri qayıt |