Əsas Səhifə > Partiya > NAXÇIVANDA FÖVQƏLADƏ VƏZİYYƏT YARANIB

NAXÇIVANDA FÖVQƏLADƏ VƏZİYYƏT YARANIB


30-11-2012, 10:02
NAXÇIVANDA FÖVQƏLADƏ VƏZİYYƏT YARANIB
YERLİ FƏALLARA QARŞI YENİ REPRESSİYA DALĞASI

Naxçıvanda fəaliyyət göstərən Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi muxtar respublikada siyasi fəallara qarşı təzyiqlərin artdığını bəyan edib. “Turan”ın məlumatına görə, bəyanatda deyilir: “Son vaxtlar Naxçıvan Muxtar Respublikasında yerli hakimiyyətin ictimai-siyasi fəallara təzyiqləri artıb. Onların özləri və ailə üzvləri izlənir. Fəalların mobil telefonlarına təhdidedici mesajlar göndərilir, onlar sosial şəbəkələrdə təhqir olunur, qara piara məruz qalırlar. Jurnalistlərin və hüquq müdafiəçilərinin kompüterlərinə başqa İP ünvanlarından müdaxilələr edilir, kompüterləri və elektron poçtları izlənir.

Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzində fəaliyyət gostərən hüquq müdafiəçiləri Məlahət Nəsibova, Elman Abbasov, İlqar Nəsibov və onların ailə üzvlərini naməlum şəxslər təqib və təhdid edir. Milli təhlükəsizlik orqanı əməkdaşları Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzinin texniki imkanlarından və hüquq müdafiəçilərinin təmənnasız xidmətlərindən istifadə edən şəxsləri hədələyir.

Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi bəyan edir ki, ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq hüququnu təmin etməyə borclu olan hüquq mühafizə orqanları bu hərəkətlərə təcili son qoymalı, vətəndaşların təhlükəsizliyini təmin etməli və günahkarları aşkar edib cəzalandırmalıdır. Əks təqdirdə baş verə biləcək xoşagəlməz hadisələrin məsuliyyəti hüquq mühafizə orqanlarının üzərində qalacaq”.

Geri qayıt