Əsas Səhifə > Ölkə, Manşet > AĞSU RAYONU BİR TAYFANIN ƏSARƏTİ ALTINA VERİLİB
AĞSU RAYONU BİR TAYFANIN ƏSARƏTİ ALTINA VERİLİB15-01-2013, 10:51 |
SEYİDƏLİYEV-MÜSLÜMOV KLANININ İŞLƏKLƏRİ DİA.AZ: - Ötən günlərdə Ağsu rayonu və onun rəhbərliyi haqda yazı dərc etmişdik. Mövzu ilə bağlı araşdırmalarımızda yeni faktlara rast gəldik. Bu rayonun problemləri təəssüflər olsun ki, həqiqətən də son dərəcə kritik həddə çatmaq üzrədir. Götürək elə ötən ilin mart ayında taxıl əkininə görə subsidiyaların verilməsi, daha doğrusu verilməməsi ətrafında yaşanmış qalmaqalları. Xatırlatmaq istərdik ki, hələ o zaman DİA.AZ-a Ağsu sakinləri tərəfindən təqdim olunan məlumatlarda bildirilirdi ki, ayrılmış vəsait rayon rəhbərliyi tərəfindən həyata keçirilmiş maxinasiyalar nəticəsində mənimsənilmişdir. Sakinlər öz ərizələrində vəziyyəti belə təsvir edirdilər: "Sentyabr ayında taxıl əmişik. Kənd Təsərrüfatı Nazirliyi fermerlərə əkilən hər bir hektar taxıla görə 40 manat subsidiya ayırıb. Hər il, gec də olsa, subsidiyalar verilirdi. Bu il də Maliyyə Nazirliyi həmin kompensasiyaları köçürüb. Lakin rayonda subsidiyalar yoxa çıxıb. Kompensasiyalar qonşu rayonlarda artıq fermerlərə verilsə də, Ağsuda bu kompensasiyalardan hələ də xəbər yoxdur. Ümidlərimiz bu pula idi. Həmin pullar da müəmmalı halda mənimsənilib. Milləti ayağa qalxmağa vadar edirlər. Rayonda, kəndlərdə iş yerləri yoxdur ki, gedək işləyək. Tikinti-quruculuq adı ilə rayonda bir neçə şəxsi obyektlər tikirlər ki, bunun da camaata heç bir xeyri yoxdur. Alacağımız pensiya və subsidiyalardır, bu pulları da bu cür mənimsəyirlər". Əlbəttə ki, rayonda baş vermiş bu özbaşnalığa görə məsuliyyət daşımalı olan vəzifəli şəxslərdən heç kim cəzalandırılmadı. Bu isə təbii olaraq yeni qanun pozuntularına rəvac vermiş oldu. Bu gün də yerli hakimiyyət orqanları tərəfindən törədilən özbaşınalıqlar rayon ictimaiyyətinin narazılığını getdikcə artırmaqdadır. Yaydığımız məlumatlarda biz dəfələrlə bu məsələyə toxunaraq Ağsu sakinləri tərəfindən redaksiyamıza ünvanlanmış çoxsaylı şikayət məktublara istinad etmişdik. Həmin məlumatlarda da təsdiq olunur ki, rayonda adi hal olmuş ciddi qanun pozuntularının baş verməsinə görə bütün məsuliyyəti Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev şəxsən özü daşıyır. Məlum olduğu kmi rayonun bütün məsul rəhbər vəzifələri də məhz Ənvər Seyidəliyevin qohumları və həmkəndliləri arasında bölüşdürülmüşdür. Biz bu faktı da dəfələrlə qeyd etmişdik ki, Ə.Seyidəliyev Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun doğma dayısıdır. İcra başçısı isə bu faktdan məharətlə yararlana bilir. Ənvər Seyidəliyev rayonda yeritdiyi kadr siyasəti ilə belə bir əminlik yaratmaq istəyir ki, Ağsuda onun özünün doğulduğu Pirhəsənli kəndindən başqa kəndlərin əhalisinin hansısa işdə işləmək, vəzifə tutmaq hüququ yoxdur. Bu fikir də məhz rayon sakinləri tərəfindən bizə ünvanlanmış məktublarda dəfələrlə və xüsusi olaraq vurğulanıb. S.Müslümov və Ə.Seyidəliyevin qohumları isə vəziyyətdən sui-istifadə edərək rayonda əməlli-başlı ağalıq edirlər. Bu şəxslərin sahib olduqları vəzifələrin siyahısını təkrar diqqətinizə çatdırmaqla biz Ağsunun həqiqətən də tayfa işğalına məruz qaldığını bir daha göstərmək istəyirik. Belə ki, "Kapitalbank"ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin doğma qardaşıdır. Səlim Müslümovun bibisinin əri isə Ağsu rayon əmək və əhalinin sosial müdafiəsi mərkəzinin rəisidir. Rayonun maliyyə şöbəsinin müdiri Radim Müslümov isə Səlim Müslümovun qardaşıdır. Ağsu bazarı RİH başçısının başqa bir qohumu Varis Nəzərovun nəzarətindədir. Ənvər Seyidəliyevin qardaşı Fazil Seyidəliyev Ağsu rayon polis şöbəsinin rəis müavinidir. Ağsu kommunal təsərrüfat birliyinin rəisi də icra başçısının başqa bir yaxın qohumudur. Beləliklə də qarşılıqlı sığortalanmalarını təmin etmiş məmurlar rayon sakinlərinin şikayət edə biləcəkləri bir instansiyanı belə nəzarətsiz qoymamışlar. Ölkə rəhbərliyinə isə Ağsudakı vəziyyət barədə dezinformasiya xarkterli məruzələr təqdim olunur. Ə.Seyidəliyevin rayonda yeritdiyi bu yolverilməz siyasət isə artıq Ağsuda intihar hallarına da yol açmışdır. Hətta yeni il ərəfəsində sakinlərin kütləvi etiraz aksiyalarına başlayacaqları barədə məlumat almış İcra başçısı yeganə çıxış yolu kimi gizlənməyi seçmişdi. Bir müddət gözə görünməmək qərarına gəlmiş Ə.Seyidəliyev yaxınları vasitəsilə Ağsunu tərk etməsi barədə rayonda məlumatın yayılmasını da təşkil etmişdi. Mövzunu davam etdirəcəyik Geri qayıt |